Bu gün Milli Məclis yeni tərkibdə toplaşacaq
24 Noyabr 2015 12:14 SiyasətNoyabrın 24-də 5-ci çağırış Milli Məclisin ilk iclası keçiriləcək. Bu barədə MM-dən daxil olan məlumata görə, iclasda parlamentdə akreditasiya olunan jurnalistlərin iştirak edib-etməyəcəyi bəlli deyil.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası ötən həftə seçkilərin yekunları ilə bağlı sənədlərə baxılması üçün Konstitusiya Məhkəməsinə təqdim etmişdi. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi artıq Milli Məclisə keçirilmiş 1 noyabr seçkilərinin nəticələrini yoxlayaraq müvafiq qərar qəbul edib.
Qeyd edək ki, Konstitusiyanın 86-cı maddəsinə görə, seçkilərin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuş qaydada Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir. Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi göstərilən sənədləri ona təqdim olunandan sonra 10 gün müddətində yoxlayır. Dairə seçki komissiyalarının protokolları bu Məcəllənin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir. Konstitusiyanın 88-ci maddəsinin I bəndinə əsasən, Milli Məclisin yeni seçilmiş 83 deputatının səlahiyyətləri təsdiqlənəndən sonra bir həftədən gec olmayaraq parlamentin ilk iclası keçirilməlidir. Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, parlamentin ilk iclasını ən qocaman deputat açır, yeni seçilən deputatların siyahısını oxuyur və sədr seçilənədək birinci iclası aparır. Onun təklifi ilə Hesablayıcı Komissiya və bu barədə qərar qəbul edildikdən sonra sədr seçilir. Milli Məclisin qalib elan edilmiş yeni üzvləri arasında ən qocaman deputatı isə xalq artisti, bitərəf Zeynəb Xanlarovadır. 1936-ci il təvəllüdlü (79 yaş) Zeynəb Xanlarova növbəti 5 il müddətinə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilib. Amma Zeynəb Xanlarovanın V çağırış Milli Məclisin ilk iclasına sədrlik edəcəyi şübhə doğurur. Məsələ burasındadır ki, 2010-cu ildə IV çağırış Milli Məclisin ilk iclasını ən yaşlı deputat Cəlal Əliyev açmalıydı, lakin o xəstə olduğundan parlamentə gəlməmişdi. Bu səbəbdən də o zaman IV çağırış Milli Məclisin ilk iclasını parlamentin digər yaşlı deputatı kimi Zeynəb Xanlarova deyil, Fəttah Heydərov (1938-ci il təvəllüdlü) açmışdı. Çox gümanki, Zeynəb Xanlarova bu dəfə də iclası açmaq səlahiyyətini Fəttah Heydərova güzəştə gedəcək...