Deputatlarımız MDB PA-nın tədbirinə qatılacaqlar
26 Noyabr 2015 11:52 SiyasətMilli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputat Rasim Musabəyov və Milli Məclis Sədrinin köməkçisi, MDB PA-da Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov MDB Parlament Assambleyasının tədbirlərində iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə səfərə yola düşüblər. MM-dən verilən məlumata görə, Qurumun Şura iclasında bir sıra aktual məsələlərə baxılacaq. MDB PA-nın Sosial siyasət və insan hüquqları, eləcə də İqtisadiyyat və maliyyə üzrə daimi komissiyalarının iclaslarında müxtəlif sahələrdə əməkdaşlığa dair məsələlər, o cümlədən beynəlxalq miqrasiyanın problemləri və bu sahədə əməkdaşlığın perspektivləri, tibbi sığorta, xarici ticarətin dövlət tənzimlənməsi kimi model qanunlar ciddi müzakirə olunacaq. Qurumun 43-cü Plenar iclasında model qanunlar zərfi müzakirəyə çıxarılacaq. Azərbaycan parlamentinin nümayəndələri müzakirələrdə yaxından iştirak edəcək, məsələlərə münasibətdə ölkəmizin mənafeyi baxımından mövqe bildirəcəklər. Səfər noyabrın 27-də başa çatacaq.