Rauf Arifoğlu Müsavatdan gedir?

AXCP baş yazarla Müsavatın arasını vurmağa çalışır

AXCP-nin yön verdiyi qurumlar və mətbuat orqanları ilə "Yeni Müsavat"ın savaşı davam edir.  "Azadlıq" qəzeti "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun Müsavat Partiyasından çıxacağı ilə bağlı məlumat dərc edib. Xəbərdə qeyd olunur ki, bir neçə gün əvvəl "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu mətbuata açıqlamasında Müsavat Partiyasından istefa verməyə hazırlaşdığını bildirib. Qəzet hesab edir ki,  Rauf Arifoğlunun qəfildən belə bir açıqlama verməsi təsadüfi deyil. Baş redaktor Müsavatdan istefa verəcəyini jurnalistika fəaliyyətilə izah etsə də, əslində başqa planı var. Bu plan verdiyi açıqlamadan çox əvvəl hazırlanıb. Məlumatda qeyd olunur ki,  Rauf Arifoğlu Müsavat Partiyasını Milli Məclisin deputatı Iqbal Ağazədənin sədrlik etdiyi Ümid Partiyasına dəyişir: "Baş redaktorun Ümid Partiyasında hansı statusda təmsil olunacağı hələlik bəlli deyil. Qaynağımız deyir ki, hazırda Rauf Arifoğlu əlindəki imkanlardan istifadə edərək Ümid Partiyasının güclənməsinə çalışır. Hətta mühacirlərin də bu partiyanın ətrafında birləşməsinə cəhdlər var. Məlumatda bildirilir ki, bir müddət əvvəl İqbal Ağazadə və Rauf Arifoğlu məxsusi olaraq mühacirləri Ümid Partiyasının dəstəkləməyə razı salmaq üçün Avropaya səfər ediblər. İsveçdə mühacirlərlə görüş keçirilib. Almaniyada planlaşdırılan görüş isə baş tutmayıb. İddia olunur ki, bunun səbəbi Müsavat Partiyası rəhbərliyinin məsələyə müdaxilə etməsidir. Bildirilir ki, Rauf Arifoğlu və İqbal Ağazadə xüsusilə mühacirətdə olan müsavatçıları "ovlamaq" istəyib".
  AXCP-nin "Pravda"sının Rauf Arifoğlu haqqında bu qənaətə gəlməsinə baş yazarın Ümid partiyası və İqbal Ağazadə ilə xüsusi münasibəti olması əsas verib. İqbal Ağazadə ilə Rauf Arifoğlu 2003-cü ilin 16 oktyarbrında birgə həbs olunublar, 1 il altı aydan çox türmə yoldaşı olublar.  Həbsdən sonra Müsavat İqbal Ağazadə ilə yolları ayırdı, digər həbsxana yoldaşları deputatdan üz döndərdilər. Ancaq Rauf Arifoğlu İqbal Ağazadə ilə dostluğu davam etdirdi. Neçə ildir ki, Ümid Partiyasına "Yeni Müsavat" qəzetində səhifə ayrılıb. Həftədə bir dəfə dərc olunan səhifədə partiyanın fəaliyyəti haqqında məlumatlar, funksionerlərin müsahibələri dərc olunur. Son illər Rauf Arifoğlu Müsavat Partiyasından daha çox Ümid Partiyası ilə yaxınlıq edir. Onun Ümidə keçməsi tamamilə məntiqə uyğundur. Müsavat Partiyasında Rauf Arifoğluna münasibət birmənalı deyilsə, AXCP-yə meylli radikallar onun partiyadan çıxarılmasını istəyirlərsə, baş yazarın seçim etmək haqqı tanınmalıdır. Doğrudan da niyə də yox? Rauf Arifoğlu Ümid Partiyasına keçərsə, qarşıdakı parlament seçkilərində də uğurla iştirak edə bilər. Necə deyərlər, Ümidin ona və qəzetinə, "Yeni Müsavat"ın isə Ümidə ehtiyacı var.
    Ancaq bir iş var ki, Ümid Partiyası Müsavat gücündə deyil. Rauf Arifoğlu Müsavatın siyasi kursunu dəyişməyi tərcih edər, nəinki partiyadan getməyi. Bu baxımdan "Rauf Arifoğlu Müsavatdan gedir, Ümid Partiyasına keçir" xəbəri indilikdə AXCP ideoloqlarının arzusundan başqa bir şey deyil. Görünür, AXCP Arif Hacılının Müsavatı ilə əməkdaşlığı bərpa etmək qərarına gəlib. Bu üzdən baş yazarla Müsavat arasında soyuqluğu daha da gücləndirmək, ictimai rəydə "Rauf Arifoğlu Müsavata yox, Ümidə layiqdir" fikrini formalaşdırmaq istəyir.

Ərhun Abbas
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00