Türkiyə XİN rəhbərindən Bakıda önəmli mesajlar
Mövlud Çavuşoğlu: “Qarabağ məsələsində Azərbaycanın yanındayıq”
27 Noyabr 2015 18:00 SiyasətAzərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. İkitərəfli və geniştərkibli keçirilən görüşdə Azərbaycanla Türkiyə arasındakı münasibətlər, Dağlıq Qarabağ münaqişəsi, bu istiqamətdə aparılan danışıqların son durumu barədə danışlıb. Görüşdən sonra XİN rəıhbərləri mətbuat nümayəndələri üçün brifinq keçirib.
Türkiyənin xarici işlər naziri hər zaman hökumət qurulduqdan sonra ilk xarici rəsmi səfərlərini Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycana etdiklərini xatırladıb. O, Azərbaycanla Türkiyə arasında hər sahədə münasibətlərin mükəmməl səviyyədə olduğunu vurğulayıb. Türkiyəli nazir Bakı-Tiflis-Qars layihəsi barədə də danışıb. Bildirib ki, layihə tezliklə uğurla həyata keçiriləcək: "Türkiyədə layihəni icra edən şirkətin hüquqi problemi səbəbindən gecikmə oldu. Qısa vaxtda bunu da tamamlayacağıq. Tək hədəfimiz Bakı-Tiflis-Qars deyil. Çinə qədər olan xətdə Azərbaycan böyük rol oynayacaq. Üçlü əməkdaşlıq mexanizmlərini də uğurla davam etdirəcəyik. Türkiyə-Azərbaycan-Türkmənistan görüşü oktyabrda baş tutmadı, amma 2016-cı ildə baş tutacaq". "Bizim hər mövzuda Azərbaycanın yanında olduğumuzu Azərbaycan bilir". Deyən Mövlud Çavuşoğlu qeyd edib ki, xüsusilə Qarabağ məsələsində və Azərbaycanın işğal olunmuş torpaqları məsələsində Azərbaycanın yanındayıq: "Yeni gələn təkliflərin Minsk Qrupunun təklifi kimi rəsmiləşməsini arzu edirik. Biz həmişə bu prosesə konstruktiv şəkildə dəstək veririk. Minsk Qrupunun daha fəal olması üçün konstruktiv şəkildə tənqid edərək bu işə töhfə verməyə çalışırıq".
Azərbaycanlı həmkarı ilə görüşdən əvvəl isə Türkiyənin xarici işlər naziri prezident İlham Əliyevlə görüşüb. Dövlət başçısı Türkiyə XİN rəhbərinin ilk səfərini Azərbaycana etməsindən məmnunluğunu bildirib. Qeyd edib ki, bu ənənə artıq neçə ildir ki, yaşayır: "Həm dövlət, hökumət başçıları, həm nazirlər seçkilərdən sonra ilk səfəri qardaş ölkəyə edirlər. Fürsətdən istifadə edərək, Sizi bu yaxınlarda Antalyada uğurla keçirilmiş G20 Zirvə görüşü münasibətilə təbrik etmək istəyirəm. Bu, Türkiyənin çox böyük uğurudur. Türkiyə bir daha nümayiş etdirdi ki, böyük dövlətdir, böyük gücə malik olan bir dövlətdir. Şadam ki, qardaş ölkə Azərbaycanı bu toplantıya dəvət etdi. Bu, bir daha Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olduğunu nümayiş etdirir və həm bizim xalqlara, həm dünyaya göstərir ki, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir". Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu vurğulayan prezident ölkələrimizin bütün istiqamətlərdə uğurla əməkdaşlıq etdiyini bildirib. Görüş zamanı İlham Əliyev Türkiyə ilə Rusiya arasında münasibətlərdə yaranmış gərginliyə toxunaraq qeyd edib ki, Azərbaycan hər iki ölkə ilə tarixən sıx əlaqələrə malikdir və bu gərginlikdən təəssüf və narahatlıq hissi keçirir. Prezident bildirib ki, Azərbaycan tərəfi Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır.
Qeyd edək ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbərini baş nazir Artur Rasizadə də qəbul edib.