Didişmələrdən bəhrələnməklə azadlıq olmur

Ermənistan hökumətinin aparat rəhbəri David Harutyunyanın dediyinə görə, müxalifətin "Yox!" hərəkatının qələbəsi ölkə üçün çox ciddi təhlükəyə çevrilə bilər: "Bu qələbə iqtidardakı Ermənistan Respublika Partiyasının hakimiyyətdən kənarlaşdırılmasına səbəb olmayacaq, amma idarəetmənin səbatlılığını azaldacaq. İdarəetmənin dayanıqlı mexanizminin yoxluğu isə nəticədə ya rəngli inqilaba, ya da kvaziəbədi hakimiyyətə səbəb olur". 

Beləliklə, David Harutyunyan faktiki olaraq Ermənistan prezidenti Serj Sarkisyanın həyata keçirməyə hazırlaşdığı konstitusion islahatların motivlərini açıqlayıb. Bəlli olur ki, Yerevandakı rejimin daxilindəki qruplaşmalar arasındakı qarşıdurma həddən ziyadə güclənib və Sarkisyanın iqtidarı özünü içdən yeməyə başlayıb.

Məhz bu səbəbdən Sarkisyan ölkə Konstitusiyasına dəyişikliklər edərək Ermənistanı prezident üsul-idarəli ölkədən parlament respublikasına çevirmək istəyir. O, başçılıq etdiyi Ermənistan Respublikaçılar Partiyasının parlament seçkilərində "qələbə"sinə nail olmaq, ali qanunverici orqanda mandatların çoxunu qazanmaq, hökuməti formalaşdırmaq və baş nazir olmaq niyyətindədir.
Sarkisyan hakimiyyətdə bundan sonra da qalmağı arzulayır.

Məqsədə çatmağın bir neçə mərhələsi var ki, onların arasında ilkin dövr hakimiyyətin fərqli güc mərkəzlərinə bölünməsidir. İqtidarın indiki zahirən "vahid" formatından fərqli olaraq batinən düşərgələnmiş vəziyyəti müxtəlif qütblərin formalaşmasına gətirəcək ki, bu da məsuliyyət mərkəzləri ilə yanaşı, iqtidarın qorunması üçün bir neçə təminat deməkdir.
Dünyada inqilabi proseslər yaşanır, bölgələrin geosiyasi landşaftı dəyişir, siyasətin strukturunda yeni təmayüllər peyda olur, yeni qlobal düzən formalaşır. Bu proseslər hələ uzun müddət davam edəsidir. 
Ermənistan kimi "itirilmiş dövlət"lər üçünsə yaşanacaq prosesləri təxminləmək çətindir. Belə şikəst siyasi strukturlu ölkələrin kənardan təsirlərə müqavimət imkanları faktiki olaraq yoxdur. 

Yerevanda hakimiyyəti dəyişmək fikrinə düşəcək qüdrətli kənar qüvvəyə mane olmaq üçün ermənilər ciddi şansa malik deyillər. Bu isə Ermənistan dövləti və xalqı üçün ciddi risklər, məsuliyyət, mürəkkəb problemlərin təhdididir. 
Yaşananlar və bundan sonra baş verəcək hadisələr ermənilər üçün sosial, maliyyə və hətta fiziki baxımdan təhlükədir. Normal ölkədə vətəndaşın təhlükəsizliyinin maksimal qarantı dövlətin institutları, hakimiyyətin rçaqlarıdır.
Yerevanda belə rıçaq indiyədək təkdir və o, rəsmən sadəcə, Ermənistan prezidentidir. Hər halda dövlət mənsubları belə deyirlər. Və əgər vətəndaşın təhlükəsizliyini prezident təmin edirsə, deməli, təhdidlərin qarşısında yalnız hakimiyyətin üst təbəqəsindən ibarət qrup var.
Yerdə qalan təhlükəsizlik təminatları ən yaxşı halda quru söz yığınıdır.

