Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstəkdir

İyun ayında Azərbaycan çox uğurla möhtəşəm Birinci Avropa Oyularına ev sahibliyi etdi. Bu tarixi idman yarışlarını yüksək şəkildə təşkil etməklə və bu oyunları möhtəşəm idman bayramına çevirməklə yanaşı, Azərbaycan Birinci Avropa Oyunları vasitəsilə bütün dünyaya sülh mesajı göndərdi. 
Birinci Avropa Oyunlarına ev sahibliyi Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirməklə bərabər, ölkənin yeganə problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin, ölkəmizin seçdiyi ədalətli mövqeyinin dünya ictimaiyyətinə düzgün şəkildə çatdırılması istiqamətində mühüm amillərdən biri oldu.
Burada diqqəti çəkən əsas məqamlardan biri də Bakıda keçirilən Avropa Oyunlarında qitənin 49 dövəti ilə bərabər, Ermənistan idmançılarının da iştirak etməsi oldu. Düşmən ölkənin nümayəndələri olmalarına baxmayaraq, erməni idmançılara oyunlarda sərbəst iştirak etmək üçün hərtərəfli şərait yaradıldı. Onların Bakıda olduqları müddətdə sosial şəbəkələrdə paylaşdıqları şəkillər və statuslar, verdikləri müsahibələr, həmçinin "Bakı-2015"in Ermənistanda nümayiş olunması bunun əyani şəkildə sübutudur.
Bu isə öz növbəsində Azərbaycanın humanizm, tolerantlıq ənənələrinə güclü bağlılığının, ən əsası isə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə tərəfdar olmasının ifadəsidir.
Ermənistan isə artıq 20 ildən çox bir müddətdə regionun inkişafına böyük maneəyə çevrilmiş Dağlıq Qarabağ problemi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərarları saymazdan gələrək, Azərbaycan torpaqlarını işğal altında saxlamağa davam edir.
İşğalçı ölkə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda qeyri-konstruktiv mövqe tutaraq hər vəchlə status-kvonu dəyişməz saxlamağa çalışır. Bu isə öz növbəsində 20 faiz torpaqları işğal altında olan, bir milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün həyatı yaşayan Azərbaycanın haqlı narazılığına səbəb olur.
Hal-hazırda Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və bu sahədə qəbul edilmiş sənəd və qərarlar əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üzrə danışıqlar davam etdirilir. Aparılan danışıqlarda, Azərbaycan ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpası, işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən çıxarılması, doğma yurdundan didərgin düşmüş məcburi köçkünlərin öz evlərinə qayıtması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmasının sülh şəraitində birgə yaşayışının təmin edilməsi, ərazilərin bərpası və kommunikasiyaların açılması və sonrakı mərhələdə hər iki icmanın iştirakı ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ bölgəsinin statusunun müəyyənləşməsi mövqeyindən çıxış edir.
Lakin bütün cəhdlərə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi hələ də həll edilməmiş olaraq qalır. Bunun isə öz növbəsində bir sıra səbəbləri var.
İlk növbədə, münaqişənin həllinin artıq 20 ildən artıq bir müddətdə uzanmasının və sülhə doğru irəliləyişin əldə olunmamasının ən başlıca səbəbi, təbii ki, Ermənistanın danışıqlar prosesində destruktiv mövqedən çıxış etməsidir.
Ermənistan tərəfi münaqişənin həllində özünü maraqlı tərəf kimi göstərməyə çalışsa da, əslində danışıqları pozmaq niyyətindən əl çəkmir. Danışıqlar masasında əvvəlcədən razılaşdırılmış məsələlərə yenidən qayıtmaq, eyni zamanda vaxtı uzatmaq istəyir. Bu isə Ermənistanın sülhə hazır olmaması və işğal olunmuş torpaqları daim işğal altında saxlamaq cəhdləri ilə bağlıdır.
Digər tərəfdən isə, Ermənistan Azərbaycandan Dağlıq Qarabağın statusu ilə bağlı özünə faydalı sayıla biləcək şərtləri əldə etməyə çalışır. İşğalçı ölkə Azərbaycanın əzəli torpaqlarında ikinci erməni dövləti yaratmaq kimi heç bir əsası olmayan və beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir fikri dəstəkləyir.
