I Avropa Oyunlarını keçirməklə Azərbaycan qüdrətini dünyaya nümayiş etdirdi
İlhan Əliyev: “Bu Oyunlar Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir”
30 İyun 2015 15:56 Siyasət28 iyun tarixində 17 günlük həyəcanlı idman yarışlarından sonra birinci Avropa Oyunları başa çatdı. Beləliklə, 18 məkanda keçirilmiş 20 idman yarışında yeni qəhrəmanlar meydana çıxdı, dünya idman arenalarında öz sözünü demiş idman ulduzları isə daha çox parladı. Paytaxt Bakı və onun yüzlərlə qonağı idmanın ən yüksək səviyyəli festivalına şahidlik etdi. Azərbaycanda tarix yazıldı, Birinci Avropa Oyunlarının standartları müəyyənləşdi. Bakı qitəni öz üslubu və məhşur qonaqpərvərliyi ilə qarşılayıb, yola saldı. Yarışlarda Azərbaycan uğuru ənənəvi idman növləri-güləş, karate və boksla yanaşı, triatlon, avarçəkmə və qılıncoynatma üzrə keçirilmiş yarışlarda da medallar qazandılar. Birinci Avropa Oyunlarına ev sahibliyi etmiş Azərbaycan 21-i qızıl olmaqla 56 medal ilə ikinci sırada qərar tutdu. Nəzərə almaq lazımdır ki, ilk dəfə keçirilən Avropa Oyunlarında qələbə çalmaq 2016-cı il Rioda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün stimul verdi. Birinci Avropa Oyunları həmçinin məşəlin alovlandırılması, möhtəşəm açılış və bağlanış mərasimləri ilə də yadda qaldı. Nəzərə alaq ki, Avropa Olimpiya Komitələrinin qərarı ilə gələcək Oyunların məşəli məhz Azərbaycanda, Bakıda Atəşgah məbədində yandırılacaq. Ümumilikdə "Bakı-2015 I Avropa Oyunlarını keçirməklə Azərbaycan bir daha qüdrətini dünyaya nümayiş etdirdi. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılan Bakı-2015 I Avropa Oyunlarında qalib gəlmiş idmançılar və onların məşqçilərinə orden və medalların təqdimat mərasimi keçirilib. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çıxışları Azərbaycan ictimaiyyəti və beynəlxalq aləmə bir sıra mesajları ilə yadda qalıb. Əvvala qeyd edək ki, Birinci Avropa Oyunları Azərbaycan vətəndaşlarının necə həmrəy olduğunu, xalqla iqtidarın birliyinin bariz nümunəsi oldu. Bu həmrəylik sözdə yox, əməli işdə özünü göstərdi. Vətəndaşlarla dövlət arasında harmoniyanın mövcudluğu bu oyunların yüksək dərəcədə keçirilməsini təmin etdi. Təsadüfi deyil ki, dövlət başçısı mərasimdə vətəndaşların Vətən təəssübkeşliyini yüksək qiymətləndirdi. Azərbaycanda iqtidara, dövlətə inamın olmasına şübhə ilə yanaşanlara konkret faktlar sadaladı: "Bu oyunlara bütün ictimaiyyət fəal dəstək verdi və bunun sayəsində Avropa Oyunları yüksək səviyyədə keçdi. Bakı-2015 Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin rolunu da yüksək qiymətləndirirəm. Könüllülər ölkəmizin bir daha böyük potensiala, insan kapitalına malik olduğunu göstərdilər. Bu gün gənclər bizim üçün qürur mənbəyidirlər, onlar gecə-gündüz peşəkarlıqla, böyük mədəniyyət göstərərək Azərbaycan xalqına xas qonaqpərvərliyi nümayiş etdirərək çalışıblar. Doğrudan da bizim gələcəyimiz etibarlı əllərdədir. Bu gənclər Avropa Oyunlarından sonra cəmiyyətdə öz layiqli yerlərini tutacaqlar". Qeyd edək ki, Birinci Avropa Oyunlarının təşkilində əməyi olan hər bir kəsin xalqa, dövlətə sevgi, məhəbbətinin olması heç kimdə şübhə doğurmurdu. Məhz bunlar Avropa Oyunlarında Azərbaycanın əldə etdiyi ən böyük uğurlardan hesab oluna bilər. Qətiyyətlə dümək olar ki, bu kimi hisslər, bu kimi amallar yarışlarda ölkəmizi qələbədən-qələbəyə aparırdı. Nəticədə isə idmançılarımızın uğurları bir daha ölkəmizin potensialını göstərmiş oldu: "Birinci Avropa Oyunları cəmiyyətdə unikal əhval-ruhiyyə yaratdı və bu oyunlar bir daha xalqımızın birliyinin nümayişinə çevrildi". Sirr deyil ki, Azərbaycan müstəqillik əldə etdiyi 24 il ərzində bir çox sahələrdə misli görünməmiş nailiyyətlər əldə edib. Bu Oyunlar imkan verdi ki, Azərbaycan özünü dünyaya göstərsin: "Bizi istəməyən qüvvələr bəzi hallarda bunu bizə irad tuturdular ki, Azərbaycan Oyunları keçirməklə özünü göstərmək