“Əli Kərimlinin dostları klubu” dağılır

“AXCP idealogiyasız təşkilatdır, müyyən bir ambisiya ətrafında mərkəzləşmiş çaşqınların kompanıyasıdır”

AXCP sədrinin müavini Əbülfəz Qurbanlı partiya sıralarından  istefa verib. Onun istefa açıqlamasında tutarlı bir əsas yoxdur.  Facebookda yazdığı statusda təkcə  "bacarıqlarını realllaşdırmaq üçün imkan yoxdur" fikri var. Amma Əbülfəz Qurbanlı açıqlamır ki, söhbət hansı bacarıqdan gedir, imkanı kim yaratmır. İstefa açıqlamasından öncə Ə.Qurbanlı bir status paylaşıb, "motivasiya"dan bəhs etmişdi. Ehtimal olunur ki, bu statusla o, AXCP sədri Əli Kərimliyə mesaj verib, "boş-boş vədlərdənsə zəhmət haqqımızı verin" demək istəyib. Bütün bunlar ehtimaldır, Əbülfəz Qurbanlının və digər AXCP fəallarının partiyadan çıxıb getməsi ciddi şəkildə əsaslandırılmır. Partiya rəsmi açıqlama vermir. Əbülfəzqurbanlılar partiyanı niyə tərk edir? Yeri gəlmişkən, partiya sədrinin sabiq müavini, hazırda Rəyasət Heyətinin üzvü Sahib Kərimli də AXCP-də müvəqqətidir. Həbsdən çıxandan sonra sədr müavini postuna qaytarılmayan Sahib Kərimliyə etimad itib.  Bir ara xaricə getməyin yollarını arayan Sahib bəyə deyəsən bu imkan da verilməyib. Daha doğrusu Əli Kərimli məlum arayışı sahib bəyə verməyib. Deyilənə görə, Sahib Kərimli Əli Kərimlinin başı üzərindən başqa siyasi qüvvələrlə danışıqlara gedib. Elə Əbülfəz Qurbanlı haqqında da bunu deyirlər.
Baş verənlər deməyə əsas verir ki, AXCP bütövlükə siyasi böhran yaşayır, cəmiyyətdə partiyanın cəlbediciliyi qalmayıb.  Avropada yaşayan siyasi mühacir, araşdırmaçı jurnalist Fəxrəddin Hacıbəyli AXCP-də yaşananları ideoloji böhran kimi xarakterizə edir: "Əli Kərimlinin partiyası ideologiyasız bir təşkilatdır. Daha çox "Əli Kərimlinin dostları klubu"dur, müəyyən bir ambisiya ətrafında mərkəzləşmiş çaşqınların kompaniyasıdır. Heç bir siyasi prinsipi, bəlli bir ideoloji xətti yoxdur. Bu qurumun aparıcı şəxsləri hansısa bir siyasi-ideoloji ritorikada ardıcıl, düzənli deyillər.  Adamlar Avropaya inteqrasiyadan danışırlar,  söz və fikir azadlığından danışır, digər tərəfdən də İran klerikalizmini müdafiə edirlər. Çünkü təşkilatın əsaslandığı, rəhbər tutduğu bir ideoloji baza yoxdur". Araşdırmaçı jurnalist hesab edir ki, AXCP üzvləri üçün əsas idealogiya yox, Əli Kərimlinin düşüncə və hərəkətləridir: "Üzvlərin davranışını sistemləşdirməli, nizamlamalı olan bəlli kodeks yoxdur. Əsas Əli Kərimli nə düşündü, necə düşündü məsələsidir". F.Hacıbəyli hesab edir ki, AXCP fəalları yalnız öz dostlarını (Əli Kərimlini-müəll.), onun tezislərini məzmununa, ağına-bozuna baxmadan müdafiə edirlər, ona olan hücumları dəf edirlər. Çünki onlar ideya ətrafında deyil, fərd ətrafında birləşiblər.
Lidersiz, idealogiyasız təşkilatın sonu iflasdır. AXCP-də baş verənlər bunu təsdiq edir. "Səhmdar cəmiyyət", "dostlar klubu" kimi fəalliyyət göstərən təşkilatlar enində-sonunda dağılmağa məhkumdur.


Ərhun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00