Azərbaycanın Sərsəng harayı nəhayət ki, eşidildi

Elxan Süleymanov: “Bu sənəd Ermənistanın işğalçı siyasətinin mahiyyətini bir daha təsdiqləyir”

Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu xarici siyasət kursu zaman-zaman ölkəmizin diplomatik nailiyyətlər əldə etməsinə səbəb olur. Bir müddət əvvəl Avropa Şurası Parlament Assambleyasında Ermənistanın işğalçılıq siyasətini özündə əks etdirən məruzənin müzakirəyə çıxarılmasından sonra bu günlərdə Azərbaycan üzvü olduğu bu qurum çərçivəsində daha bir uğura imza atdı. Belə ki, bir neçə illik məqsədyönlü fəaliyətin nəticəsi olaraq Azərbaycan AŞPA-nın Sosial Məsələlər Komitəsində Sərsəng su anbarına dair qətnamənin qəbuluna nail oldu. Belə bir qətnamənin qəbul edilməsində Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanovun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Məlumat üçün qeyd edək ki, AŞPA Sosial Məsələlər Komitəsinin 23 noyabr 2015-ci ildə Parisdə keçirilən iclasında Milisa Markoviçin "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" məruzəsi müzakirə edilərək qəbul edilib. Müzakirələrin gərgin keçdiyini deyən millət vəkili Elxan Süleymanov bildirib ki, müzakirələr zamanı Ermənistan nümayəndə heyətinin üzvü böyük müqavimət göstərərək, məruzənin AŞPA-nın iyun sessiyasına saxlanılması barədə təklif irəli sürüb: "Təklif səsverməyə çıxarılsa da, lakin 16 səs əleyhinə, 9 səs lehinə olmaqla rədd edildi. Məruzənin qətnamə layihəsinin 1-ci, 4-cü, 5-ci və 6-cı maddələrinə anti-Azərbaycan qüvvələr tərəfindən irəli sürülmüş düzəlişlərin heç biri qəbul edilmədi. İrəli sürülən düzəlişlərin birində bu məruzənin Robert Volterin hazırladığı və 4 noyabrda Siyasi Məsələlər Komitəsi tərəfindən qəbul edilmiş "Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artmasına dair" məruzəsi ilə birləşdirilməsi təklif edilmişdi. Aydın idi ki, onlar bununla nəinki Sərsəng su anbarına dair məruzəni, eyni zamanda işğal edilmiş ərazilərə dair məruzəni də gündəmdən salmaq məqsədi güdürdülər. Lakin bu məkrli niyyət reallaşmadı və bu cəfəngiyyat xarakterli daşıyan düzəliş də qəbul edilmədi. Sonda Bosniyalı deputat, xanım Milisa Markoviçin "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" məruzəsi bütövlükdə səsverməyə qoyuldu, 22 səs lehinə, 3 səs isə əleyhinə olmaqla, əksər səs çoxluğu ilə qəbul edildi. Bu tarixi qələbə oldu". Millət vəkili qeyd edib ki, bu qələbə ciddi mübarizə nəticəsində mümkün oldu. Elxan Süleymanov belə bir təşəbbüsün irəli sürülməsi və onun AŞPA-da müzakirəyə çıxarılmasını şərtləndirən amillər barədə də danışıb. Bildirib ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 25 may 2013-cü ildə "Sərsəng harayı" adlı genişmiqyaslı layihə həyata keçirməyə başladı. Layihənin məqsədi Sərsəng su anbarının vəziyyəti, onun törədəcəyi humanitar fəlakət və ekoloji böhran vəziyyəti barədə tək Azərbaycan cəmiyyətini deyil, eyni zamanda dünya ictimaiyyətini məlumatlandırmaq, beynəlxalq təşkilatlarda, əsasən də AŞPA-da müvafiq sənəd və qətnamələrin qəbul edilməsinə nail olmaq, mümkün humanitar fəlakətin və ekoloji böhranın qarşısının alınması istiqamətində tədbirlər paketi hazırlamaqdan ibarət idi. Sərsəng su anbarının işğal altında olmasından ən çox əziyyət çəkən Tərtər, Ağdam, Bərdə, Yevlax, Ağcabədi, Göranboy rayonlarında layihənin ofisləri fəaliyyət göstərib, layihənin İnternet səhifəsi yaradılıb. Mütəmadi olaraq KİV vasitəsi ilə dünya ictimaiyyəti məlumatlandırılıb. Bu sahədə fəaliyyətimiz tək Azərbaycanla məhdudlaşmayıb və beynəlxalq səviyyədə fəaliyyət göstərən 3 mindən artıq KİV-də ingilis, alman və fransız dillərində Sərsəng su anbarı və onun humanitar təhlükəsi barədə məlumatlar dərc edilib. Sərsəng su anbarının işğal altında olmasından ən çox əziyyət çəkən rayonların sakinləri tərəfindən beynəlxalq təşkilatlara göndərilmiş minlərlə müraciətlərin öz ünvanlarına çatdırılması təşkil olunub. AVCİYA-nın "Sərsəng SOS: təhlükə altında qalan tarixi və mədəniyyət abidələri", "Sərsəg