istəyir. Bu, təbiidir. Əlbəttə, hər bir ölkə özünü göstərmək istəyir. İnkişaf etmiş ölkələr, hansılar ki, dəfələrlə bu səviyyəli tədbirləri keçirmişlər. Onlar da özlərini göstərmək istəmişlər. Yəni, burada heç bir qəbahət yoxdur. Bəli, bizim göstərə biləcəyimiz nümunələr həddindən artıq çoxdur. Biz Azərbaycanı dünyaya müasir, dinamik, demokratik, inkişaf edən, öz mədəniyyətinə, tarixinə bağlı olan xalq kimi, dövlət kimi göstərmişik. Bu Oyunlar cəmiyyətdə nadir bir əhval-ruhiyyə yaratdı. Bu, əvvəllər də var idi. Yəni, cəmiyyətimiz milli ideyalar, milli maraqlar uğrunda çox fəal hərəkət edir. Ancaq bu Oyunlar xalqımızı bir daha birləşdirdi. Bir daha bizi qürurlandırdı ki, görün, biz nəyə qadirik". Dövlət başçısı bəyan edib ki, idmançıların uğurları ölkəmizi zirvələrə qaldırdı: "Mən tam əminəm ki, bəlkə burada oturanlar və ümumiyyətlə ictimaiyyət arasında yəqin müxtəlif fərziyyələr var idi ki, bizim komandamız neçənci yeri tutacaq. Amma bəlkə heç kim inanmırdı ki, bu, ikinci yer olacaqdır. Bu, tarixi qələbədir. Azərbaycan idmanının, Azərbaycan dövlətinin qələbəsidir". Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu gün zirvədədir: "Azərbaycan bu gün müstəqil, inkişafda olan güclü dövlət kimi uğurla irəli gedir. Bizim siyasi, iqtisadi sahələrdə, diplomatik arenalarda, idman yarışlarında böyük qələbələrimiz var. Biz haqlı olaraq, bununla fəxr edirik. Fəxr edirik ki, biz Azərbaycan vətəndaşıyıq. Biz fəxr edirik ki, cəmi 24 il ərzində Azərbaycan xalqının istedadı, zəhməti hesabına, düşünülmüş siyasət hesabına güclü dövlət qurmuşuq". İlham Əliyev vurğulayıb ki, idman hər bir ölkənin ümumi inkişafını göstərir: "Əgər idmanda böyük nəticələri əldə edən ölkələrin siyahısına baxsanız,- bu Oyunlar da bunun bariz nümunəsidir,- görərsiniz ki, birinci sıralarda ancaq hərtərəfli cəhətdən inkişaf etmiş ölkələrdir. Çünki kasıb, inkişaf etməyən, geridə qalmış ölkələrdə çox nadir hallarda böyük idman nəticələri olur. İdmanda əldə edilən uğurlar müəyyən bir baza əsasında yaranır. Bu bazanı biz yaratmışıq. Artıq neçə ildir ki, biz idmanın inkişafı ilə çox ciddi məşğul oluruq. İdmançılar, klublar, federasiyalar, idman cəmiyyətləri, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, biz hamımız birlikdə idmanı inkişaf etdiririk. Təsadüfi deyil ki, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında bizim idmançılarımız ən yüksək kürsüyə qalxırlar. Bu dəfə isə bu Oyunlar Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsidir". Prezident İlham Əliyev Azərbaycanın gələcək inkişafı barədə də beynəlxalq aləmə mesaj verib: "Biz gələcəkdə də uğurla inkişaf edəcəyik. Məndə bu məsələ ilə bağlı heç bir şübhə yoxdur. Azərbaycan inkişaf yolu ilə gedəcək. Gələcəkdə bizim böyük uğurlarımız və qələbələrimiz olacaqdır".
Azərbaycan prezidenti İlham Əliyev tərəfindən "Heydər Əliyev" ordeni ilə təltif edilən "Bakı-2015" I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxışı zamanı Azırbaycan ictimaiyyəti və beynəlxalq aləmə bir sıra vacib mesajlar çatdırıb. Birinci xanım bəyan edib ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olmaq qüdrətindədir və heç bir qüvvə onu öz yolundan döndərə bilməz. O, dövlət başçısına xitabən bildirib: "Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qara qüvvə bizi hədəf seçib, qorxuda bilməz. Ədalət, xoş niyyət və xalqla birlik hər zaman zəfər çalacaq. 17 gün ərzində Azərbaycan xalqı bir komanda və Siz bu komandanın şərəfli kapitanı idiniz. Belə olan halda əlbəttə, qalib gəlməmək mümkün deyildi". M.Əliyeva xalqa, Vətənə xidməti şərəf hesab etməklə yanaşı, onun nəticələrindən zövq almağı da xöşbəxtlik hesab edir: "Vətənimizə, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir. Xidmətimizin nəticələrini görüb yaşamaq ən böyük xoşbəxtlikdir. Cənab prezident, biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə tam gücümüzlə xidmət etməyə hazırıq".
Alim