Dünya mediası Azərbaycandakı seçkilərdən yazdı
Əksər kütləvi informasiya vasitələri seçkilərlə bağlı obyektiv məqalələr dərc edib
5 Noyabr 2015 15:10 SiyasətNoyabrın 1-də keçirilən parlament seçkiləri, səsvermə və onun gedişi əksər ölkələrin mətbu orqanları tərəfindən geniş şəkildə işıqlandırılmaqdadır. Bir çox kütləvi informasiya vasitələri seçkilərlə bağlı obyektiv xəbərlər və məqalələr dərc etməkdədir. Onların arasında ikili standartlar, qərəz və qeyri-obyektivlikdən irəli gələn yazılara rast gəlinsə də, əksəriyyət proses barədə həqiqəti əks etdirən informasiyalara yer verir. Nüfuzlu nəşrlər seçkilərdə hakim partiyanın qələbəsini təmin edən şərtləri bir-bir sadalayaraq, seçki prosesinin şəffaf və obyektiv keçdiyini qeyd ediblər.
Rusiyanın "İzvestiya" qəzeti yazır ki, demokratik prinsiplərə uyğun keçirilən seçkilər hakim partiyanın qələbəsi ilə başa çatıb. "Azərbaycanda parlament seçkiləri qanun pozuntuları olmadan keçdi"- deyə yazan müəllif əlavə edib ki, demokratik prinsiplərə uyğun keçirilən seçkilər hakim partiyanın qələbəsi ilə başa çatıb. Rusiya insan hüquqları müdafiəçisi Aleksandr Brod "İzvestiya"ya açıqlamasında seçkilərdə hər hansı nöqsana rast gəlmədiyini deyib: "Mən paytaxt Bakının 10-dan çox məntəqəsində müşahidə apardım. Seçki komissiyaları çox dəqiq işləyirdi. Eyni zamanda, Gəncədə səsverməni izləyən əməkdaşlarla əlaqə saxladım. Hər hansı nöqsanla bağlı məlumat daxil olmadı". Aleksandr Brod, həmçinin bildirib ki, müxalifət sosial şəbəkələrdə bəzi qanun pozuntularına dair məlumatlar yayılsa da, onların heç biri sübuta yetirilmədi.
Rusiyanın tanınmış "Kommersant" qəzeti Azərbaycanda seçkilərin şəffaf şəkildə keçirildiyini yazıb. Yazıda bir sıra müstəqil "exit-poll" keçirən təşkilatların nəticələri əsasında seçkilərin hakim partiyanın tam qələbəsi ilə bitdiyi qeyd olunub. Bildirilib ki, hakim partiya yeni parlamentdə ən azı 66 mandat qazanıb. Həmçinin qeyd edilib ki, 1 mandat uğrunda 6 namizədin mübarizə apardığı seçkilər insidentsiz başa çatıb.
Belarusun rəsmi "Belta" agentliyi də Azərbaycanda baş tutan parlament seçkilərindən yazıb. Yazıda seçki barədə müfəssəl məlumat (namizədlərin, seçicilərin, seçki məntəqələrinin sayı və sair) verilib. Agentlik qeyd edib ki, seçkilərin şəffaflığını təmin etmək məqsədilə məntəqələrin çoxunda veb- kameralar quraşdırılmışdı. Seçkiləri 40-dan çox beynəlxalq təşkilatdan 503 müşahidəçi izləyib. Beynəlxalq təşkilatlarla yanaşı, Avstraliya, İtaliya, Litva, Latviya və digər ölkələrin müşahidəçiləri də səsvermə prosesinin şahidi olublar.
Azərbaycanda parlament seçkilərini izləyən avropalı siyasətçilər səsvermə prosesini şəffaf və demokratik adlandırıb, seçkinin beynəlxalq standartlara uyğun keçirildiyini bildiriblər. Bu barədə "PRNewswire" saytı yazıb. Sayt seçkiləri müşahidə etmiş beynəlxalq müşahidəçilərin, həmçinin "exit-poll" keçirən xarici təşkilatların seçkilərin demokratik prinsiplərə uyğun keçirilməsi haqda fikirlərinə yer ayırıb. Bundan əlavə RBK, RİA-Novosti, TASS, İnterfaks, Lenta.ru nəşrlərində yer alan yazılarda bildirilib ki, Azərbaycandakı seçkilər sakit və hakim Yeni Azərbaycan Partiyasının inkar edilməz üstünlüyü ilə başa çatıb. Tanınmış "MİR-24" telekanalında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun açıqlamasından sitat gətirilərək vurğulanıb ki, Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə və ölkə qanunvericiliyinə uyğun keçirilib.