SOS: Humanitar Böhran Təhdidi" və "Sərsəng SOS: Məhvə Məhkum Ətraf Mühit" adlı kitablar nəşr edilib, 10 dekabr 2014-cü il tarixində Beynəlxalq İnsan Hüquqları günündə bir sıra xarici ölkə səfirlikləri, mətbuat nümayəndələri və ictimai xadimlərin iştirakı ilə "Sərsəngə yürüş" aksiyası keçirilib. Qeyd etmək istərdim ki, AVCİYA fəaliyyətdə olduğu 10 il ərzində vətəndaş cəmiyyəti problemləri ilə yanaşı, bir çox istiqamətlərdə layihələr icra edib. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı layihələr bu sıradan ən prioritet yer tutub. Sərsəng layihəsi isə görülən bütün bu işlərin zirvəsində durur. Çünki bu layihə vasitəsilə 23 ildir unudulmuş Sərsəng problemi aktuallaşdırıldı, problemin beynəlxalq aləmə çatdırılmasına nail olundu və, nəhayət, Sərsəng su anbarına dair qətnamə layihəsinin beynəlxalq platformada gündəmə gətirilməsinə təkan oldu". Elxan Süleymanov bildirib ki, Ermənistan dövlət səviyyəsində hər vəchlə belə bir sənədin qəbul edilməsinə qarşı mübarizə aparsa da, lakin haqq-ədalət və aparılan uğurlu fəaliyyət işğalçı ölkənin planlarını puça çıxardı: "Ermənistan tərəfi hər vəchlə məruzənin hazırlanmasının, Komitədə müzakirəyə çıxarılmasının qarşısını almağa çalışdı. Bunun üçün Ermənistan rəsmiləri, prezident və xarici işlər naziri səviyyəsində AŞPA üzvü olan ölkələrin dövlət və hökumət başçılarına zənglər oldu, Ermənistanın Avropa ölkələrindəki səfirliklərinin əməkdaşları AŞPA üzvləri ilə görüşərək onları məruzəni dəstəkləməmək üçün ələ almağa çalışdı, məruzəçinin Sərsəng su anbarı yerləşdiyi əraziyə səfər etməməsini əsas gətirərək məruzənin gündəlikdən çıxarılmasını tələb etdi. Lakin bütün bunlara baxmayaraq yenə də Ermənistana işğalçı möhürü vuruldu. Qeyd edilməlidir ki, işğal edilmiş ərazilərə və girov götürülmüş soydaşlarımızın dərhal azad edilməsinə dair təqdim etdiyim 2 qətnamə layihəsi əsasında Robert Volterin "Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərdə gərginliyin artmasına dair" hazırladığı məruzəsinin noyabr ayının 4-də Siyasi Məsələlər Komitəsinin iclasında qəbul edilməsi ilə Ermənistana işğalçı damğası vurulmuş oldu. Bununla bərabər, Sosial Məsələlər Komitəsində mənim təklif etdiyim üçüncü qətnamə təklifi əsasında yenə də noyabr ayında "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" məruzəsinin qəbul edilməsi Ermənistanın öz işğalçılıq siyasətini həyata keçirməsi üçün hətta dünyada həyat mənbəyi hesab edilən sudan silah kimi istifadə etməsini dünyaya bəyan etmiş oldu və Ermənistana vurulmuş işğalçı möhürünü bir daha təsdiqlədi". Millət vəkili deyir ki, AŞPA Siyasi Komitəsində işğal edilmiş torpaqlarımızla bağlı qətnamə qəbul edildikdən sonra məğlubiyyət təlaşı yaşayan ermənilər 23 noyabrda Sərsəng su anbarına dair qətnamə layihəsinin də qəbul edilə biləcəyindən dərin təşvişə düşdülər. Onlar böhtan, yalan, iftira və s. bu kimi özlərinə xas olan yollarla öz riyakarlıqlarını həyata keçirməyə başladılar: "Bütün bunlarla yanaşı onlar məruzəçiyə, onun təmsil etdiyi dövlətə də bütün mümkün vasitələrlə təsir və təzyiq etdilər. Erməni milli konqresi fraksiyasının rəhbəri Levon Zurabyan 20 noyabr 2015-ci il tarixli brifinqdə bildirirdi ki, onun da daxil olduğu Ermənistanın AŞPA-da nümayəndə heyəti işğala dair qətnamə təklifi üzrə