"ABŞ-ın sükutu"na qədər uzanan "MTN işi"
10 Noyabr 2015 11:35 SiyasətSensasiya gözləntisi
Başa vurduğumuz həftənin ciddi gərginliklə keçəcəyi gözlənilirdi. Bir noyabr seçkilərini müşahidə etmiş nümayəndə heyətlərinin rəy və hesabatlarının açıqlanmalı olduğu həftəyə gərginliyi ABŞ qatmışdı. Seçkinin boykot edilməsi üçün can qoymuş ABŞ-ın bu həftə ərzində antiazərbaycan fəaliyyətinin ikinci fazasının elan ediləcəyi ehtimal olunurdu. Seçkinin keçirildiyi tarixdən 2 gün öncə, oktyabrın 30-da verilmiş açıqlamada bildirilirdi ki, seçkiyə hazırlıq dövrünün gedişatından, həmçinin, ATƏT DİTİHB-nin seçki müşahidəçiliyi üçün irəli sürdüyü tələblərin ödənilməməsindən narazı qalan ABŞ parlament seçiklərindən dərhal sonra Konqres səviyyəli toplantı keçirəcək, "anti-demokratik" seçkilərə görə Azərbaycana sanksiyalar tətbiq edilməsini gündəmə gətirəcək. ABŞ yönlü KİV-lər təkrar-təkrar vurğulayırdılar ki, "57 ölkədə insan hüquqları və beynəlxalq əməkdaşlığın vəziyyətini izləyən ABŞ Konqresinin Helsinki Komissiyası noyabrın 5-də Azərbaycana dair keçirəcəyi dinləmələrdə 1 noyabr parlament seçkilərini təhlil edəcək, onun ölkənin gələcəyinə vuracağı ziyanın müzakirəsini aparacaq".
Bu ovqata köklənən ABŞ-ın peyk QHT-ləri 5 noyabr dinləmələri üçün nəzərdə tutulan ideoloji hazırlıqları da tamamladılar. Məsələn, Norveç Helsinki Komitəsi və İnsan Haqları uğrunda Beynəlxalq Federasiya (FİDH) birgə bəyanat yayaraq, beynəlxalq təşkilatları 1 noyabrda keçirilmiş seçkiləri tanımamağa çağırdılar. Helsinki Komitəsinin baş katibi Byorn Engesland adından yayılan bəyanatda isə seçki müşahidəçiliyinə qatılmış beynəlxalq təşkilatlar, xüsusi olaraq AŞPA ciddi tənqid edildi. "Biz Azərbaycandakı seçki prosesinin AŞPA tərəfindən tanınmasına görə son dərəcə məyusuq", - deyə başlanan bəyanatda digər beynəlxalq təşkilatlardan tələb olunurdu ki, Azərbaycandakı durumu pisləsinlər, parlament seçkilərinin legitimliyinin tanınmaması yönündə kampaniyaya qoşulsunlar. Özünü beynəlxalq insan haqları təşkilatları şəbəkəsi elan etmiş Human Rights House Network-un Azərbaycanda keçirilmiş seçkilərin legitimliyini şübhə altına almağa hesablanmış bəyanatına ABŞyönlü KİV-lər yetərli informasiya dəstəyi verdilər.
Amma ABŞ tərəfi təkcə QHT-lər adından bəyanatlar səsləndirməklə kifayətlənməmişdi. 1 noyabr seçkilərinə qatılmış ayrı-ayrı qurum və şəxslərə təzyiqlər göstərilir, seçki haqqında mənfi rəy səsləndirmələri üçün cəhd göstərilirdi. Bu sırada 1 noyabr seçkilərini müşahidə etmiş AŞPA nümayəndə heyətinin üzvü, almaniyalı deputat Frank Şvabe vasitəsilə başlanan petisiya seçkinin legitimliyinə şübhə salacaq kampaniyanın hansısa formada irəliləyə biləcəyinə dair rəy yaratmışdı.
Bir sözlə, ABŞ-ın uzun müddət yürütdüyü antiazərbaycan kampaniyasına keçən həftə ərzində konkret sanksiyalarla məntiqi sonluq verəcəyi gözlənildiyindən, bu dönəmdə siyasi gərginliyin artacağı ehtimalı vardı.
