1 noyabrın Azərbaycana qərəzli yanaşan dünya qüvvələrinə mesajları...

Mirkazım Seyidov: "Bununla Azərbaycan bir daha haqq yolunda olduğunu, hakimiyyətlə xalqın həmrəy olduğunu sübut etmiş oldu"

"Bəzi dairələrə bir xəbərdarlıq oldu ki, Azərbaycanla hədə dilində danışmaq yersizdir və heç bir təzyiqlə bizi yolumuzdan döndərmək olmaz"

Noyabrın 1-də keçirilən parlament seçkiləri ölkəmizdə ictimai-siyasi fəallığın xeyli yüksək olduğunu ortaya qoydu. Amma görünən budur ki, Azərbaycanın müstəqil siyasət yürütməsi bir çox Qərb dairələrində narahatlıq yaradır. Ona görə də müxtəlif üsullarla ölkəmizi ləkələməyə, seçkilər qabağı siyasi vəziyyəti gərginləşdirməyə cəhd etdilər. Xalqın rəyi hər hansı bir seçkidə həlledicidir. Bu rəyin necə olduğunu hər seçkiqabağı yerli və beynəlxalq sorğu mərkəzləri öyrənirlər. İndiyədək keçirilmiş seçkilərdə seçkiqabağı keçirilən sorğuların nəticələri özünü doğruldub. Yəni xalq sorğuda da, seçkidə də eyni iradəni göstərir. Amma buna baxmayaraq, seçkidən əvvəl Azərbaycana yönəlik qara piar kampaniyası aparıldı. ATƏT-in böyük bir missiyası xırda və əsassız bəhanələri gətirərək müşahidədən imtina etdi. Nəticə etibarilə bunun heç nəyə təsiri olmadı. Əksinə, Azərbaycanda seçkini müşahidə edən daha mötəbər missiyalar seçkilərin tam demokratik keçdiyini bəyan etdilər.

Bu seçkilər Azərbaycana qərəzli yanaşan beynəlxalq dairələrə hansı mesajı vermiş oldu?

Tanınmış diaspor nümayəndəsi, politoloq Mirkazım Seyidov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, istənilən dövrdə olduğu kimi, budəfəki seçki prosesində də biz müəyyən təzyiqlərlə qarşılaşdıq: "Artıq Azərbaycan belə yersiz təzyiqlərə sinə gərməsi üçün kifayət qədər gücə və təcrübəyə malikdir. Bu təzyiqlər heç vaxt öz əsasını tapmayıb. "Eurovision", Avropa Oyunları ərəfəsindəki təzyiqlər bundan da güclü idi. Nəticəsi nə oldu? Həmin tədbirlər ən yüksək səviyyədə keçirildi. Bizi istəməyən qüvvələr bir daha əmin oldular ki, Azərbaycan heç də kiminsə balaca hədəsinə tabe olacaq ölkə deyil. Artıq baş tutan parlament seçkiləri ilə bağlı da bizə qarşı edilən təzyiqlər zərrə qədər də effektə malik olmadı. Seçkini müşahidə edən ən mötəbər missiyalar razı qaldıqlarını və prosesin demokratik keçirildiyini bəyan etdilər. Bununla Azərbaycan bir daha haqq yolunda olduğunu, hakimiyyətlə xalqın həmrəy olduğunu sübut etmiş oldu. Eyni zamanda, bu seçkilər Azərbaycanın olduqca demokratik bir ölkə olduğunu bir daha sübut etdi. Ən başlıcası isə, bəzi dairələrə bir xəbərdarlıq oldu ki, Azərbaycanla hədə dilində danışmaq yersizdir və heç bir təzyiqlə bizi yolumuzdan döndərmək olmaz".


Məhəmmədəli QƏRİBLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00