Deputat: “AŞPA da anti-Azərbaycan kampaniyasına qoşuldu”
30 İyun 2015 12:56 Siyasət"Almaniya başda olmaqla ölkəmizi istəməyən bir sıra qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyalarını davam etdirir. Bunu deyən millət vəkili Azər Badamovun sözlərinə görə, bunun kökündə Azərbaycanın müstəqil beynəlxalq siyasət yürütməsi, ölkədəki daxili sabitlik və iqtisadi inkişaf, həm də dünya səviyyəli beynəlxalq tədbirlərin, yarışmaların keçirilməsinin göz götürməməzliyi durur: "Onlar istəyirlər ki, Azərbaycan iqtisadi cəhətdən asılı, siyasi cəhətdən sabitliyi pozulmuş ölkə olsun. Çünki Azərbaycan müsəlman ölkəsidir. Məsələn, Türkiyə neçə illər qabaq Avropa İttifaqına qəbul edilməsi ilə bağlı müraciət etmişdi. Türkiyənin siyasi sabitliyi, iqtisadiyatı və sosial durumu Avropa İttifaqında təmsil olunan ölkələrin əksəriyyətindən yaxşıdır. Amma Türkiyə müxtəlif bəhanələrlə bu qurumun üzvülüyünə qəbul olunmadı, çünki Türkiyə müsəlman ölkəsidir və bu İttifaqda müsəlman ölkələri üçün yer yoxdur. Azərbaycan torpaqlarını işğal edən ölkənin işğalçı Ermənistan olduğunu dünya qəbul edib, BMT Təhlükəsizlik Şurası torpaqlarımızın qeyd- şərtsiz azad olunması ilə əlaqədar 4 qətnamə qəbul edib. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonda erməni işğalçıların törətdiyi vəhşiliklər və soyqırımlar dünyanın bir sıra ölkələrinin parlamentləri tərəfindən tanınıb. Hətta, AŞPA-nın əvvəlki sənədlərində uzun illər boyu Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun işğalı haqqında məlumatlı olduqları qeyd olunmuşdu. Amma AŞPA-nın yay sessiyasının son iclaslarından birində Ermənistanın işğalçı olması, Dağlıq Qarabag və ona bitişik 7 rayon ifadəsinin sənəddən çıxarılması da təbii ki, Almaniyanın və bəzi dairələrin ölkəmizə qarşı olan qərəzli münasibətinin nəticəsidir".