AŞPA Dağlıq Qarabağla bağlı qətnamədə niyə dəyişiklik etdi?
Deputat: "AŞPA-dakı bəzi parlamentarilər üçün konyuktur maraqlar beynəlxalq ədalət prinsiplərindən əhəmiyyətlidir"
25 İyun 2015 15:15 Siyasət"Azərbaycan çox mürəkkəb bir regionda yerləşsə də mövcud şərtləri öz lehinə çevirə bilib". Bunu Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova yay sessiyası çərçivəsində həmməruzəçilərin ölkəmizlə bağlı hazırladığı qətnaməyə münasibət bildirərkən deyib. O qeyd edib ki, Azərbaycan konyuktur və dövri maraqlara deyil, ardıcıl siyasi kursa əsaslanır. Azərbaycan onunla əməkdaşlıq etmək istəyən istənilən dövlətə və təşkilata qapılarını açır". Qətnamənin Azərbaycan reallıqlarını əks etdirmədiyini, tamamilə qərəzli ruhda və obyektivlikdən uzaq olduğunu söyləyən S.Qafarova deyib ki, məsələn, sənəddən Azərbaycanın siyasi palitrasında mövcud qüvvələr balansı haqqında hesabatda yer alan fikirlər qəbul olunmazdır. Çünki Azərbaycan demokratik bir siyasi sistemə malikdir, ölkədə siyasi hakimiyyəti xalqın iradəsinə əsaslanan seçkilər müəyyənləşdirir: "Parlament Azərbaycanın inkişafında çox mühüm rol oynayır və indiki parlament əksəriyyət beynəlxalq müşahidəçilərin də təqdir etdiyi demokratik seçkilər əsasında formalaşıb. Müxalifətin parlamentdə təmsil olunmaması fikri də tamamilə uydurma bir ittihamdır. Bu gün Azərbaycan parlamentində Azərbaycan xalqının maraqlarını ifadə edən, seçicilərin dəstəyini qazanmış müxalifət partiyalarının təmsilçiləri də təmsil olunur".S.Qafarova eyni zamanda bildirib ki, sənəddə Azərbaycan seçki qanunvericiliyi ilə bağlı iddialar da tamamilə uydurma və subyektivdir: "Xatırlatmaq istəyirəm ki, Azərbaycanın Seçki Məcəlləsi Avropa Şurasının Venesiya Komissiyası ilə əməkdaşlıq şəraitində və Komissiyanın tövsiyyələri nəzərə alınaraq hazırlanıb və qəbul olunub. Ötən seçkilərdə bu Məcəllə ilə seçkilərin keçirilməsi və uğur əldə olunması bir daha o reallığı ifadə edir ki, Azərbaycanda tam ədalətli, şəffaf və demokratik əsaslara söykənən seçki qanunvericiliyi bazası və mühiti mövcuddur. Bu isə ilin sonunda keçiriləcək parlament seçkilərinin tam ədalətli keçiriləcəyinə sonsuz inam yaradır".Vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin də dövlətin daimi diqqət və qayğısı ilə əhatə olunduğunu söyləyən S.Qafarovanın fikrincə, Azərbaycanda Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası qəbul olunub, bu konsepsiyadan irəli gələrək QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb. Hazırda bu Şura bütün QHT-lərin təqdim etdikləri layihələri maliyyələşdirir, onlara ciddi qrant dəstəyi verir: "Eyni zamanda, bu sahədə ciddi əsaslara söykənən, Azərbaycanın inkişaf dinamikasına uyğun olan möhkəm hüquqi baza mövcuddur. Qanunvericiliklə bağlı səslənən iradlar da qətiyyən qəbulolunan deyil. Dünyanın heç bir inkişaf etmiş, demokratik dövlətlərinin qanunvericiliyində əksini tapmayan məsələlərin Azərbaycan qanunvericiliyində olmasını gözləmək tamamilə ədalətsizdir. Bu sənəddə şəffaflığın əhəmiyyəti vurğulandı". S.Qafarova vurğulayıb ki, bütün bunlarla yanaşı, bizim üçün bu sənədin qeyri-obyektiv, Azərbaycana qarşı olduğunu sübut edən əsas faktorlardan biri də qurumun Komitə iclasında sənəddə yer alan Dağlıq Qarabağla bağlı dəyişikliyin edilməsidir: "Bu, AŞPA-nın özünün öz sənəd və qətnamələrini inkar etməsi anlamına gəlir. Cəmi bir neçə il bundan öncə Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı qətnamə qəbul edən AŞPA bu gün digər bir sənəddə bu ifadəni dəyişdirir. Görəsən nə baş verir? O zamandan bəri nə dəiyşib? Bəyəm işğal faktı aradan qalxıb? Əlbəttə, xeyr. Bəs onda bu gün belə bir addımın atılmasını şərtləndirən məqam nədən ibarətdir? Hər halda konyuktura. Bu isə onu deməyə əsas verir ki, AŞPA-dakı bəzi parlamentarilər üçün konyuktur maraqlar beynəlxalq ədalət prinsiplərindən çox-çox əhəmiyyətlidir. Həmin parlamentarilərin hazırladıqları sənədlərin isə heç bir hüquqi qüvvəsi ola bilməz".
Alim