AŞPA-dan ədalətli mövqe
“Azərbaycanın suverenliyi tam bərpa olunmalıdır"
5 Noyabr 2015 14:14 SiyasətErmənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupu ötən müddət ərzində problemin həlli istiqamətində elə bir ciddi naliyyət əldə edə bilməyib. Qurumun işi tərtib edilmiş qrafikə uyğun olaraq bölgələrə "turist səfəri" etmək, ən yaxşı halda isə münaqişə tərəflərinin xarici siyasət idarələrinin rəhbərlərinin görüşünü təşkil etməkdən ibarət olub. Baş tutan görüşlərdə neytral möbqedə dayanan Minsk qrupu əlini əlinin üstünə qoyaraq razılaşmanın detallarının məhz münaqişə tərəflərinin özlərinin müəyyən etməli olduqlarını bəyan edib. Təsadüfi deyil ki, Azərbaycan cəmiyyətində belə bir haqlı sual yaranıb ki, ATƏT-in Minsk qrupu münaqişənin həlli prosesində hansı missiyanı yerinə yetirir? Demək olar ki, 20 ildən artıqdır ki, ictimaiyyət bu suala dürüst cavab tapa bilməyib. Məlumat üçün qeyd edək ki, ATƏT Minsk qrupunun məsələyə biganə münasibəti kvota-statusun saxlanmasına real imkan yaradır. Digər tərəfdən, təhlükəsizlik və hərbi sahədə ixtisaslaşmış beynəlxalq təşkilatların problemin həllinə müdaxilənin qarşısını almış olur. Məsələnin qəlizliyini anlayan beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupunun birbaşa məşğul olduğunu əsas gətirərməklə yaxalarını kənara çəkmiş olurlar. Lakin bu qurupdan fərli olaraq bir sıra beynəlxalq təşkilatlar ən azından Qarabağ probleminin ədalətli həllinə təsir edə biləcək mövqelərini ortaya qoyublar. Avropa Şurası Parllament Assambleyası, BMT Təhlükəsizlik Şurası kimi təşkilatlar siyasi iradı nümayiş etdirərək dəfələrlə Qarabağ probleminin həlli ilə bağlı bəyənatlar verib, qərarlar qəbul ediblər. Elə noyabrın 5-də Avropa Şurası Parlament Assambleyasının hesabatında əks olunan faktlar dediyimizi fikirləri bir daha sübut edir. AŞ PA-nın hesabatında birbaşa göstərilir ki, "Ermənistan silahlı qüvvələri və digər qanunsuz silahlı dəstələr Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərdən çıxarılmalı və ATƏT-in Minsk Qrupu prosesi çərçivəsində Azərbaycanın bu ərazilərdə tam suverenliyini bərpa edilməlidir". Sənəddə Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin, həmçinin Azərbaycanın digər ərazisindən Naxçıvana çıxışın təmin olunması da daxil olmaqla, etimad tədbirləri ilə birlikdə təhlükəsizlik və daxili özünüidarəçiliyi təmin etmək məqsədilə Dağlıq Qarabağın müvəqqəti statusunu müəyyən etmək üçün Minsk Qrupunun plenar iclasının keçirilməsinə çağırılır. Təmas xəttindəki dinc əhalinin qəsdən hədəfə alınmasının qətiyyətlə pisləndiyi layihədə təəssüflə qeyd edilir ki, Dağlıq Qarabağ problemi digər beynəlxalq böhranların fonunda kənarda qalıb: "Bir qədər də ləngimə bu "dondurulmuş" münaqişənin həllini daha da ağırlaşdıracaq. Hansı ki, bu münaqişə 2014-cü ilin əvvəlindən 100-ə yaxın insanın ölümünə səbəb olub və Avropa Şurasının iki üzv ölkəsi arasında real müharibəyə çevrilə bilər". Komitə Azərbaycan və Ermənistanı 2001-ci ildə Avropa Şurasına üzv olarkən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yalnız sülh xarakterli vasitələrdən istifadə etmək barədə üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməyə çağıraraq hər iki hökuməti silahlı qüvvələrdən istifadə etməkdən çəkinməyə səsləyir. Sənəddə Dalıq Qarabağ və digər işğal olunmuş ərazilərdə təhlükəsizliyi dəstəkləmək, məcburi köçkünlərin təhlükəsiz qayıdışı və yerləşdirilməsini təmin etmək, atəşkəs rejiminin