Prezidentin rüşvətxor məmurlara mesajı

“Heç kim toxunulmaz deyil”

Nazirlər Kabinetinin cari ilin 9 ayının sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclası və həmin iclasda dövlət başçısının bir sıra mövcud problemlərlə bağlı ciddi iradlarından sonra ölkədə radikal islahatlar həyata keçirilməkdədir. Dövlət başçısının etimadından sui-istifadə edərək dövlətçiliyə deyil, şəxsi maraqlara xidmət edən bəzi məmurların cazalandırılması, vəzifədən çıxarılması cəmiyyətdə belə bir əminlik yaratdı ki, dövlət başçısının söylədiyi fikirlər heç də kampaniya xarakteri daşımır və artıq ortaya siyasi iradə qoyulmaqdadır. Ölkənin təhlükəsizlik qurumuna rəhbərlik edən şəxsin vəzifədən azad edilməsi, sabiq nazirlə əlbir olaraq bir sıra cinayətlərə imza atmış məmurların cəzalandırılması onu sübut etdi ki, hansı postu tutmasından asılı olmayaraq hər kəs törətdiyi cinayət əməllərinə görə cavab verəcək. Elə prezident İlham Əliyev də bu günlərdə Şəkidə olarkən bunu bir daha təsdiqləyib. "Cəmiyyətdə korrupsiya və rüşvətxorluq hallarına qarşı heç kim toxunulmaz deyil. Bu kimi hallara qarşı cəza tədbirləri davam etdiriləcək" deyən prezident İlham Əliyev bildirib ki, son dövrlər sahibkarlara qarşı edilən ədalətsizliklərlə bağlı müxtəlif faktlar üzə çıxıb.
Əslində Prezidentin bu çıxışını hələ də vəzifə səlahiyyətlərindən sui-istifadə edən məmurlara, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına bir mesaj kimi də dəyərləndirmək olar. Və belə qənaətə gəlmək mümkündür ki, cəmiyyəti, sadə insanları narazı salan məmurlar iradlardan nəticə çıxarmalıdırlar. Əks təqdirdə cəzalandırılması prosesi davam edəcək. Necə ki, dövlət başçısı bundan əvvəl də bir neçə dəfə anoloji xəbərdarlıqlar etmişdi. Lakin bəzi məmurlar prezidentin tapşırıqlarını qulaqardına vurur, dövlət başçısının tövsiyyələrini icra etmirdilər. Nəticə etibarilə dövlət başçısı "artıq hövsələm qalmayıb" deyərək radikal addımlara əl atdı. İndi əminliklə deyə bilərik ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edən, dövlət və dövlətçiliyə deyil, şəxsi maraqlara xidmət edən bəzi məmurlar növbəti hədəfdə olacaqlarını yaxşı anlayırlar. Təqdiredilən hal ondan ibarətdir ki, prezidentin bu addımları Azərbaycan cəmiyyəti tərəfindən dəstəklənir. Çünki dövlət başçısı məhz Azərbaycan cəmiyyətinin, ölkə vətəndaşlarının mövqeyindən çıxış edərək bu islahatları həyata keçirir. Azərbaycanda artıq 10 ildir çoxdur dövlət səviyyəsində korrupsiyaya qarşı mübarizə aparılır. Aparılan mübarizə və ona cəmiyyət tərəfindən olan münasibət onu göstərir ki, bu mübarizənin davamlı olması ən yüksək səviyyədə dəstəklənir. Düzdür, bəzi hallarda korrupsiyaya qarşı mübarizəyə kampaniya donu geyindirmək, onun effektivliyini gözdən salmağa cəhdlər edilir. Ancaq prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi korrupsiyaya qarşı mübarizə dövlətin siyasi iradəsidir. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə və əldə edilən nəticə bu sahə ilə məşğul olan, onu tədqiq edən beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman bütün çıxışlarında korrupsiyaya qarşı mübarizə tədbirlərinə toxunub, bu mübarizənin səmərə verməsi üçün atılması lazım olan addımları vurğulayıb. Bu da o deməkdir ki, korrupsiyaya
qarşı mübarizə artıq dövlətin siyasi iradəsinə çevrilib. Son illər ərzində korrpsiyaya qarşı aparılan mübarizədə əldə edilən nəticələr də göz önündədir.
Prezidentin Şəkidə keçirdiyi görüşdə diqqət çəkən digər vacib məqam məhkəmələrin faliyyəti ilə bağlı olub. Dövlət başçısı məhkəmələrə daxil olan şikayətlərin getdikcə azaldığını qeyd etməklə yanaşı bu sistemdə qərəzli yanaşmanın da yolverilməz olduğunu deyib. Prezidentin sözlərindən məlum olub ki, yaxın vaxtlarda məhkəmə sistemində də zəruri islahatlar həyata keçiriləcək və bu sahədə mövcud olan neqativ halların aradan qaldırılması istiqamətində müəyyən addımlar atılacaq. Bu mənada prezidentin Şəkidə məhkəmə sistemi ilə bağlı söylədiyi fikirləri də xəbərdarlıq kimi qiymətləndirmək lazımdır. Sirr deyil ki, regionlardan daxil olan şikayətlərin bir qismi də əsasən yerli məhkəmə strukturlarının ədalətsiz qərarları, məhkəmə qərarlarının icra olunmaması ilə bağlıdır. Ona görə də dövlət başçısının qeyd etdiyi kimi bu sistemdə qərəzli yanaşma yolverilməzdir.
Göründüyü kimi dövlət başçısı yenə də öz xəbərdarlığını etdi və bundan nəticə çıxarılmasının zəruriliyini vurğuladı. Bununla həm də prezident yaxın vaxtlarda hansı sahələrdə radikal addımların atılacağının anonsunu verdi. Ümid etmək olar ki, son olaylar işində nöqsan olan məmurların bundan nəticə çıxarmasına gətirib çıxaracaq ki, dövlət öz sərt tədbirlərini icra etmək məcburiyyətində qalmasın.


S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00