Lakin Azərbaycan rəhbərliyi hər zaman bəyan edir ki, heç bir halda buna yol verməyəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan heç vaxt öz əzəli torpağında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaqdır.
"Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır," İlham Əliyev çıxışlarından birində qeyd edib.
Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq aləm tərəfindən, həmçinin BMT tərəfindən tanınır, bütün beynəlxalq təşkilatlar ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşır. Beləliklə, bu, danışıqlar mövzusu deyil və heç vaxt ola bilməz.
Münaqişənin həlli üçün yeganə yol isə Ermənistanın öz işğalçı qüvvələrini zəbt edilmiş torpaqlardan çıxarmasıdır. Yalnız bundan sonra Azərbaycan vətəndaşları öz doğma torpaqlarına, o cümlədən, Dağlıq Qarabağa qayıtdıqdan sonra uzunmüddətli sülh əldə oluna bilər.
Digər tərəfdən isə Ermənistanın işğalçılıq siyasəti ən çox bu ölkənin özünə ziyan vurur.
Ermənistan bu illər ərzində apardığı təcavüzkar siyasət nəticəsində ağır sosial-iqtisadi çətinliklər çəkir. Ermənistan müharibədən qalib tərəf kimi görünsə də, digər parametrlərdən baxdıqda, bu ölkə bir çox sahələrdə Azərbaycandan dəfələrlə geri qalır.
Həm erməni xalqı, həm də Dağlıq Qarabağ erməniləri Ermənistanın apardığı siyasətin əsirinə çevriliblər. Yaratdığı vəziyyətin girovuna çevrilən Ermənistan artıq uzun illərdir ki, ölkəni düşdüyü ağır iqtisadi vəziyyətdən çıxara bilmir.
Prezident İlham Əliyev 2015-ci il 27 may tarixində Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda bu barədə qeyd edib:
"Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatından ən azı on dəfə böyükdür və güclüdür. Ermənistanda isə əhali azalır. Həm təbii azalma, həm də ki, kütləvi köç baş alıb gedir. Onların rəsmi statistikasına görə, hər il təxminən 70-80 min vətəndaş Ermənistanı həmişəlik tərk edir. Hesab edirəm ki, real statistika bundan daha böyükdür. Ona görə, bu güclər nisbəti göz qabağındadır".
Son zamanlar isə Ermənistandakı iqtisadi böhran daha da dərinləşib. Beynəlxalq təşkilatların proqnozlarına əsasən, Ermənistanda növbəti illərdə heç bir nəzərə çarpacaq iqtisadi artım gözlənilmir. Əhalisinin 32 faizi yoxsulluq səviyyəsində yaşayan bu ölkənin xarici borcu da gündən-günə artmaqda davam edir.
Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, 2020-ci ilə ölkənin borcu ümumi daxili məhsulun (ÜDM) 60%-inə qədər qalxacaq. Bundan o tərəfi isə ölkənin özünü müflis elan etməsidir.
Digər tərəfdən son dövrlərdə ölkə rəhbərliyinə qarşı daha da geniş vüsət alan çıxışlar əhalinin bacarıqsız və rüşvətxor hakimiyyətdən cana doyduğunu göstərir.
Hal-hazırda davam edən elektrik enerjisi tariflərinin qaldırılmasına qarşı etirazlar indiki rəhbərliyin Ermənistan iqtisadiyyatını necə çıxılmaz vəziyyətə salmasının parlaq sübutudur.
Ölkə əhalisi artıq bu cür yoxsulluq və ehtiyac içində yaşamağın mümkün olmadığını deyir.
Digər tərəfdən isə Ermənistan əhalisi artıq 20 ildən çoxdur ki, ölkəni təcrid vəziyyətinə salan, iqtisadi vəziyyətini gərginləşdirən Dağlıq Qarabağ münaqişəsindən də yorulub. Qeyri-döyüş şəraitində əsgər ölümlərinin çoxalması isə əhalinin səbr kasasını daha da daşdırıb.
Ermənistan ordusunda tez-tez müəmmalı şəkildə baş verən əsgər ölümləri əhalini ayağa qaldırıb. Ermənistanın qeyri-döyüş şəraitində həlak olmuş hərbi qulluqçularının valideynləri İrəvanda dəfələrlə etiraz aksiyası keçirərək hökumətdən orduda baş verən cinayətlərlə bağlı açıqlama verməyi tələb ediblər.