Şok effekti verən mövqe dəyişkənliyi
Hər şey əksinə oldu. Noyabrın 4-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın açıqlama yayaraq "ABŞ-ın Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyi" barədə danışması, mövzu ətrafında fərqli nüansların ortaya çıxmasına işarə verdi. Açıqlamasının düzgün anlaşılması üçün səfir təmsil etdiyi ABŞ Dövlət Departamentinin bəyanatından sitat gətirdi: "ABŞ Dövlət Departamentinin bəyanatında Azərbaycandakı seçkilərlə bağlı qeyd olunub ki, ABŞ Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətindədir". Bu arada, 1 noyabr seçkilərini müşahidə etmiş AŞPA nümayəndə heyətinin dilindən seçkilər barədə mənfi rəy almaq üçün Frank Şvabe vasitəsilə başladılmış kampaniya da yarımçıq saxlanıldı. Kampaniya iki nəfər - Ute-Finkx Kramer və irlandiyalı deputat Maykl Maknamaradan başqa tərəfdaş tapmadığı, dəstək qazanmadığı üçün iflasa uğradı.
5 noyabr üçün ABŞ Konqresində nəzərdə tutulmuş dinləmələr isə şok effekt verdi. Guya parlament seçkilərinin nəticələrinin müzakirəsi üzrə keçiriləcəyi, sanksiyalar tətbiq olunması yönündə bəyanat veriləcəyi elan edilmiş Konqres dinləmələrində bu mövzulara, demək olar ki, toxunulmadı. Əksinə, ABŞ-ın hərəkətlərində Azərbaycanı narazı salan məqamlar, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin əldə olunması üçün onun yetərli dəstək verməməsi qabardıldı. Beləliklə, 5 noyabr dinləmələri gözləntilərin əksinə olaraq, 1 noyabr seçkilərinin tanınmaması üçün keçirilən aksiya yox, ümumi müzakirələr açılan, hətta istənilməsə belə, Azərbaycan həqiqətlərinin də dilə gətirildiyi bir toplantıya çevrildi.
Yaranmış durum ABŞ-ın ölkə içrə yançısı qismində çıxış edən şəxsləri də çaşqın duruma salıb. ABŞyönlü müxalif düşərgəyə məxsus şəxslər ötən həftəni beynəlxalq təşkilatlara lənət yağdırmaqla başa vurdular.
Amma sərgilənən münasibət təkcə ABŞ yançıları üçün gözlənilməz olmayıb. Siyasi təhlilçilər də ötən həftəni ABŞ-ın manevrinin izahı üçün xərcləməli oldular. "Qərb mediası Azərbaycandakı seçkiləri niyə unutdu?" və "ABŞ-dan seçki ilə bağlı ziddiyyətli mövqelər" başlığı ilə açılan müzakirələrdə super dövləti qeyri-adi mövqe dəyişkənliyinə sövq edən səbəblər araşdırıldı. Bir mənbədən siqnal alırmış kimi hər kəsin qeyd-şərtsiz susması, 1 noyabr seçkilərinin nəticələrinin tanınmaması yönündə start verilmiş kampaniyaların dondurulması, əksinə, nəticələrin tanınması yönündə çağırışlar edilməsi, həqiqətən də, ciddi araşdırmalara yol açacaq durumdur.
ABŞ-ı susmağa nə məcbur edib?
Versiyalar müxtəlifdir. Avropanın aparıcı dövlətlərinin, həmçinin, İsrailin, Rusiyanın, Türkiyənin ABŞ-a qarşı vahid əks-cəbhəni elan etmək üçün çoxdan fürsət axtardıqlarını, Azərbaycana dəstək verməklə ABŞ-ın planlarına qarşı vahid cəbhədən çıxış edə biləcəklərini nümayiş etdirdiklərini deyənlər çoxluq təşkil edirlər. Bu tezisin tərəfdarları hesab edirlər ki, Azərbaycan müxtəlif maraqların daşıyıcıları olan güc mərkəzlərini öz manevrləri ilə vahid nöqtədə cəmləşdirməyi bacarıb. ABŞ bu yekdilliyin möhkəmlənib tendensiyaya çevrilməməsi üçün güzəştə getməyə, öz çirkin kampaniyasını müvəqqəti də olsa dondurmğa qərar verib.
Azərbaycanın ABŞ üçün önəmini vurğulayan, xüsusən, Əfqanıstana daşınan NATO yükləri üçün Azərbaycan aeroportlarından istifadə edilməsini, Azərbaycanın beynəlxalq antiterror kampaniyasına ciddi dəstək verməsini önə çəkənlər də var. Bu tezisin tərəfdarları ABŞ-la Azərbaycan arasında hansısa qeyri-leqal razılaşmaların mövcudluğundan da danışırlar. Qeyd edirlər ki, 1 noyabr seçkiləri yönündə qərəzli kampaniyasını dayandırmaq fonunda ABŞ Azərbaycandan hansısa qeyri-leqal güzəştlər istəyib.