"Rosbalt" informasiya agentliyində də baş tutan seçkilərlə bağlı analitik yazı dərc olunub. Yazıda qeyd olunur ki, ötən bazar günü Azərbaycanda baş tutan seçkilər beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib. "Azərbaycanda parlament seçkiləri legitim və azad olub" - deyə məqalədə bildirilir. Seçkilərdə 125 yer uğrunda 22 partiyanı təmsil edən 767 namizədin mübarizə apardığını yazan Rusiya saytı qeyd edir ki, hakim Yeni Azərbaycan Partiyası seçkilərə 116 namizədlə qatılıb. "Parlament seçkilərini 66 min yerli müşahidəçi izləyib. Bu, Azərbaycanda keçirilmiş seçkilərin şəffaflığının göstəricisidir. Bundan əlavə, seçkiləri 40 təşkilatdan 503 beynəlxalq müşahidəçi izləyib"- deyə yazıda qeyd olunur.
Analitik yazıda Rusiya Dumasının nümayəndə heyəti tərkibində Azərbaycandakı seçki prosesini izləməyə gələn Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Dmitri Savelyevin də fikirlərinə yer ayrılıb. O, seçki prosesinin yüksək səviyyədə təşkil olunduğunu deyib. Qeyd olunub ki, istər seçicilər, istərsə də seçki komissiyaları öz işlərini mükəmməl şəkildə həyata keçiriblər. Ekspert rəylərinə də toxunan informasiya agentliyi ölkəmizin parlament seçkilərinə çox yaxşı hazırlaşdığını yazıb. Bildirilib ki, məntəqələrdə quraşdırılan veb-kameralar seçki prosesini onlayn olaraq izləməyə imkan verib. "İnsanlar seçkilərə həvəslə qatılıblar. Biz bunu onların simalarından da görürdük". Bu fikirləri isə MDB müşahidəçi missiyasının rəhbəri Sergey Lebedev deyib. O, qeyd edib ki, söhbət etdikləri seçicilər heç də səs vermək xatirinə deyil, məhz namizədlərinə dəstək olmaq üçün seçki məntəqələrinə gəldiklərini bildiriblər.
"Arqumentı i faktı"-nın "Bakısayağı seçkilər. Azərbaycanda seçki kampaniyası necə keçib?" başlıqlı məqaləsində qeyd edilir ki, bazar günü Azərbaycan öz parlamentini seçdi. "Worldmedia.az" saytı həmin məqaləni dərc edib. "5-ci çağırış Milli Məclisə noyabrın 1-də keçirilmiş seçkilərin nəticələri Azərbaycanda düzgün qərarların qəbul olunduğunu göstərib. İlkin nəticələrə əsasən, prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası (YAP) parlamentdəki 125 yerin 70-nə sahib çıxıb. 55 kürsü isə bitərəf namizədlərə və müxalifətçilərə qismət olub. Azərbaycanda keçirilən seçkilər bir çox xüsusiyyətlərinə görə, Rusiyadakından fərqlənir. Məsələn, 50-yə yaxın partiyanın olduğu ölkədə seçkiqabağı kampaniya çox sakit keçib. Bu, ölkənin seçki qanunvericiliyi ilə də əlaqədardır. Məsələ ondadır ki, qanuna görə, pulsuz efir imkanını minimum 60 dairədə namizədləri qeydiyyatdan keçmiş partiyalar əldə edir. Ölkədə isə YAP-dan başqa belə partiya tapılmayıb. Nəticədə hakim partiya pulsuz efir vaxtından təkbaşına istifadəni qeyri-etik saydığı üçün bu imkandan imtina edib. Seçkiqabağı dövrdə eyni hal əyani təbliğatla bağlı da yaşanıb. Bu təbliğatı yalnız seçki məntəqələrində görmək olardı, özü də məntəqələrin daxilində yox, xaricində. Məsələn, 237 saylı orta məktəbin (seçki vaxtı burada Bakının Xəzər rayonunun 14 saylı seçki məntəqəsi yerləşirdi) yaxınlığında deputatlığa namizəd, olduqca gözəl qadın olan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın portreti asılmışdı.
Azərbaycanda seçkilərin saxtalaşdırılmasını əngəlləmək üçün sadə, lakin effektiv vasitələrdən istifadə olunub. Seçkidən öncə hər bir vətəndaşa səsvermədə iştirak etməsi üçün poçt vasitəsi ilə dəvət göndərilib. Hər bir vətəndaş bu sənəd və şəxsiyyət vəsiqəsi ilə seçkilərdə iştirak edə bilərdi. Amma onlardan "üçüncü sənəd" də tələb olunurdu - sol əlin baş barmağı. Seçki məntəqəsində hər bir seçicinin baş barmağına bir sutka ərzində pozulmayan, lakin adi gözlə görünməyən mürəkkəb vururdular. O, xüsusi cihaz vasitəsilə yoxlanılarkən bənövşəyi rəngdə görünürdü. Məqsəd "karusellər"in qarşısının alınması idi. Bundan başqa, Azərbaycanda erkən səsvermə keçirilmir. Bəzi ölkələrdə məhz bu zaman seçki qutularına kütləvi şəkildə bülletenlər atılır" - deyə məqalədə bildirilib.