NATO: “Terrorizm və ekstremizm demokratiya və açıq cəmiyyətimizi heç vaxt məğlub edə bilməz”- ÖZƏL
19 Noyabr 2015 12:10 Siyasət"Biz bu barbar zorakılıq aktlarını pisləyirik. Bu terror hadisəsi azadlıq dəyərlərimizin özəyinə, demokratiya və insan haqlarına edilən hücumdur. Fransa xalqı və Fransa hakimiyyəti ilə həmrəyik". Bu fikirləri Azadinform-a açıqlamasında Fransada ötən həftə İŞİD-in törətdiyi terror aktlarından danışan NATO rəsmisi deyib. Bildirilib ki, bazar ertəsi bütün müttəfiqlər terrorda ölənlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi: "Bu hücumlar bizi dəhşətə salmaq üçün nəzərdə tutulub, lakin bu yalnız bizim əzmimizi gücləndirəcək. Terrorizm və ekstremizm demokratiya və açıq cəmiyyətimizi heç vaxt məğlub edə bilməz".
NATO-nun terrora qarşı apardığı mübarizədən danışan rəsmi qeyd edib ki, NATO öz öhdəsinə düşəni edir: "Biz məlumat və qiymətləndirmə mübadiləsini davam etdiririk. Fransa hakimiyyətinə terror təhdidinin qarşısının alınması istiqamətində gördüyü işə dəstək veririk". Müttəfiqlər hücumlardan sonra əməliyyat və araşdırmalar aparan Fransa hakimiyyəti ilə birgə işləyir.
Rəsmi onu da əlavə edib ki, NATO müttəfiqləri İŞİD-ə qarşı mübarizədə koalisiyada iştirak edir: "Analiz, məlumat, kəşfiyyat mübadiləsi etmək lazım gələndə işimizi intensivləşdiririk. Beləliklə, İŞİD-ə qarşı mübarizəyə daha çox yönələ bilirik. NATO həmçinin qonşularmız və regiondakı partnyorlarımızın özlərini müdafiə etmək bacarığını artırmaq üçün onlara necə kömək etmək məsələsinə də fokuslanıb. Bundan əlavə, İordaniya, İraq və Tunislə təhlükəsizlik və müdafiə qabiliyyətini qurmaq üçün işləyirik".
NATO-nun terrorizmə qarşı mübarizəsindən danışarkən, Əfqanıstanda Qətiyyətli Dəstək Missiyası, Afrika Buynuzu sahillərində dəniz quldurlarına qarşı "Okean sipəri" əməliyyatları və Aralıq dənizindənki əməliyyatları qeyd etmək olar.
Xatırladak ki, ötən həftənin cümə günü, noyabrın 13-də Fransanın paytaxtı Parisdə İŞİD tərəfindən törədilən terror aktı nəticəsində 132 nəfər dünyasını dəyişib.