"Dövlət sizə bu dərəcədə varlanmaq imkanı verib"
19 Noyabr 2015 13:14 SiyasətQazaxıstan prezidenti Nursultan Nazarbayev ölkə varlılarını böhranla mübarizədə iştiraka çağırıb. Virtualaz.org xəbər verir ki, o deyib ki, varlılar "var-dövlətlərinə görə xalq qarşısında cavab verərək" kapital və əmlaklarını leqallaşdırmalı, vergilərini ödəməli, satılan obyektlərin özəlləşdirilməsinə sərmayə qoymalıdırlar. "Dövlət sizə bu dərəcədə varlanmaq imkanı verib. Kapitalın leqallaşdrılması və özəlləşdirmədə iştirak edin", - deyə Nazarbayev varlılara müraciət edib. O əlavə edib ki, özəlləşdirmədə Qazaxıstan şirkətlərinin iştirakı çox vacibdir. "Biz deyirik ki, bunlar sizin pullarınz, sizin obyektlərinizdir, sadəcə olaraq onlar sərmayə şəklində Qazaxıstanda qalacaq", - deyə prezident bəyan edib. Nazarbayevin sözlərinə görə, leqallaşdırılmanın elanından bəri yalnız 388 milyard təngəlik (təxminən 1,26 milyard dollar) əmlak qanuniləşdirilib. Nazarbayev həmçinin dövlət xərclərinə qənaət edilməsinə çağırıb. O, bu vaxta qədər dəbdəbə ilə keçirilən konkret tədbirlərin adlarını çəkib və onların keçirilməsi zamanı qənaətə səsləyib. Prezident deyib ki, mövcud iqtisadi vəziyyətdə Astanada "dəbdəbəli EKSPO-2017"nin keçirilməsinə ehtiyac yoxdur. O həmçinin vurğulayıb ki, qazaxıstanlılar və hökumət "gen-bol xərcləməyə" öyrəşiblər, amma indiki böhran şəraiti xərclər üçün əlverişli deyil. Əlvan metallar və neftə tələbatın aşağı düşməsi milli valyuta olan təngənin zəifləməsinə gətirib çıxarıb. Nəticədə Qazaxıstan iqtisadi böhranla üz-üzə qalıb. Oktyabrda məlum olub ki, Qazaxıstan hökuməti böhranla mübarizə tədbiri kimi iqtisadiyyatın bəzi əsas sahələrini təmsil edən aparıcı şirkətlərin tam, yaxud qismən özəlləşdirilməsini həyata keçirmək niyyətindədir. Özəlləşdiriləcək şirkətlərin metallurgiya, neft-qaz, telekommunikasiya, dəmir yolu və aviasiya sahələrini təmsil etdiyi bildirilir. İlkin siyahıda respublika əhəmiyyətli 60 şirkətin, o cümlədən "Kazaxtelekom" və "Air Astana" şirkətlərinin adı var.