Deputat: “Avropa Oyunlarında dünya gördü ki, Azərbaycan dövləti nələrə qadirdir”

"Artıq tarixə çevrilməkdə olan ilk Avropa Oyunlarının açılış mərasimi necə möhtəşəm idisə, onun bağlanış mərasimi də bir o qədər möhtəşəm və əzəmətli oldu. Oyunların açılış mərasimi yaddaşlarda dərin izlər buraxdığı kimi, bağlanış mərasimi də hələ uzun illər yaddaşlardan silinməyəcək". Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva dilə gətirib. Həmin günlərdə özünün də imkan olduqca Avropa Oyunlarını yaxından izlədiyini və bundan böyük zövq aldığını deyən J.Əliyevanın bildirdiyinə görə, belə bir möhtəşəm, son dərəcə əsrarəngiz açılış və bağlanış mərasimindən ancaq və ancaq fəxr etmək, qürurlanmaq olar: "Bütün dünya, Avropa ictimaiyyəti də gördü və bir daha əmin oldu ki, Azərbaycan dövləti və xalqı nələrə qadirdir, Azərbaycan adlı məmləkət inkişafın hansı yüksək mərhələsindədir. Bütün dünya gördü və bildi ki, aylardan, illərdən bəri istər Avropa Oyunlarına, istərsə bütövlükdə Azərbaycana qarşı aparılan qarayaxmalar, Avropa Parlamentinin, Almaniya Bundestaqının, "London platforması"nın təşkil etdikləri anti-Azərbaycan kampaniyaları böhtandan, qərəzdən, ikili standartlardan başqa bir şey deyilmiş. Dünya həm də gördü və özü üçün yəqin etdi ki, cəmi bir necə il öncə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini öz qətnaməsində əks etdirən, ancaq anti-Azərbaycan kampaniyası "xoru"nda yer alaraq Oyunların gedişatında Azərbaycanı fakt qarşısında qoymağa, dalana dirəməyə yönəlik qəntamə qəbul edən Avropa Şurası Parlament Assambleyası nə qədər gülünc və zavallı bir vəziyyətdəymiş. Həmin günlərdə Ermənistanda cinayətkar xuntanın öz xalqına divan etdiyini görməzlikdən gələn, özünü digər beynəlxalq qurumlar kimi korluğa, karlığa, lallığa vuran Avropa Şurası Parlament Assambleyası, xüsusilə, Qross kimiləri Ermənistani cəzalandırmaq, Sərkisyan hakimiyyətini xalqına qarşı etdiyi anti-insani davranışlara görə məşhər ayağına çəkmək əvəzinə Azərbaycanla bağlı sənəd qəbul edərək, işğal altındakı Dağlıq Qarabağa bitişik 7 rayonun adı olan ifadəni oradan çıxarmış və bir daha anti-Azərbaycan ermənipərəst dairələrin əlində alət olduğunu sübut etmiş, öz iç üzünü çılpağlığı ilə ortaya qoymuş oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00