“Erməni hakimiyyəti Qarabağ məsələsini diqqət yayındırmaq üçün qabardır”
Elçin Mirzəbəyli: “Proseslər davamlı olacaq”
30 İyun 2015 15:15 SiyasətErmənistan parlamentinin sədr müavini Eduard Şarmazanov və müdafiə naziri Seyran Ohanyan Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində hərb variantına üstünlük verdiyini iddia ediblər. BAXCP sədrinin müavini Elçin Mirzəbəyli "Olaylar"a açıqlamasında erməni rəsmilərin fikirlərinin müəyyən məqsədlərə xidmət etdiyini deyib. E. Mirzəbəylinin sözlərinə görə, Ermənistan tərəfindən hərb məsələləri və Dağlıq Qarabağla bağlı digər məsələlər o vaxt qabardılır ki, ölkənin ictimai-siyasi həyatında problemlər yaranır: "Son günlər İrəvanda baş verən hadisələr Ermənistanın indiki hərbi cinayətkar rəhbərliyini qorxuya salıb. Buna görə də, insanların diqqətini ölkədən kənara yönəltməyə, "Dağlıq Qarabağ kartı"nı ortaya atmaqla parçalanmış Ermənistan cəmiyyətini birləşdirməyə çalışırlar. Fikirlərin əsas səbəbləri yalnız bundan ibarətdir". Elçin Mirzəbəyli Ermənistanda davam edən anti-hakimiyyət mitinqləri barədə də danışıb. Rəsmi məlumatlar əsasında aksiyaların daha iki gün davam edəcəyini deyən BAXCP rəsmisinin sözlərinə görə, proseslərin hara qədər inkişaf edəcəyini öncədən demək çətindir. "İndiki müqavimət hərəkatının bünövrəsində çox ciddi problemlər dayanır. Ermənistan rəhbərliyi tərəfindən elektrikin qiymətlərinin qaldırılması məsələsinin 6 aylıq dondurulması əsəbləri bir qədər sakitləşdirib. Lakin Ermənistanda sosial problemlərim həddi o qədərdir ki, proses bir gün, iki gün də geciksə, şübhəsiz ki, bu davamlı olacaq. Əks halda ermənilərin də özlərinin ifadə etdiyi kimi Ermənistanda bir nəfər də qalmayacaq", - deyə Elçin Mirzəbəyli vurğulayıb. ("OLAYLAR İA")