“Dağlıq Qarabağda hər an müharibə başlaya bilər”
Elşən Musayev: “Rusiya münaqişənin həllində maraqlı deyil”
8 İyul 2015 15:48 Siyasət"Rusiyanın Dağlıq Qarabağ siyasətində heç nə dəyişməyib". Son günlərdə Rusiya tərəfindən Dağlıq Qarabağ münaqişəsinin gündəmə gətirilməsi və cəbhə xəttində baş verən gərginlik barədə "Olaylar"a açıqlamasında politoloq Elşən Musayev belə deyib. Rusiyanın həmişə Ermənistana hərbi və digər dəstəkləri verdiyini deyən E. Musayev burada din və başqa faktorların rol oynadığını diqqətə çatdırıb. Politoloq həmçinin qeyd edib ki, Rusiyanın Ermənistanda verdiyi dəstəkdə bölgədə münaqişənin nizamlanmasına istəyin olmaması marağı da var: "Dövlətləri hərbi və münaqişə rıçağı ilə əlində saxlamağa cəhd edir. Qərb və Rusiya həmişə Azərbaycanın münaqişənin həllində diplomatik xətdən kənara çıxmayacağını deyirlər. Onlar hesab edir ki, bu Azərbaycanın maraqlarına ziddir, çünki ciddi uğurların əldə edildiyi bir vaxt müharibəyə başlamaq Azərbaycanın əleyhinə olardı. Amma Azərbaycan artıq radikal bəyanatlarla bunun əksini sübut edir və bütün dünyaya müharibə etmək əzmində olduğu mesajını verir. Cənab prezident İlham Əliyevin dilindən dəfələrlə mötəbər tədbirlərdə verdiyi bəyanatlarda bu fikirlər səsləndirilir. Artıq Azərbaycan öz müharibə əzmini dünyaya göstərir. Düşünürəm ki, bu tamamilə doğru mövqedir. Azərbaycan təkcə müharibəyə hazır olmamalıdır, hər an müharibə addımı atan dövlət olmalıdır. Çünki, ATƏT-in Minsk Qrupu ilə yanaşı məsələnin həlli ilə məşğul olan qeyri-ciddi dövlətlər və qurumlar anlamalıdırlar ki, hər an Dağlıq Qarabağda müharibə başlana bilər. Çünki, BMT-nin məlum 4 qətnaməsi heçə sayılırsa, küləklə havaya sovurulursa, ciddi qurum deyilən anlayışan imtina etməliyik. Azərbaycan belə addımları ilə hər kəsə öz yerini göstərəcək və çoxlarını düşünməyə vadar edəcək". ("OLAYLAR İA")