Azərbaycan-Gürcüstan münasibətlərində yeni mərhələ
Bu həm də Azərbaycanın regionun lideri olduğunun bir daha nümayişi idi
6 Noyabr 2015 15:06 SiyasətMütəmadi olaraq Cənubi Qafqazın iki ölkəsi, Azərbaycan və Gürcüstan arasında münasibətlərə xələl gətirməyə, ölkələrarası əlaqələrə zərbə vurmağa cəhdlər göstərilir. Daha çox Gürcüstanda yaşayan ermənilər tərəfindən edilən bu cəhdlər hər zaman Azərbaycan və Gürcüstan rəhbərliyinin bacarığı, qarşılıqlı anlaşması nəticəsində iflasa uğrayıb. Günümüzdə də erməni təxribatı bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir. Lakin yenə də hər iki ölkə rəhbərliyi tərəfindən nümayiş etdirilən siyasi iradə Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək istəyən qüvvələrin niyyətini gözündə qoyur. Bir müddət əvvəl Gürcüstan baş nazirinin Azərbaycana səfəri, bu günlərdə isə prezident İlham Əliyevin qonşu ölkədə səfərdə olması deyilənləri təsdiqləyir. Səfər çərçivəsində keçirilən mühüm görüşlər və verilən açıqlamalar bir daha onu təsdiqlədi ki, Tbilisi ilə Bakı arasında strateji əməkdaşlıq, iki ölkə arasında tərəfdaşlıq yüksək səviyyədədir və bu əlaqələrə hansısa qüvvənin əngəl olması qeyri-mümkündür. Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin də qeyd etdiyi kimi Gürcüstan və Azərbaycan xalqlarının ortaq tarixi, möhkəm təməlini əks etdirən nadir dostluq əlaqələri var. Bu əlaqələr isə hər iki ölkəyə, ümumilikdə, regiona geosiyasi əhəmiyyət verir.
Prezident İlham Əliyevin Gürcüstan səfəri Tbilisi ilə Bakı arasında münasibətləri sərinləşdirməyə cəhd edən qüvvələrə cavab olmaqla yanaşı, iki ölkənin daha sıx əlaqələr qurması üçün atılan nöbəti addımdır. Nəzərə alaq ki, Gürcüstan ilə Avropa İttifaqı arasında azad ticarət üzrə razılaşma mövcuddur və Azərbaycan sərmayəçilərı və iş adamları da bu imkanlardan yararlanmaqla hər iki ölkənin iqtisadiyyatına töhfə vermiş olarlar. Eyni zamanda bu səfər Gürcüstanla Azərbaycan arasında siyasi, iqtisadi, enerji, ticarət, nəqliyyat, təhsil və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etməsi üçün yeni imkanlar yaradacaq. Və bu səfər Gürcüstan və Azərbaycan arasında tərəfdaşlığın daha da dərinləşməsinə yeni təkan verəcək. Xüsusilə enerji sahəsində əməkdaşlıq diqqət çəkicidir. Belə ki, indiki situasiyada Azərbaycanın enerji ehtiyatlarının və məhsullarının Avropaya nəqli üçün Gürcüstan da cəlbedici ölkələrdəndir. Necə ki, bu vaxta qədər birgə həyata keçirdiyimiz irimiqyaslı enerji, nəqliyyat layihələri, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, "Cənub" qaz dəhlizi, Bakı-Tbilisi-Qars kimi layihələr hər iki ölkə üçün faydalı olub. Elə bu səbədən də gələcək regional layihələrdə də hər iki ölkə birgə əməkdaşlıq edəcək.
Prezident İlham Əliyevin Gürcüstan səfəri hər iki ölkənin ekspert və siyasi şərhçiləri tərəfindən müsbət qiymətləndirilir. Politoloq Ramiz Alıyev deyir ki, prezident İlham Əliyevin Gürcüstana etmiş olduğu uğurlu səfərə bir neçə aspektdən yanaşmaq lazımdır: "Dövlət başçısının Gürcüstan səfərinə müxtəlif
aspektlərdən baxıb diqqətlə analiz etsək görərik ki, bu səfərin özəlliyini təşkil edən bir çox məqamlar var. Belə ki, bu səfər zamanı həm siyasi, həm iqtisadi cəhətdən, həmçinin də xalqların dostluğunun nümayişi öz əksini tapıb. Eyni zamanda bu səfərlə və orada vermiş olduğu bəyanatlarla cənab Prezident dünyaya göstərmiş oldu ki, Azərbaycan regionun lideridir və Azərbaycanın iştirakı olmadan regionda beynəlxalq əhəmmiyətli layihələrin icrası mümkün deyil. Həmin səfərdə verilmiş olan mesajlar həm də Ermənistan dövlətinin Azərbaycan tərəfindən iqtisadi blokadaya salınmasını və Azərbaycanın ərazi bütövlüyünün təmin olmadığı təqdirdə Ermənistanın bütün beynəlxalq layihələrdən kənarda qalacağına bir işarələr oldu". Ramiz Alıyev deyir ki, Azərbaycan öz qonşu dövləti olan Gürcüstanın iştirakı ilə bir neçə beynəlxalq layihələrə imza atıb: "Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri, Bakı-Tibilisi - Qars Dəmir yolu və s. bunlara əyani sübutdur. Hesab edirəm ki, cənab prezidentin bu səfəri Baki-Tibilisi-Qars dəmir yolunun işinin sürətlənməsinə de müsbət təsir göstərəcək və Azərbaycan növbəti dəfə analoqu olmayan böyük bir layihənin həyata keçməsinə səbəb olacaq. Regionda belə bir layihəyə rəhbərlik etmək ölkəmizin qüdrətinin göstəricisidir. Həmçinin də sözügedən layihə ölkəmizin tranzit bir ölkəyə çevrilməsinə gətirib çıxaracaq ki, bu da ölkə iqtisadiyyatının inkişafına böyük təsir göstərəcək. Ister yük daşınmasında, istərsə də sərnişinlərin səfərlərinin təhlükəsiz və rahat təşkil olunmasında əvəzolunmaz bir proje olacaq".
Politoloq bildirib ki, dövlət başçısı Gürcüstana səfəri zamanı hər bir azərbaycanlının prezidenti olduğunu bir daha təsdiqlədi: "İstənilən xarici ölkəyə səfəri zamanı zamanının az olmasına baxmayaraq cənab prezidentin həmin ölkələrdə yaşayan azərbaycanlılarla görüşü onlarda bir ruh yüksəkliyi yaradır. Soydaşlarımız onların arxasında dövlətin, onun prezidentinin dayandığını görür və bundan qürur duyurlar. Gürcüstana səfəri zamanı da cənab prezident bu ölkədə yaşayan azərbaycanlılarla görüşdü, onların qayğıları ilə maraqlandı. Həmin görüşdə diqqət çəkən əsas məqamlardan biri də ondan ibarət oldu ki, dövlət başçısı Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı iş adamlarına soydaşlarımızın işlə təmin olunmasında fəallıq göstərmələrini tövsiyyə etdi. Hesab edirəm ki, bu məqam xüsusi diqqətçəkicidir". Politoloq bildirib ki, dövlət başçısının qeyd etdiyi kimi Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər bu sahədə əlaqələrin inkişafında körpü rolunu oynayır. Bu baxımdan onların vətəndaşı olduqları ölkənin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması, xalqlarımız və ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün çox əhəmiyyətlidir.
S.İsmayılbəyli