Azərbaycan ordusunun hər bir əsgəri bütün Ermənistan ordusunu məhv etməyə qadirdir
25 İyun 2015 17:05 Siyasət1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Cumhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökümətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. 1920-ci ilin aprelində Azərbaycanın Sovet işğalından sonra Milli Ordu ləğv edildi. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti milli ordunun yaradılması haqqında qərar qəbul etdi. İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix - 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib. Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib.
"Ordumuz Sərkisyanın yalanını üzə çıxardı"
Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli keçən illər ərzində Azərbaycan ordusunda görülmüş işlər barədə danışıb. İqtisadiyyatı və dövləti güclü olan Azərbaycanın güclü orduya sahib olmasının qanunauyğun olduğunu deyən E. Həsənlinin sözlərinə görə, aparılan işlərin nəticəsində gənclərdə, veteran döyüşçülərdə, bütün cəmiyyətdə vətənpərvərlik ruhunun yüksək olması, döyüşkən ruhu Ermənistanı narahat edir: "Ermənistan cəmiyyəti çaşqınlıq içərisindədir. İqtisadiyyatı pis vəziyyətdə, dövlət isə müstəqil deyil. İqtisadiyyatı olmayan ölkənin öz ordusu ola bilməz. Azərbaycanın isə peşəkar ordusu var. Dəfələrlə KİV və QHT nümayəndələrilə cəbhə bölgəsində olanda, ordumuzun yüksək ruhunu gördük. Cəbhə bölgəsində düşmən xofu yoxdur, hərə öz işilə məşğul olur. Bölgədə orduya böyük dəstək var. Ən əsası insanlar qısa zamanda torpaqlarımızın azad olunacağına inanırlar. Keçən illər ərzində səngərlərdə vəziyyətin xeyli yaxşılaşdırılıb, ordunun maddi-texniki bazası gücləndirilib, müasir silah-sursatla təmin edilib, əsgərlərin qida rasionu zənginləşdirilib. Ən əsası orduda ruh yüksəkliyi var. Hərbi hissələrdə kazarma şəraiti çox yaxşı təşkil edilib. Əgərlərin yüksək səviyyəli tibbi müayinələrdən keçməsi üçün müasir infrastruktur yaradılıb. Hərbi hissələrdə əsgərlər yemək bişirmək və təmizlik işlərindən tamamilə kənardadırlar. Bu işlərin hamısını mülki insanlar həyata keçirir. Qadın aşpazlar əsgərlər üçün çox keyfiyyətli yeməklər bişirirlər. Bu da sırf əsgərlərin döyüş hazırlığı ilə məşğul olmalarını təmin edir. Orduda nizamnamədən kənar hadisələr həmişə bu məsələlər üzərində olurdu. Amma indi ordumuz tamamilə təlim işlərini həyata keçirir. Mənəvi-psixoloji, siyasi-hüquqi hazırlıq yaxşı təmin edilib. İdeologiya yüksək səviyyədədir. Düşmən tərəf başa düşür ki, Azərbaycan ordusu gec-tez işğalda olan torpaqlarını azad edəcək. Dəfələrlə etdiyi təxribatlara görə, erməni ordusunun verdiyi itkilər, erməni diversiya qrupunun məhv edilməsi Ermənistan rəhbərliyinin yalanını üzə çıxardı və onu əhali qarşısında pis vəziyyətdə qoydu".
"Azərbaycan xalqı böyük vətənpərvərlik ailəsidir"
Azərbaycan xalqının böyük vətənpərvərlik ailəsi olduğunu qeyd edən Emin Həsənlinin sözlərinə görə, Milli Qəhrəman Mübariz İbrahimovun nümayiş etdirdiyi şücaət Azərbaycanda Qarabağın erməni işğalında olmasına qarşı barışmaz mövqeyi olan gəncliyini yetişdiyini göstərdi: "Azərbaycan cəmiyyəti bilir ki, Qarabağın azad olunması üçün hər an əmr verilə bilər. Ona görə də insanlarımız ermənilərlə müharibəyə köklənib. Bunun üçün dövlətin güclü iqtisadi resursları var, müdafiə qabiliyyəti yüksək səviyyədədir, güclü xarici siyasəti var. Tez-tez hərbi hissələrdə oluram. Əsgərlərimizdə mənəvi-psixoloji vəziyyətini yüksək formada, döyüşkənlik ruhunu görürəm. Müdafiə naziri, cənab Zakir Həsənovun rəhbərliyi altında Azərbaycan ordusunda yüksək səviyyədə irimiqyaslı hərbi təlimlər keçirilir. İstər hərbi texnika, istərsə də insan resurslarına görə biz düşməndən qat-qat güclüyük. Ramil Səfərov və Mübariz İbrahimov sübut edilər ki, Azərbaycan ordusunun hər bir əsgəri bütün Ermənistan ordusunu məhv etməyə qadirdir. Əsas odur ki, Azərbaycan əsgəri bayrağımızı və Vətənimizin adını hər şeydən yüksək tutur". Emin Həsənli Azərbaycan ordusunda islahat işlərinin ardıcıl olaraq davam etdirildiyini də deyib. Qeyd edib ki, hərbi qanunlara uyğun olaraq, Azərbaycanda vahid komandanlığa əsaslanan nizami ordu quruculuğu prosesi, peşəkarlığı günü-gündən artırır: "İlk dəfə olaraq gecə təlimləri keçirilir. Burada Müdafiə Nazirliyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gördüyü uğurlu işlər var. İlk dəfə olaraq, ehtiyatda olan hərbi qulluqçular və zabitlər təlimlərə cəlb olunurlar. Daha sonra qardaş Türkiyə ilə birgə hərbi təlimlərin keçirilməsi, Sərhəd Qoşunları və Daxili Qoşunların birgə taktiki təlimlərin keçirilməsi yüksək səviyyədə təşkil olunur. Azərbaycan, Türkiyə və Gürcüstan arasında keçirilən təlimlərini qeyd etmək olar. Təhsil sistemində xeyli müasir yeniliklər olub. Həm ordunun silahlanması və saxlanılması istiqamətində arıdıcıl işlər görülür".
Mənsur Rəğbətoğlu