“Nəhəng günah qalası”: Avropa İttifaqının anti-demokratik mahiyyəti
Coğrafi kəşflərin eqoist və təcavüzkar müstəmləkəçisi Avropa özündən fərqlənənləri heç vaxt qəbul etməyib
25 İyun 2015 19:22 SiyasətAvropa Şurası Parlament Assambleyasının (AŞPA) iyunun 23-də keçirilən yay sessiyasında qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski tərəfindən "Azərbaycanda demokratik institutların fəaliyyəti" adlı qətnamə müzakirəyə çıxarıldı. Qətnamə Monitorinq Komitəsinin həmməruzəçiləri tərəfindən hazırlanmış hesabat əsasında tərtib edilib. Hesabat Azərbaycanda bu ilin payızında keçiriləcək parlament seçkilərindən öncə ölkədəki demokratik təsisatların fəaliyyətinin öyrənilməsi və AŞ PA-nın 2013-cü ildə Azərbaycan üzrə qəbul etdiyi tövsiyələrinin yerinə yetirilməsi ilə əlaqədar hazırlanıb. Qətnamədə demokratikləşdirmə, seçki qanunvericiliyi və insan hüquqları sahəsində Avropa Şurasının irəli sürdüyü tövsiyələrin həyata keçirilməsi məsələlərinə toxunulur.
Lampedusa qətliamı
Azərbaycanla bağlı AŞPA-nın müzakirəsinə çıxarılan məsələlərdə Avropa İttifaqından olan ölkələr aktivlik nümayiş etdirdilər. Ümumiyyətlə, Aİ ölkələrinin və Amerikanın olduğu bütün qurumlarda qərəz həmişə olub. Bu çərçivədə Aİ-nin Azərbaycana qarşı demokratiya adı altında etdiyi təzyiqlər səmimi deyil. Çünki, bu qurumun keçmişində onun demokratiyasını toz kimi dağıdan eyibləri var. Yaxın tarixdə Aralıq dənizinin Lampedusa adası sahillərində yüzlərlə qaçqının göz önündə boğulmağa tərk edilməsi Aİ-nin iç üzünü göstərirdi. Lampedusada bir gündə ölən insanların sayı Almaniyanın parçalanmasından birləşməsinədək keçən 28 il ərzində həlak olan insanların sayından iki dəfə çoxdur. Edilən müraciətlərə baxmayaraq, qurum ölkələrindən heç biri adada təhlükə qarşısında qalan qaçqınlara sığınacaq yeri vermədi. Avropa İttifaqı məhz haqqına girdiyi milyonlarla insanın günahları üzərinə inşa edilmiş nəhəng günah qalasıdır. Yaxın Şərq və Afrikanın müharibələrlə istismarı, qan, göz yaşları, günahsız canları yemək birliyin qidasını təşkil edir. 2001-ci ildən Avropa İttifaqı əsas dəstəkçisi ABŞ-la birlikdə müsəlman ölkələrinin üzərinə zombi refleksiylə yeriyir. Əfqanıstan, İraq və Liviyada aparılan imperialist müharibələr, Suriyada vətəndaş müharibəsinin başladılması, Yaxın Şərq və Afrikanın təbii sərvətlərinin müstəmləkəçi yağmalanmasında Aİ əsas tərəflərdən biri kimi çıxış edib. Məsələn, 1990-cı ildən bu günədək Aralıq dənizi üzərindən 30 minə yaxın qaçqın Avropaya sığınacaq arxasından gedərkən yaradılmış süni gəmi qəzaları ilə suda boğulub. Halbuki, həmin insanların öz vətənlərindən didərgin düşməsində məsuliyyəti də Qərb daşıyır. Digər yandan Almaniya və Fransa kimi üzvləri Avropa İttifaqına daxil olan bir sıra ölkələri də əsarət altında saxlayırlar. Məhz Almaniyanın təşkilatçılığıyla Beynəlxalq Valyuta Fondunun Yunanıstan və İspaniyaya ayırdığı yüksək faizli kreditlərə görə, bu ölkələrə iflas həddinə çatıblar.
HOPE: Zorla xristianlaşdırılanlar
Qərbin Yaxın və Uzaq Şərqdə həyata keçirdiyi geosiyasi planlar, hədəfə aldığı ölkələr üçün qurduğu tələlər, ayırdıqları sərmayələrin girdiyi dövlətlərdə yaratdığı dəhşətli mənzərələr, Avropa və Amerikadan asılı vəziyyətə salmaq üçün etdiyi siyasi çevrilişlərin hansı nəticələri ortaya qoyduğu hər kəsə bəllidir. Məhz Avropa İttifaqı ölkələrinin Lampedusa adasında məskunlaşmış Yaxın Şərq və Afrikadan olan qaçqınlara sığınacaq verməməsindən sonra ortaya çıxan qorxulu mənzərə də bu müstəmləkə siyasətinin təzahürüdür. Bu, irqi ayrıseçkilikdir. Avropa İttifaqının mühafizəkar kilsə mənsublarına görə, müsəlmanlar Tanrı tərəfindən xristianlar üçün yaradılmış qullardır. Bunun nəticəsidir ki, Aİ-nin vasitəçiliyi ilə hansısa qurum müsəlman ölkəsi üçün ortaya atdığı məsələyə dini nöqteyi-nəzərdən yanaşır. Bu yanaşma tərzi sistemli fəaliyyətin tərkibidir. Qərbin xristian təəssübkeşliyi bütün yönlərdə özünü göstərir. Məsələn, Hollandiyanın Osan şəhərində yerləşən HOPE adlı dini təşkilat Asiyanın müsəlman ölkələrindən gəlmiş müsəlmanları öz ətrafında toplayaraq onları işlə təmin edir. Lakin HOPE bunun qarşılığında miqrantlara dinlərini dəyişmələrini tələb edir. Yəni, Qərb demokratiyası və tolerantlığı təktərəfli işləyir.
Müsəlmanlara çatanda cırılan Kopenhagen vərəqləri
İkinci Dünya Müharibəsindən sonra ənənəviləşdirilən düşmənlərə qarşı, siyasi gərginliklər, göz yaşı və xaos üzərində qurulan Avropa İttifaqı demokratiya və insan haqları adı altında müsəlman ölkələrinə qarşı imperialist təqibçi donunu geyindi. Yaxın və Uzaq Şərqdə başlatdığı müharibələrin mərkəzində yer almaqla Avropanın "toxunulmaz və müqəddəs" olması mifini yaratdı. Bu imic geosiyasi və iqtisadi maraqlar üçün qətlə yetirilən yüz minlərlə insanın qanı bahasına formalaşırılmışdı. 2001-ci ildən sonra müsəlman ölkələrinə qarşı səlib yürüşlərinə başlayan Avropa İttifaqı və Amerikanın mühafizəkar dini-siyasi kəsimi Kopenhagenin demokratiya və tolerantlıq meyarlarının məhz avroplı və amerikalılar üçün nəzərdə tutulduğunu nümayiş etdirdi. Kopenhagen ölçüləri üzərindəki hüquqi sənədlər hədəfdəki ölkələrə çatanda cırılıb atılırdı. Coğrafi kəşflərin eqoist və təcavüzkar müstəmləkəçisi Avropa özündən fərqlənənləri heç vaxt qəbul etməyib.
Mənsur