Dünya Azərbaycanın haqqı ilə barışmaq məcburiyyətindədir
27 Noyabr 2015 15:20 SiyasətGərginləşən Türkiyə-Rusiya münasibətləri fonunda işğalçı Ermənistan da yaranmış vəziyyətdən yararlanmağa cəhd edir. Son günlər cəbhə xəttində atəşkəsi intensiv şəkildə pozan düşmən tərəf Türkiyənin başının Rusiyaya qarışmasından faydalanmaq, bununla da Azərbaycana təzyiq göstərmək istəyir. Bu ərəfədə Azərbaycan və Ermənistan prezidentlərinin yaxın vaxtlarda Parisdə görüşəcəyi barədə də xəbərlər gündəmə gəlib. Bir çoxları dövlət başçılarının Paris görüşündən hansısa nəticənin əldə ediləcəyinə ümid etsə də, lakin bunun əksini söyləyənlər də var.
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma xanım güman edir ki, prezidentlərin növbəti görüşündə "Madrid prinsipləri" yenidən müzakirə olunacaq. Fatma Əliyeva qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan prezidentinin tutuduğu qətiyyətli mövqeyi, siyasəti, Azərbaycan dövlətinin güclənməsi, rəsmi Bakının beynəlxalq aləmdə nüfuzu, Ermənistanda isə iqtisadi fəlakətlərin davam etməsi, əhalinin Sarkisyan hakimiyyətinə qarşı üsyanı artıq ATƏT-in Minsk qrupunu da münaqişənin həllində ədalətli mövqe tutmasına yönəldib: "Belə olmasaydı, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana son səfərindən sonra Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azәrbaycanın nәzarәtinә qaytarılmalı olduğunu vurğulamazdı. Uorlikin hәllin digәr vacib elementinin Dağlıq Qarabağın statusunun müәyyәnlәşdirilməsi olacağını deməsi də, "Madrid prinsipləri"nin yenidən müzakirə olunacağı deməkdir".
Xatırladaq ki, "Madrid prinsipləri" adlı təkliflər zərfində Azərbaycanın maraqlarına cavab verən məqamlar az deyil. Lakin adıçəkilən təkliflərdə qeyri-müəyyən məqamlar da mövcuddur və bu da tərəflərə manipulyasiya üçün imkan verə bilər, yəni o prinsiplər indi təqdim olunan kimi qəbul edilərsə, bu, tərəflərin həmin prinsipləri öz xeyrinə təqdim etmək imkanı yaradır.
Partiya sədri onu da əlavə edib ki, bu gün Azərbaycan əsgəri torpaqlarımızı işğalçılardan təmizləmək üçün döyüşə mənəvi-pisxoloji cəhətdən tam hazırdır: " Bu çox vacib şərtdir. Tarix boyu dəfələrlə sınaqdan çıxıb ki, mənəvi-pisxoloji durumu yerində olan orduda qalibiyyət əhval-ruhiyyəsı hökm sürür. Bu reallığı yaradan əsəs səbəb isə heç şübhəsiz ki, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin orduya göstərdiyi xüsusi diqqət və qayğıdır. Ermənistan isə iqtisadi cəhətdən iflic vəziyyətə düşüb. Ermənistan hakimiyyəti bu ölkəni uzun illər özünə gələ bilməyəcək dərəcədə bərbad duruma salıb. Fakt odur ki, işğalçı ölkə bütün parametrlər üzrə Azərbayacana uduzur və indi biz bu üstünlüyümüzü daha qabarıq şəkildə göstərə bilirik. Buna görə də Sarkisyan hakimiyyətinin bütün gücü tükənib. Bu Azərbaycan prezidentinin qətiyyətinin göstəricisidir. Bu günlərdə prezident İlham Əliyevin Türkiyədə keçirilən "Böyük İyirmiliyin" Sammitində çıxışı da Ermənistan və onu himayə edən dövlətlərə mesaj oldu. Prezident dövlət başçılarının diqqətini dünyanın bir nömrəli beynəlxalq təşkilatının qəbul etdiyi qərarlara Ermənistan tərəfindən əməl olunmaması faktına cəlb edib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın
ərazi bütövlüyü əsasında həll olunmalıdır". Rəsmi Bakı özünün ərazi bütövlüyünün təminatında bütün vasitələrdən istifadə edəcək. Ona görə də, prezidentlərin növbəti görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin ola biləcəyi ehtimal edilir. Artıq dünya Azərbaycanın haqqı ilə barışmaq məcburiyyətindədir".
Süleyman