İranın Azərbaycan qorxusu
Bu qorxu Tehranın çirkin əməllərə əl atmasını şərtləndirir
12 Noyabr 2015 15:21 SiyasətÖtən həftədən etibarən İranın televiziya kanallarından birinin ənənəsinə sadiq qalaraq yenə də Azərbaycan türklərini təhqir etməsi Güneydəki soydaşlarımızın haqlı olaraq ayağa qalxmasına səbəb oldu. Artıq bir neçə gündür ki, on minlərlə soydaşımızın müxtəlif şəhərlərdə keçirdikləri etiraz aksiyasının dalğası İran rejimini də ciddi narahat etməyə başlayıb. Ancaq təccüblüsü odur ki, rejim hər zaman olduğu kimi bu gün də baş verənlərin kökündə öz yanlış siyasətinin olduğunu görmək istəmir. Əksinə soydaşlarımızın ayağa qalxmasında kənar qüvvələrin rolunu qabardır. Bir qədər də dəqiqləşdirsək İslam Respublikasının başbilənləri hesab edirlər ki, Güneydə soydaşlarımızın ayağa qalxması və öz hüquq-azadlıqlarını tələb etməsinin arxasında Azərbaycan dayanır. Hər halda İranın "Sahar" telekanalının məsələyə münasibətindən belə qənaətə gəlmək mümkündür. Telekanalı utanmadan bəyan edir ki, baş vermiş etiraz aksiyalarının kökündə Azərbaycanın əli var. Telekanalın uydurmasına əsasən belə qənaətə gəlmək mümkündür ki, məlum verilişdə Azərbaycan türklərinin təhqir olunmasını da Azərbaycan təşkil edib. Qətiyyən reallıqdan uzaq, qərəzli və Azərbaycana qarşı haqsızlığı özündə ehtiva edən mövqe. Bunları sübuta yetirmək üçünsə alim və ya falabaxan olmağa ehtiyac yoxdur. Sadəcə İran rejiminin idarəçilik metodologiyasına nəzər yetirdikdə bunu aydın görmək mümkündür.
Birincisi, hər kəsə bəllidir ki, İranda bütün televiziyalar dindarların nəzarətindədir və bütün təbliğat ali dini liderə tabedir. Eyni zamanda bu sıraya kütləvi informasiya vasitələri sayılan qəzetləri da aid etmək olar. Yəni İranda müstəqil telekanal, yaxud qəzet deyilən bir anlayış yoxdur, bütün mediaya İranın Ali dini liderinin adamları nəzarət edir. Belə olan halda Azərbaycanın sözügedən telekanal, yaxud digər kanallarda hansısa bir reportaj yerləşdirmək imkanı ola bilərmi? Əsla. Digər tərəfdən Azərbaycan hakimiyyəti, onun rəhbərliyi fars şovinistlərindən fərqli olaraq millətini uca tutur, ona sayqı ilə yanaşır. Azərbaycan dövləti dünyanın hər hansı bir nöqtəsində yaşayan azərbaycanlının arxası, dayağı rolunu oynayır. Eyni zamanda Azərbaycan dövlətinin başçısı özünü yalnız 9 milyon deyil, ümumilikdə 50 milyondan artıq azərbaycanlının prezidenti sayır və bunu qürurla bəyan edir. Azərbaycan hakimiyyəti, dövləti və onun prezidenti din adı altında pərdələnmiş, lakin dindən çox-çox uzaq əməllər edən ayətullahlardan deyil ki, soydaşının təhqir edilməsinə imkan yaratsın. Bu qeyri-insani davranış, insan hüquq və azadlıqlarına hörmətsizlik yalnız İran mollalarında özünü büruzə verə bilər. Necə ki, illərdir İran ayətullahları, fars rejimi 40 milyon Azərbaycan türkünün haqq və hüquqlarını kobud şəkildə pozur, onlara qarşı qeyri-insani davranışlar həyata keçirir. Halbuki bu qeyri-insani davranışlara nə dinimizdə, nə də yaşadığımız cəmiyyətdə haqq qazandırmır.
Digər bir maraqlı məsələyə də diqqət çəkmək lazımdır. Yəni "Səhər" telekanalının guya həmin repotajın efirdə getməsində Azərbaycanın əlinin olmasına. Əgər həmin reportaj doğurdan da (reallıqda bu qətiyyən mükmkün deyil) Azərbaycanın əli ilə hazırlanıbsa, deməli İranda idarəçilik tamamilə sıfır vəziyyətindədir. Yəni hətta Azərbaycan İraan ayətullahlarını, onun idarəçilik sistemi, nəzarət mexanizmini barmağına dolaya bilir. Hərçənd yuxarıda qeyd etdiyimiz kimi bu mümkün olmayan bir haldır. Ən azından ona görə ki, Azərbaycan istəsə bu vaxta qədər çoxdan Güneydəki soydaşlarımızın ayaqlanması və nəticə etibarilə fars rejimi üzərində zəfər qazanmasına nail olardı. Daha molların hər zaman istifadə etdiyi iyrənc metodlardanh istifadə etməzdi. Sadəcə Azərbaycan hər zaman olduğu kimi bu gün də öz siyasətinə sadiq qalaraq fars rejiminin daxili işlərinə müdaxilə etmir. Ona görə yox ki, 40 milyondan artıq azərbaycanlının taleyi rəsmi Bakını düşündürmür. Sadəcə Azərbaycan İranın da nə vaxtsa ağıllanacağına, insan hüquq və azadlıqlarına hörmətlə yanaşacağına ümid bəsləyir. Məhz buna görə Azərbaycan hakimiyyəti heç vaxt İranın daxili işlərinə qarışmayıb. Ancaq İran tərəfi isə Azərbaycana qarşı eyni mövqeni sərgiləmir. Əksinə dini faktordan istifadə edərək hər zaman Azərbaycana təzyiq göstərməyə çalışır.
Göründüyü kimi, İran hər addımda Azərbaycanı ləkələməyə, onu gözdən salmağa çalışır. Səbəb isə odur ki, Tehran qonşuluğunda güclü bir Azərbaycan dövlətinin olmasını istəmir. Hər zaman fars rejimi güclü Azərbaycan qorxusu ilə yaşayır. Bu mənada Güney Azərbaycanın ayağa qalxmasından son dərəcə təşviş keçirən İran dövlətinin belə çirkin yollara əl atması əslində gözlənilən bir hadisə idi. Lakin İran artıq dərk etməlidir ki, heç bir qüvvənin güneyli soydaşlarımızın milli kimliyini onların əlindən almağa gücü çatmaz. Buna görə də İran hakimiyyəti və onun molla mediası öz çirkin əməllərini artıq dayandırmalıdır.
Süleyman İsmayılbəyli