“Bakı 2015 1-ci Avropa oyunları, Azərbaycanın qazandığı nailiyyətlər və ikili standartlar”

Qarabağ QHT Koalisiyası elmi-praktik konfrans keçirib

İyulun 1-də Qarabağ QHT Koalisiyası "Bakı 2015 1-ci Avropa oyunları, Azərbaycanın qazandığı nailiyyətlər və ikili standartlar" mövzusunda elmi-praktik konfrans keçirdi. Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qarabağ QHT Koalisiyasının sədri Vüqar Qədirov açaraq Birinci Avropa oyunlarının ölkəmizdə keçirilməsini Azərbaycanın öz adını Avropanın tarixinə qızıl hərflərlə yazdığını bildirdi. V.Qədirov Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri Möhtərəm cənab İlham Əliyevin və Respublikamızın Birinci Xanımı, Bakı 2015 1-ci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Xanım Əliyevanın gördüyü bu işlərin dövlət və xalq qarşısında ən böyük xidmətlərindən biri olduğunu vurğuladı.

Bu beynəlxalq idman yarışının keçirilməsinə belə qısqanclıqla yanaşan, qərəzli mövqedən çıxış edən, Azərbaycana qarşı qarayaxma kompaniyasını aparmaqla idman oyunlarına belə ikili standartlar gətirən dövlətlər çox şükürlər olsun ki,öz niyyətlərini həyata keçirə bilmədilər- deyə Vüqar Qədirov qeyd etdi.
Tədbirdə çıxış edən digər natiqlər: Azərbaycanda Atatürk Mərkəzinin ictimai -siyasi məsələlər şöbəsinin müdiri Əkbər Qoşalı, Silahlı Qüvvələrə Nəzarət  Birliyinin sədri  Emin Həsənli, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov, Azadlıq Hərəkatçıları İctimai Birliyinin sədri Təhmasib Novruzov, Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər Birliyinin sədri Əzizağa Qənizadə, Qarabağ QHT Koalisiyasının üzvləri: İradə Polad, Vəfa İsmayılova, Dünyaxanım Əliyeva, Nazim  Əhmədli, Solmaz Cahangirova; müharibə veteranları -Habil Şirinov,Tələt Qarayev, Mahal Hüseynov və digər qonaqlar 1-ci Avropa oyunlarının əhəmiyyətini qeyd edərək bu beynəlxalq tədbirin Azərbaycan üçün təkcə idman sahəsində deyil, bütün sahələrdə inkişafının nümayişi olduğunu bildirdilər.
Konfransın sonunda Qarabağ QHTKoalisiyasının müraciəti qəbul edildi.

Müraciətdə deyilir:

Biz - Qarabağ Qeyri-Hökümət Təşkilatları Koalisiyası sağlam düşüncə tərzini rəhbər tutaraq haqqın və ədalətin sonda zəfər çalacağına inamını itirməyərək, bütün dünya xalqlarının əmin-amanlıq, sülh , mehriban qonşuluq , səmimi dostluq şəraitində yaşamaq haqqına dərin ehtiramımızı bildirərək,  yüksək inkişaf mərhələsinə çatmış beynəlxalq ictimaiyyətə müraciət edirik.
Bütün dünyaya məlumdur ki, iyun ayının 12-dən 28-nə qədər Azərbaycanda "Bakı-2015 ilk Avropa Oyunları" keçirildi. Olimpiya məşəlinin Mərdəkandakı Atəşgahdan götürülməsi, bütün bölgələrimizdə təntənəli qarşılanması, oyunların yüksək səviyyədə keçirilməsi üçün rahat şəraitin yaradılmsı, açılış və bağlanış mərasimlərinin qeyri-adiliyi bir daha dünyaya sübut etdi ki, Cənubi Qafqazda sülhün, əmin-amanlığın təmin edilməsinə təminat verə bilən qüvvəyə və qüdrətə malik Azərbaycan dövləti vardır. Əlbəttə ki,  onun bu qüdrətinə, qüvvəsinə paxıllıq edən dövlətlərin ikili standartlar prizmasından yanaşması olmazsa, bu təminat  sabit qalacaqdır.
Avropada ilk  İdman Oyunlarının keçirilməsinə hazırlıq işləri üçün 5-7 ilin gərəkliyi faktına rəğmən Azərbaycan dövləti çox qısa zaman kəsiyində xalqına güvənərək, bu ağır və şərəfli missiyanı ləyaqətlə yerinə yetirdi. Xalq öz prezidentinin ətrafında bir yumruq kimi birləşməsəydi, bu gün heç bir uğurdan danışmaq olmazdı.
Biz bir daha əmin olduq ki, dövlətimizin və dövlətçiliyimizin keşiyində dura bilən , onun uğrunda ölümə belə hazır olan gənclik artıq yetişmişdir.
Qarabağda əlil olmuş idmançımız İlham Zəkiyevin Azərbaycan bayrağını meydana gətirməsi , "Sarı gəlin" xalq mahnısının, "Qarabağ şikəstəsi"nin oxunması ilə biz sübut etdik ki, Qarabağ qədim Azərbaycan torpağıdır. Onun uğrunda əlil olan gəncləriin belə bu bayrağı göylərə qalibiyyət bayrağı kimi qaldırmağa gücü çatır.
Hər dəfə Avropa məkanında Olimpiya Oyunları keçiriləndə onun məşəli başlanğıcını məhz Azərbaycandan-Odlar yurdundan alacaqdır. Bu məşəl Azərbaycanın, Bakının varlığını dəfələrlə təsdiq edəcəkdir.
          Açılış mərasimində Avropanın xəritəsində Azərbaycanın göstərilməsi bir daha sübut etdi ki, Avropa dövlətləri ailəsində yüksək sivil mədəniyyətə, incəsənətə, mənəvi-əxlaqi dəyərlərə məxsus Azərbaycan dövləti var.
         Türk xalqlarının ən qədim yazı növlərindən -əşyəvi və ideoqrafik yazılar vasitəsilə dünyaya xalqımıza məxsus bu mütərəqqi ideyalar çatdırıldı:
-Xəzər dənizindən çıxan qara neft rəngli  kişilər -zəngin və sülhsevər ,humanist , çoxmillətli , tolerant  bir neft ölkəsini təqdim etdi.
        -Səməni- bu ölkədə uzunömürlü, həyatsevər, qonaqpərvər xalqın yaşamasına işarə oldu.
        -Oyunların simvolu kimi göstərilən nar meyvəsi azərbaycanlıların təmiz qanın və ideyalarının daşıyıcısı olduğunu nümayiş etdirdi.
         Dörd ünsürün: odun, suyun, havanın, torpağın nümayişi- əqidəsi yolunda dərisi diri-diri soyulan Nəsimi fəlsəfəsinin həmişəyaşar olmasını nəinki Şərqə, eləcə də bütün dünyaya sübut etdi.
Şərq poeziyasının əbədi Günəşi Nizami Gəncəvinin "Xəmsə"sindən kompozisiyalarla sübut etdik ki, Nizami azərbaycanlıdır və dünyada yüksək sivilizasiya malik  vətəndaş cəmiyyətinin ilk modelini də dahi Azərbaycan şairi Nizami Gəncəvi vermişdir. Hazırda vətəndaş hüquqlarının qorunmasını təmin edən cəmiyyətin bu ilk modelinin müəllifi dahi Nizamidirsə, onun yaradıcısı Heydər Əliyev, onun xələfi isə İlham Əliyevdir.
         Birinci Avropa  oyunlarının təşkilat Komitəsinin sədri Mehriban Xanım Əliyevanın birbaşa rəhbərliyi və təşkilatçılığı ilə keçirilən açılış və bağlanış mərasimləri həm qüvvəmizi, həm də məqsəd və məramımızı dünyaya çatdırdı. Dünyanın mötəbər beynəlxalq tribunalarında eşidilməsi  yasaq olan həqiqətlərimiz, musiqimiz, rəqslərimiz, simvol və rəmzlərimiz- ideyalarımızı açıqlayan uğurlu diplomatik gediş, siyasi addım, qarşılıqlı anlaşma üsulu oldu.
         Birinci Avropa oyunlarında tariximizi, mədəniyyət və incəsənətimizi, mətbəximizi, mənəvi-əxlaqi dəyərlərimizi  dünyaya sərgilədik.
         Biz bu işin öhdəsindən hamılıqla , prezidentimizlə birgə gəldik. Amma bunların müqabilində Avropanın Azərbaycana ikili standartlarla yanaşması xalqımızın , xüsusən, doğma Qarabağdan, işğal olunmuş rayonlarımızdan qaçqın və məcburi köçkün düşmüş, hüquqları tapdalanmış vətəndaşlarımızın nəzərindən yayınmadı.
"QARABAĞ QHT KOALİSİYASI" olaraq, Avropanın Azərbaycana qısqanc və ikili standartlarla yanaşmalarına qəti etirazımızı bildiririk. Dünya ictimaiyyətinin nəzərinə çatdırırıq ki, Azərbaycan xalqı öz prezidentinin ətrafında bir yumruq kimi birləşmişdir. Burada nə Ukrayna, nə Gürcüstan, nə Suriya hadisələrinin təkrarı mümkünsüzdür. Azərbaycan öz torpaqlarını düşmən tapdağından azad etməyə qadirdir və bunun qarşısını heç bir ikili standartlarla almaq mümkün olmayacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00