İşğalçı rejim əhalinin diqqətini ölkədə baş verən problemlərdən yayındırmaq üçün daim Azərbaycanla cəbhə xəttində təxribatları davam edir. Lakin artıq hökumətin bu hiylələri də heç bir nəticə vermir.
Azərbaycanın qüvvətli ordusu hər zaman düşmənə layiqli cavab verərək erməni işğalçılarını itkilərlə geri çəkilməyə məcbur edir.
Beləliklə, Ermənistan işğalçılıq siyasəti ilə özünü inkişafdan və regional inteqrasiyadan məhrum edir və öz havadarlarına arxalanaraq Azərbaycan torpaqlarının işğalını davam etdirir. Bu siyasət nə Ermənistana, nə də erməni xalqına uğur gətirmir, bütövlükdə bölgənin inkişafına mənfi təsir göstərir,eləcə də Ermənistanı uçuruma aparır.
Dağlıq Qarabağ münaqişəsinin həlinin uzanmasının digər səbəbi beynəlxalq ictimaiyyətin bu problemə münasibətdə ikili standartlar mövqeyindən çıxış etməsidir və işğalçı dövlət ilə işğala məruz qalan dövlət arasında heç bir fərq qoymamasıdır.
BMT Təhlükəsizlik Şurasının qətnamələri digər münaqişələrə münasibətdə dərhal icra olunsa da, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə etinasızlıq müşahidə olunur. Ermənistan beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozsa da, ona qarşı heç bir cəza tədbiri görülmür.
Münaqişənin həllində ikili standartların mövcud olmasını Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb. Dövlət başçısının sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın işğalı ilə bağlı dörd qətnamə qəbul etməsinə baxmayaraq, onların heç biri icra edilmir: "Necə ola bilər ki, hansısa başqa məsələ ilə bağlı qətnamə qəbul edilir və bir gün ərzində dərhal icra edilməyə başlayır, amma bizə gəldikdə 20 ildən artıqdır ki, məsələ həllini tapmır və biz ancaq məsələnin sülh yolu ilə həll edilməsini eşidirik. Nəyə görə? Ona görə ki, ikili standartlar var".
Digər təfərdən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə yaradılan ATƏT-in Minsk Qrupunun fəaliyyəti də artıq 20 ildən artıqdır ki, heç bir nəticə verməyib. Belə ki ATƏT-in Minsk qrupu və bu qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin dondurulmuş şəkildə qalmasında məsuliyyət daşımayıb və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıblar.
Azərbaycan rəsmiləri dəfələrlə bu qurumun fəaliyyətinə narazılığının bildirib və onu kəskin tənqid edib.
Beynəlxalq ictimaiyyətin də qınaq obyektinə çevrilməsinə baxmayaraq, Minsk Qrupu hələ də fəaliyyətində dönüş yaratmağı bacarmır və Ermənistanın işğalçı siyasətini ört-basdır etməklə münaqişənin həllini bəlli olmayan müddətə uzadır.
Lakin münaqişənin uzun müddət ərzində həll edilməməsi və regionda hər zaman alovlana bilən bir müharibə ocağının qalması çox təhlükəlidir. Ona görə də münaqişənin həlli ilə uzun müddət məşğul olan beynəlxalq qurumlar, ATƏT-in Minsk Qrupunda təmsil olunan dünyanın aparıcı dövlətləri bu istiqamətdə daha çox səy göstərməli və münaqişənin yeni bir müharibəyə çevrilməsinin qarşısını almalıdırlar. Əks halda, bu, müharibə və münaqişələrin geniş vüsət aldığı bir zamanda qarşısıalınmaz nəticələrə gətirib çıxaracaq faciəyə səbəb ola bilər.
Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli yolu isə işğal olunmuş torpaqların azad edilməsi yolu ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və öz yurd-yuvalarından didərgin düşmüş qaçqın və məburi köçkünlərin doğma torpaqlarına geri qayıtmasından keçir.
Yalnız bu yolla  münaqişənin ədalətli həllinə və regionda davamlı sülhə nail olmaq mümkündür.


Müəllif:Sara Rəcəbova

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00