Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub
28 Noyabr 2015 14:03 SiyasətNoyabrın 28-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub.
AZƏRTAC bildirir ki, dövlət başçıları görüşdə çıxış etdilər.
Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
----------
13:38
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 28-də Minskdə "Müstəqillik sarayı"nda rəsmi qarşılanma mərasimi olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycanın və Belarusun dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Belarusun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus Prezidenti Aleksandr Lukaşenkoya təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər.
----------
13:12
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Belarus Dövlət Böyük Vətən Müharibəsi Tarixi Muzeyi ilə tanış olub.
AZƏRTAC bildirir ki, Azərbaycan Prezidentinə muzey haqqında ətraflı məlumat verildi. Bildirildi ki, muzey Böyük Vətən Müharibəsində qələbə uğrunda canlarından keçmiş insanların xatirəsinə yaradılıb. Bu muzey 1944-cü il oktyabrın 22-dən Minskdəki Azadlıq meydanında müharibə illərində ziyan görməmiş Həmkarlar evində fəaliyyətə başlayıb. Ötən il isə hazırda muzeyin yerləşdiyi yeni Memorial Kompleksin açılışı olub. Burada Böyük Vətən Müharibəsi illərində istifadə olunan silah-sursat, texnika və digər maraqlı eksponatlar sərgilənir.
Muzeydə Böyük Vətən Müharibəsi illərinin hərb tarixinə aid çox dəyərli eksponatlar saxlanılır. Ümumilikdə 10 ekspozisiya zalı və 4200 kvadratmetr sahəni əhatə edən muzeydə 8 mindən çox ekspozisiya materialı var. Fondu 28 kolleksiya və 144 mindən çox müxtəlif əşyalardan, o cümlədən foto, sənəd, məktub və Böyük Vətən Müharibəsi iştirakçılarının şəxsi əşyalarından ibarət olan muzey daimi olaraq yeni eksponatlarla zənginləşdirilir. "Partizanların əlyazma jurnalları" və "Əldəqayırma partizan silahı" kolleksiyaları birinci dərəcəli tarixi-mədəni dəyərə malikdir.
Bölmələrin birində müharibənin başlanması, Belarus ərazisində ilk müdafiə, o cümlədən Smolensk və Moskva döyüşləri barədə məlumat verilir. Brest qalası müdafiəçilərinin qəhrəmanlığı ziyarətçilərə xüsusi instalyasiya vasitəsilə təqdim olunur. Muzeydə faşizm üzərində ümumi qələbənin qazanılmasında və Belarusun faşist işğalçılarından azad olunmasında Azərbaycan xalqının qəhrəman oğullarının böyük şücaətini əks etdirən eksponatlar nümayiş etdirilir. Brest qalasının müdafiəsi zamanı da azərbaycanlılar qəhrəmanlıqları ilə seçiliblər.
Muzeydə nasist Almaniyasının Belarus ərazisində yaratdığı ölüm düşərgələri, həmçinin digər həbsxanalarla bağlı maraqlı eksponatlar sərgilənir. Məlumata görə, Belarusda hitlerçilər 260-dan çox ölüm düşərgəsi və insanları kütləvi məhvetmə məntəqəsi yaradıblar. Bu faşist düşərgələrində sovet xalqlarının digər nümayəndələri ilə yanaşı, 30 azərbaycanlı hərbiçi də qətlə yetirilib.
"Belarusda partizan hərəkatı və antifaşist gizli mübarizəsi" adlanan zal maraqlı dizaynı ilə seçilir. Almanların Belarusu işğal etdiyi dövrdə burada partizan hərəkatının Mərkəzi və Belarus qərargahları yaradılıb. Muzeydə Belarusdakı partizan hərəkatında iştirak edən azərbaycanlıların göstərdikləri şücaətlər barədə də ətraflı məlumat verilir. Həmyerlilərimiz Ələkbər Əliyev və Məmməd Məmmədov partizan hərəkatında xüsusi qəhrəmanlıqlar göstəriblər. Muzeydə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin şücaəti haqqında da məlumat verilir. Hazırda Minskdə onun adını daşıyan küçə var.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin bu muzeylə tanışlığından bəhs edən fotoşəkillərə baxdı. Ümummilli Lider 1978-ci il dekabrın 27-də Belarus SSR-in və Kommunist Partiyasının yaradılmasının 60 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində rəsmi nümayəndə heyətinin rəhbəri kimi, bu muzeydə olub və xatirə kitabına ürək sözlərini yazıb.
Ulu Öndərin muzeylə tanışlığını əks etdirən fotoşəkillər dövlətimizin başçısına hədiyyə olundu.
Muzeydəki "Qələbə" zalında Azərbaycanın səkkiz qəhrəman oğlunun - Sovet İttifaqı qəhrəmanlarının adları qızıl hərflərlə həkk olunub. Onlar Belarusun işğaldan azad olunmasında mərdlik və qəhrəmanlıq göstəriblər. Onların arasında iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun da adı var. O, Smorqon şəhərinin fəxri vətəndaşı adına layiq görülüb, Vileyka şəhərində şərəfinə abidə ucaldılıb. Hər iki şəhərdə Həzi Aslanovun adını daşıyan küçələr var. Muzeydə Həzi Aslanovla bağlı kitablar da sərgilənir.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazdı.
Sonda xatirə şəkli çəkdirildi.
--------
11:51
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 28-də Minsk şəhərindəki "Qələbə" meydanında 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin şərəfinə ucaldılmış abidəni ziyarət edib.
AZƏRTAC-a istinadən bildirir ki, meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.
Azərbaycanın və Belarusun dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçdi.
------------
00:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Belarusa rəsmi səfərə gəlib.
AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək və gül dəstəsi təqdim etdilər.
Azərbaycan Prezidentini Belarusun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.