Cəmil Həsənli AXCP-nin kadr ehtiyatını dağıdır

Professorun AXCP-də etibarını itirmiş Sahib Kərimov, aktiv cəbhəçilər Kərim Mehdiyev və Bəhruz Həsənini də Milli Şuraya gətirmək istədiyi deyilir

AXCP-dən istefa vermiş sabiq sədr müavini Əbülfəz Qurbanlı Milli Şurada qalacağını bildirib. Əslində onun bu mövqeyi facebook qeydlərindən də bəlli idi. Hiss olunurdu ki, Əbülfəz Qurbanlı sadəcə AXCP-dən inciyib, müxalifətçi kimliyini saxlamaq istəyir. AXCP-də baş verən prosesləri diqqətdə saxlayan "Yeni Müsavat" qəzeti etibarlı mənbələrə istinadən yazır ki, Əbülfəz Qurbanlını AXCP-də incidiblər. Beləki qurultaya hazırlaşan AXCP-də keçirilən rayon konfranslarının birinə Əbülfəz Qurbanlını aparmayıblar. Qazaxda keçiriləcək konfransa öncədən razılaşdırılsa da Əbülfəz Qurbanlı aparılmayıb, toplantını Gözəl Bayramlı ilə Həsən  Kərimov yola verirblər.  Bundan inciyən Əbülfəz Qurbanlı istefa verib. Maraqlıdır ki, Ali Məclisin sədri Həsən Kərimovla bir neçə dəfə sözü çəpləşən Əbülfəz Qurbanlını sədr Əli Kərimli dəstəkləməyib. Sonuncu hadisəyə də Əli Kərimli laqeyd yanaşıb. Bundan nəticə çıxaran Əbülfəz Qurbanlı AXCP-dən getməyi qərarlaşdırıb. Onun Həsən Kərimovla mübahisələrinin biri həbsdə olan AXCP fəalı Seymur Həzi barədə olub. Məlumdur ki, hər iki şəxs əslən İmişli rayonundandır və bir-birinə dəstək verirlər. Seymur Həzi barədə AXCP rəhbərliyinin mövqeyi mənfidir. Hesab edirlər ki, Seymur Həzi hər an Əli Kərimliyə xəyanət edə bilər.  Görünür, Əli Kərimli hesab edib ki, Əbülfəz Qurbanlı da ona xəyanət yolunu tuta  bilər. Bütün bunlar inandırıcı görünür. Ancaq Əbülfəz Qurbanlının "Mən müxalifətdən deyil, AXCP-dən istefa verirəm, Milli Şurada qalacağam" açıqlaması başqa versiyaları da gündəmə gətirir. Siyasi analitiklərin fikrincə, Əbülfəz Qurbanlının Milli Şuraya gətirilməsi qurumun gücləndirilmsi ssenarisinin tərkib hissəsi ola bilər. Son zamanlar aktivləşmiş Milli Şura sədr Cəmil Həsənli AXCP-nin kadr potensialına göz dikib. Xatırladaq ki, onlarla partiya üzvü olmayan şəxs Milli Şurada vəzifə tutur. Müstəqil jurnalist Şahvələd  Çobanoğlu, araşdırmaçı jurnalist Mehriban Vəzir, hüquqşünas Vidadi Mirkamal, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi və digərləri. Cəmil müəllimin Milli Şuranın axırıncı mitinqlərinin aparıcısı olmuş Əbülfəz Qurbanlını da öz komandasına daxil etmək istədiyi deyilir. MŞ sədrinin bunu Əli Kərimlinin razılığı ilə etdiyi bildirilsə də, bu versiya inandırıcı deyil. Əli Kərimli Əbülfəz Qurbanlının Milli Şurada qalmasını istəyər. Ancaq Əbülfəz Qurbanlı AXCP-dəki karyerasında  Milli Şuranı gücləndirmək siyasətinə uyğun olaraq vaz keçməz. AXCP-də etimad limitini tükətmiş Əbülfəz Qurbanlının başqa yolu qalmadığı üçün Milli Şuranı seçməli oldu. Cəmil Həsənlinin isə AXCP-dən kadr qoparma siyasəti davam edəcək. Professorun AXCP-də etibarını itirmiş Sahib Kərimov, aktiv cəbhəçilər Kərim Mehdiyev və Bəhruz Həsənini də Milli Şuraya gətirmək istədiyi deyilir.

Ərhun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00