pozulmasını araşdırmaq mexanizmini yaratmaq üçün ATƏT tərəfindən sülhməramlı qüvvələrin yaradılması çağırışı əksini tapıb. Qətnamə layihəsi 2016-cı ilin yanvar sessiyasında assambleyanın iclasında müzakirə olunacaq. Göründüyü kimi AŞ PA Minsk qrupundan fəqli olaraq təmas xəttindəki dinc əhalinin qəsdən hədəfə alınmasının qətiyyətlə pisləyir. Nəzərə alaq ki, ATƏT-in Monitorinq qrupunun cəbhə bölgəsinə səfəri zamanı Ermənistan tərəfindən dəfələrlə atəşkəs rejiminin pozulması halları baş verib. Hətta iriçaplı silahlardan açılan atəş Monitorinq qrupunun üzvləri üçün də real təhlükə yaradıb. Həmçinin monitorinq qrupuna Ermənistan silahlı qüvvələri tərəfindən dinc sakinlərə qarşı snayperdən atəş açılması barədə rəsmi məlumat verilib. Təəssüf ki, bütün hallarda monitorinq qrupu guya balansı qorumaq məqsədilə məsələnin araşdırılacağına söz vetrsə də sonradan "ənənvi" bəyənat səsləndirilib. Belə mövqe təbii ki, Minsk qrupu tərəfindən Ermənistanın işğalçı dövlət olması faktının inkar edilməsi və ona qarşı sanksiyaların tətbiqini mümkünsüz edir. Fakt ondan ibarətdir ki, AŞ PA Minsk qrupundan daha çox Qarabağ problemi ilə məşğul olur. Qeyd edək ki, hesabat Avropa Şurası Parlament Assambleyasının Demokratiya və Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Valterin "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair" hazırladığı məruzə əsasında hazırlanıb. Yeri gəlmişkən qeyd edək ki, sözügedən hesabatın hazırlanması AŞ PA-ya elə də asan başa gəlməyib. Məruzəçi R. Valter hələ bir müddət öncə AŞPA-nın Demokratiya və siyasi məsələlər üzrə komitəsi adından Dağlıq Qarabağa dair məruzə hazırlamaq üçün Azərbaycana səfər etsə də, Ermənistan hökuməti ona icazə vermədiyi üçün Ermənistan və Dağlıq Qarabağa səfərlər edə bilməmişdi. Çünki erməni tərəfi məruzəçinin Dağlıq Qarabağla bağlı hesabat hazırlamasını istəmir. Ermənistanın üzv olduğu beynəlxalq təşkilatın mərizəçisinin Qarabağa səfərinə qarşı çıxdığı bir şəraitdə belə bir cəsarətli hesabatın hazırlanması ən azından AŞ PA-nın məsələyə ədalətli münasibətinin ifadəsi kimi dəyərləndirilə bilər. Nəzərə almaq lazımdır ki, AŞ PA-da Dağlıq Qarabağ üzrə Alt komitəsi də var ki, onun fəaliyyətinin aktivləşdirilməsi hansısa kompromisə yol aça bilər. Hansı ki, Ermənistanın AŞ PA-da təmsil olunan deputatları birmənalı şəkildə sözügedən qurumun fəaliyyəinə qarşı çıxır və onun tədbirlərinə qatılmaqdan imtina edir.
Xatırladaq ki, 2011-ci ilin yanvarında AŞ PA Bürosu yekdilliklə Dağlıq Qarabağ üzrə Alt komitənin fəaliyyətinin yenidən bərpa edilməsinə dair qərar verib. Bu qərarın mənşəyi 2005-ci ildə qəbul olunan 1416 saylı qətnamədə öz əksini tapıb. Lakin 2005-ci ildən bəri AŞ PA tərəfindən qəbul olunan qərar və qətnamələr yerinə yetirilməyib. Buna səbəb Ermənistan tərəfinin AŞ PA-nın qəbul etdiyi qərarları tamamilə rədd etməsi və onlara məhəl qoymamasıdır. Bütün hallarda, hazırki şəraitdə AŞ PA tərəfindən belə bir hesabatın açıqlanması qurumun Azərbaycana qarşı münasibətinin loyallaşmasından xəbər verir. Belə ki, bir sıra beynəlxlaq təşkilatların Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı kompromat axtardığı bir məqamda AŞ PA-nın Dağlıq Qarabağ məsələsini qabartması, üstəlik problemin həllinə ədalətli yanaşması onun ölkəmizlə əməkdaşlıqda maraqlı olduğundan xəbər verir. Qurumin öz qərarlarının icrasına diqqət artırması isə təbii ki, onun beynəlxalq nüfuzunun artmasına səbəb ola bilər.
Alim