"Onlar yalnız bir havaya oynaya bilirlər"

Avropa Parlamentinin sədri Martin Şults və onun kimilərin mövqeyi yavaş-yavaş zəifləyəcək və digər parlamentarlar gec-tez əsl həqiqəti biləcəklər. Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Avropa Parlamentinin sədri Martin Şultsun Azərbaycandakı parlament seçkiləri barədə fikirlərinə münasibət bildirərkən deyib.

Ç.Qənizadənin fikrincə, Şults kimi insanlardan başqa cür danışmalarını gözləmək əbəsdir: "Onlar yalnız bir havaya oynaya bilirlər. Şübhəsiz ki, Avropa Parlamentinin anti-Azərbaycan qətnamələrinin yaranmasında, ideyalarının ortaya çıxmasında və reallaşmasında Martin Şultsun böyük "əməyi" var. Bu, onu göstərir ki, Martin Şults və onun ətrafındakı adamlar anti-Azərbaycan kampaniyasına başçılıq edən şəxslərin, siyasi dairələrin təsiri altındadırlar. Onlar ayrı cür danışa bilmirlər. Bu, nədən irəli gəlir? Onun həmin dairələrin lobbiçiliyini həyata keçirdiyini və ya digər maraqları olduğunu zaman göstərəcək. Amma hələlik anti-Azərbaycan kampaniyası davam edir və onlar çalınan bu havaya oynamaqda israrlıdır və bu gün də bu istiqamətdə çalışırlar".
Qeyd edək ki, haqqin.az-ın məlumatına görə, Azərbaycana qarşı daim tənqidi mövqeyi ilə seçilən Avropa Parlamentinin sədri Martin Şults Azərbaycanda noyabrın 1-də Milli Məclisə keçirilən seçkilər barədə fikirlərini Tvitter sosial şəbəkəsində paylaşaraq belə yazıb: "Azərbaycanda demokratiya, azadlıq və plüralizm ciddi maneələrlə rastlaşmaqda davam edir. Bu ölkədəki parlament seçkiləri standartları inam doğurmur".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00