məruzəçi Jan-Klon Minyonun təyin olunmasına çalışmış, lakin uduzmuşlar. Bununla da o, ermənipərəst Jan-Klod Minyonla işbirliklərini açıq etiraf edir. Jan-Klod Minyon AŞPA prezidenti olduğu dövrdə həm işğalla bağlı, həm də Sərsəng su anbarına dair verdiyim qətnamə təkliflərinə iki dəfə veto qoymuşdu. Bu məruzələr gündəmə gələn dövrdən bu günədək AŞPA prezidenti olmuş hər iki şəxs- Jan-Klod Minyon və Ann Brassör deputatların yaddaşında Azərbaycan torpaqlarının işğalı ilə bağlı hər iki məruzəyə qarşı kəskin mövqedə olan və ermənilərin müdafiəsində duran AŞPA rəhbərləri kimi qalacaqlar. Yeri gəlmişkən hər iki məruzədə, eləcə də Azərbaycanla bağlı digər məsələlərdə Azərbaycana qarşı düşmən mövqedə olan, ölkəmizin mənfi imicini formalaşdırmaq üçün daim böyük fədakarlıqlar göstərən AŞPA Baş Katibi Savitskinin də misilsiz "xidmətləri"ni qeyd etmək istərdim. Ermənistanın xarici siyasət idarəsinin rəhbəri həmin ərəfədə, 20 noyabr 2015-ci il tarixində geniş müsahibə ilə çıxış etdi. O, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ probleminin bu çərçivədən başqa beynəlxalq platformaya keçirilməsinin əleyhinə olduqlarını, Minsk Qrupu həmsədrlərinin bu qətnamənin danışıq formatının dəyişdirilməsi cəhdlərinin nizamlanma prosesinə mane ola biləcəyi fikrində olduqlarını bəyan etmişdi. Halbuki, Minsk Qrupu həmsədri Ceyms Uorlik 06 noyabr 2015-ci il tarixində yerli xəbər agentliyinə verdiyi müsahibədə AŞPA-nın bu qətnaməsini alqışladığını, AŞPA məruzəçiləri ilə bu məsələnin həllində məsləhətləşmələr aparılmasına hazır olduqlarını bildirmişdi. Edvard Naldandyanın bildirdiyinə görə, məruzəçi Robert Volterin Dağlıq Qarabağa səfər etmək üçün guya 22 sentyabr tarixində qondarma "DQR" rəhbərliyinə yazılı müraciət edib, guya qondarma "DQR" Sərsəng su anbarı məsələsində də əməkdaşlıq etmək niyyətindədir, onlar AŞPA məruzəçisini qəbul etməyə hazırdırlar. Burdan da açıq-aydın görünür ki, işğalçı tərəf separatçı rejimin adını hallandırmaqla xal qazanmaq, işğalı qanuniləşdirmək istəyindən əl çəkmir. Əlbəttə ki, AŞPA-nın tanımadığı bir quruma məruzəçinin məktub göndərməsi və ya hər hansı bir əməkdaşlıq edilməsi tam cəfəngiyyatdır. Qəbul edilmiş son qətnamədə də AŞPA birmənalı olaraq Ermənistanı işğalçı adlandırır, AŞPA ilə məruzələrin hazırlanması prosesində əməkdaşlıq etmədiyinə görə Ermənistanı ittiham edir. Noyabr ayında ilk məğlubiyyətlərindən sonra təşvişə düşmüş ermənilər etdikləri bütün riyakarlıqlara baxmayaraq, növbəti dəfə uğursuzluğa düçar oldular".
Qeyd edək ki, AŞPA-nın Sosial Məsələlər Komitəsinin 23 noyabr tarixli iclasında qəbul edilmiş "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" qətnaməsi Azərbaycanın işğal altında qalmış strateji obyekti olan Sərsəng su anbarına dair beynəlxalq təşkilatlarda qəbul edilmiş ilk rəsmi sənəddir. Qətnamədə Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf ərazilərinin Ermənistan tərəfindən işğalı faktı bir daha öz təsdiqini tapır, işğal altında olan ərazilərə qonşu olan Aşağı Qarabağ vadisində yaşayan Azərbaycan əhalisi üçün humanitar və ekoloji problemlər yaratmasını pislənir, Sərsəng su anbarının baxımsızlığının xeyli sayda insan itkisi və mümkün yeni humanitar böhranla müşayiət olunan böyük fəlakətlə nəticələnə biləcəyi vurğulanır, Ermənistan hakimiyyətindən su ehtiyatlarından siyasi təsir yaxud təzyiq vasitəsi kimi istifadə etməsini dayandırmaq və öz silahlı qüvvələrini sözügedən regiondan dərhal geri çəkməsi tələb edilir. Bütövlülə, bu sənəd Ermənistanın işğalçı siyasətinin mahiyyətini bir daha təsdiqləyir".
 

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00