Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanıb
4 Noyabr 2015 14:39 SiyasətQazaxıstanda rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin müdafiə naziri İmanqali Tasmaqambetovla görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə vurğulanıb ki, Azərbaycan və Qazaxıstan xalqları müştərək tarixi-mədəni keçmişə malikdirlər. Ölkələrimiz arasında münasibətlər strateji xarakter daşıyır. Əməkdaşlığımız həm ikitərəfli formatda, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində inkişaf edir. "Hazırkı mərhələdə diqqəti Azərbaycanın və Qazaxıstanın Hərbi Dəniz Qüvvələri arasında praktiki əlaqələrin qurulmasına yönəltmək vacibdir. Bu istiqamət Xəzər dənizində qonşuluq münasibətlərinin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edər. Bu, Xəzəryanı dövlətlərin rəhbərlərinin yüksək səviyyəli görüşlərdə əldə etdikləri razılığa da uyğundur", - deyə Qazaxıstanın Müdafiə naziri bildirib. "Biz birgə təlimlərin keçirilməsinə hazırıq. Çünki Qazaxıstan ilə təlimlərin və yarışların keçirilməsi sahəsində təcrübəyə malikik. Bu cür tədbirlərin keçirilməsi silahlı qüvvələrimizin qarşılıqlı təcrübə əldə edərək yaxınlaşmasına xidmət edər", - deyə Azərbaycanın Müdafiə naziri vurğulayıb. Görüş zaşamı Qazaxıstanın müdafiə naziri Zakir Həsənovu gələn il Astana şəhərində keçirilməsi planlaşdırılan "KADEKS-2016" Beynəlxalq Hərbi Texnika və Silah sərgisinə dəvət edib. Görüşün yekununda Azərbaycan və Qazaxıstan Müdafiə nazirlikləri arasında 2016-cı il üçün əməkdaşlıq planı imzalanıb.