ABŞ-a qədər uzanan "MTN işi"
Standartlaşmış versiyalarla yanaşı, ötən həftə orijinal, günümüz üçün yeni olan variantlar da gündəmə gəlib. Yeni tapıntıların müəllifləri bildirirlər ki, ABŞ ölkəmizi təsir dairəsinə almaq üçün ötən illərdə QHT və KİV-lərdən ibarət 5-ci kalonu formalaşdırmaqla yanaşı, hakimiyyət strukturlarına da nüfuz edə bilib. Bunun üçün onlara terrorizmə qarşı beynəlxalq koalisiyanın iş mexanizmlərinin yaradılması yardım edib. Belə ki, terrorizmə qarşı effektiv mübarizə aparmaq üçün koalisiya üzvü olan ölkələrin xüsusi xidmət orqanları tərkibində antiterror mərkəzlərinin yaradılması, bu işdə NATO və ABŞ-ın təcrübə və yardımlarından faydalanması ABŞ xüsusi xidmət orqanlarına bu dövlətlərin ərazisinə girmək üçün hüquqi əsas verib. ABŞ bu qurumlardan nüfuzlu terror təşkilatlarına qarşı mübarizə aparmaqla yanaşı, həmin dövlətlərin özlərinə də təsir mexanizmi kimi faydalanıb. Müəlliflər yazırlar: "MTN-in daxilində hədsiz geniş səlahiyyətlər verilmiş Antiterror Mərkəzinin fəaliyyəti diqqətlə araşdırılsa, görünər ki, bənzər struktur ABŞ-ın Əfqanıstan və İraqdakı antiterror koalisiyalarına qoşulan, ABŞ-ın "Böyük Orta Şərq" adlandırdığı coğrafiyada mövcud olan bütün ölkələrdə yaradılıb. Bu mərkəzlərə terror əleyhinə mübarizə adı altında hədsiz geniş səlahiyyələr verilib, texniki təchizatına xüsusi diqqət yetirilib, kadrları periodik olaraq ABŞ və Avropanın müxtəlif hərbi, təhlükəsizlik proqramlarına cəlb ediliblər. Bəzən bu mərkəzlərə yerləşdikləri ölkənin xüsusi xidmət orqanları içərisində hüdudsuz səlahiyyətə malik olmaq şansı verilmiş, dövlətin bütün strukturlarına və siyasətinə birbaşa nüfuz etmək imkanı yaradılmışdır. Bu fürsətdən yararlanan mərkəzlər təkcə terorrist təşkilatlara qarşı deyil, həm də qeyri-rəsmi idarəçiləri olan ABŞ-ın maraqları naminə öz ölkələrinə qarşı da çıxış etmişlər. Süni şəkildə ölkələrin daxilində "xarici müdaxilə", "terror-təxribat" və "sui-qəsd" təhlükəsi olduğu görüntüsü yaradılmış, ənənəvi "özün yarat - özün həll et" metoduyla daim gərgin atmosfer formalaşdırılmışdır. Beləliklə də, Qərb kəşfiyyatına onun maraq dairəsində olan ölkə üçün rahat siyasətin müəyyənləşməsinə yardımçı funksiya yerinə yetirilmişdir. Son 10 ildə Azərbaycanda yaşanmış sensasiyalı, qalmaqallı hadisələrə, qətllərə bu kontekstdən baxaraq nəticə çıxarmaq olar".
Versiya müəllifləri iddia edirlər ki, ABŞ bu mexanizm vasitəsilə parlament seçkiləri ərəfəsində Azərbaycan üçün ciddi ssenari hazırlayıbmış. Amma ssenaridən vaxtında xəbər tutmağı bacarmış Azərbaycan tərəfi onu zərərsizləşdirə bilmiş, ABŞ-ın planlarını iflasa uğratmışdır. Məşhur "MTN işi"nin ortaya çıxması bu konteksdən izah edilir. Müəlliflər iddia edirlər ki, "MTN işi" təkcə iqtisadi cinayətkarlıqla, reketçiliklə bağlı olmayıb, mənbəyi ABŞ-dan qaynaqlanan siyasi təhlükəsizlik problemi ilə də bağlıdır. Ortaya çıxan faktlar, əgər çılpaqlığı ilə ictimailəşdirilsə, ABŞ-ın təkcə Azərbaycanda deyil, bütün regionda qurduğu şər şəbəkəsini ifşa edər. Qeyd edilən faktları ictimailəşdirmə prosesinin qarşısını almaq o qədər əhəmiyyətlidir ki, ABŞ tərəfi 1 noyabr seçki söhbətlərini arxa plana atmağa məcburdur.
Üzümüzə gələn həftələr bu versiyaların nə dərəcədə əsaslı olub-olmadığını aydınlaşdıracaq.
Müşfiq Ələsgərli
Milli.Az