Hakimiyyətin daxilində parçalanmalar, qarşıdurmalar, mübarizənin kəskinləşməsinin də başlıca səbəbi nazirlərdən tutmuş, orta təbəqəli məmurlaradək kimsənin özünü təhlükədən kənarda hiss etməməsidir.
Onlar durumlarının normal olduğunu düşünməyi çox istəsələr də, alınmır.
Fevralın 12-də  hakimiyyət koalisiyasında sabiq tərəfdaşlar olmuş Serj Sarkisyan və "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qagik Sarukyan arasındakı münasibətlər bilmərrə kəsilmişdi. Serj Sarkisyan çox böyük səylər və zəhmət, intriqalar və resurslar hesabına iqtidarındakı parçalanmanın qarşısını ala bildi, sonucda fevralın 12-də Sarukyan partiya sədri postunu və böyük siyasəti tərk etdiyini bildirdi.
İlk baxışdan Serj Sarkisyan böyük uğur əldə etmişdi. Nədən ki, Q.Sarukyan özlüyündə ciddi fiqur deyildi, sabiq prezident Robert Köçəryanın göstərişi ilə yaradılan və idarə olunan partiyada "lider"lik edirdi.
Q.Sarukyanın "böyük siyasətdən gedirəm" bəyanatı əslində Robert Köçəryana zərbə idi.
Amma elə həmin gün Yerevandakı hakimiyyətdə spontan mərkəzdənqaçma başlandı.
Yerevandakı rejimin mənsubları təhlükəsizlik təminatlarını artırmağa, "hər kəsə təminat" prinsipi gerçəkləşdirməyə can atdılar. Digər məqsəd məsuliyyətin də "hamı arasında paylanması" idi ki, kimsə canını qurtara bilməsin, kənarda qalmasın.
Di gəl, artıq çox gec idi. Hakimiyyət daxilindəki qruplaşmalar arasındakı qarşıdurma düşmənçiliyə, mübarizəyə dönüb və mübarizə lavası püskürməyə başlayıb. 

Daha bir 12 fevral üçün Sarkisyanın resursları zəifdir, imkanları yoxdur. Digər tərəfdən, iqtidardakı didişmələrə son qoymaq üçün hakimiyyətin xarici siyasətdə əlverişli şəraiti olmalıdır.
O da yoxdur və yeni 12 fevral mümkün deyil.
Belədə iqtidarda parçalanmış qüvvələrin bir qütbü martın 1-dəki olayları təkrarlamalı və bu dəfə prezident seçkilərinin nəticələrinə etiraz edərək küçələrə çıxan vətəndaşları güllələyən polislər kimi davranmamalı, hakimiyyətdəki "kölgə lider"ləri nişangaha almalı, onları zərərsizləşdirməli, başsız qoymalı və situasiyanı konstitusion struktura uyğunlaşdırmalıdır. Ya da sistem daxilində süni şəkildə olsa da, rəngli inqilab yetişdirilməli, hazırlanmalı və məmurlar vətəndaşların kütləvi narazılığından istifadə edərək əks qütbdəki qruplaşmanı "edam" etməlidirlər.
Proses asan olmayacan. "Kəsilmiş baş"ın yerində yenisi çıxacaq və ya onu kəsmək zərurəti yaranacaq, ya da digər qütblərə hücumlar başlanacaq.
Məhz buna görə də Ermənistanda marionetkalar teatrına çevrilmiş müxalifətin yaratdığı "Yox!" hərəkatı hakimiyyətlə yanaşı, kütlə üçün təhlükəlidir.
Çünki müxalifətin proqramı və şüarları Serj Sarkisyanın hakimiyyətdən kənarlaşdırılmasını tələb etməklə kifayətlənmir.
Əsas məqsəd iqtidardakı daxili didişmələrdən yararlanmaqdır.

Orxan Hun
Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00