AŞ PA gülüş doğuran bir siyasət yeridir
24 İyun 2015 18:29 Siyasət"AŞ PA-da müzakirəyə çıxarılan sənədin müzakirələrində canfəşanlıq göstərən Andreas Qrossun, həm də Avropa Şurası başda olmaqla, beynəlxalq təşkilatları Azərbaycana qarşı sərt mövqe sərgiləməyə çağıran Cəmil Həsənlinin eyni bir mərkəzdən təlimat aldığı qənaətinə gəlmək olar". Bunu deyən Milli Məclisin deputatı Aydın Mirzəzadənin sözlərinə görə, məqsəd ümumən Azərbaycanı əzmək, Azərbaycanın müstəqil siyasətini heçə endirmək və Azərbaycanı anti-Azərbaycan mərkəzlərdən asılı vəziyyətinə salmaqdır: "Bu gün Cəmil Həsənli Azərbaycanda yaradılan sabitlikdən bir vətəndaş kimi istifadə edir, rahat küçələrdə gəzir və təhlükəsizlik şəhərində yaşayır. Yüksək təqaüdünü alır, eyni zamanda, ölkədə yaradılan yüksək siyasi şəraitdən istifadə edib öz sərbəst siyasi fəaliyyətini göstərir. Bununla yanaşı, xaricdən Azərbaycana qarşı tənqidin deyil, basqıların olmasına çağırışlar edir. Bunu da əslində "5-ci kolon"un səlahiyyətlərini, daha doğrusu, tapşırıqlarını yerinə yetirmək kimi başa düşmək olar. Çünki dediyim kimi, bu gün xaricdə fəaliyyət göstərən anti-Azərbaycan mərkəzlər istənilən yolla Azərbaycanı özlərindən asılı vəziyyətə salmağa çalışırlar. Andreas Qross da çoxdan özünün anti-Azərbaycan mövqeyi ilə tanınır. Vəziyyət o həddə çatır ki, onlar ümumiyyətlə, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını unutdurmağa çalışırlar. Onlar üçün əsas olan Azərbaycanın problemli vəziyyətdə qalmasıdır. Məgər, Dağlıq Qarabağa bitişik olan 7 rayon azad Ermənistan tərəfindən azadmı olunur, yoxsa, problem artıq həll edilmə ərəfəsindədir?" A. Mirzəzadə deyib ki, özü də birinci dəfə deyil ki, bu hallar baş verir: "Digər tərəfdən çox maraqlı bir hadisə baş verir- Azərbaycanla bağlı AŞPA-da məsələ müzakirə edildiyi dövrdə Ermənistanda dinc nümayişlər qəddarcasına dağıdılır və reaksiya bundan ibarət olur ki, Ermənistanda polis aksiyaçılara qarşı çox nəzakətlə davranıb.Sanki belə bir təsəvvür yaranır ki, polis nümayişçilərə ya gül-çiçək bağışlayıb, ya da onların hər birinə qonaqlıq təşkil edib. Yəni, göründüyü kimi, çox əcayib bir yanaşma sərgilənir, gülüş doğuran bir siyasət yeridilir. Bunların müqabilində, Azərbaycanın qazandığı uğurları görməməyə, Azərbaycanı ağır duruma salmağa çalışırlar və onların fikrincə, nə qədər çox problem olarsa, Andreas Qross və Cəmil Həsənli öz ağaları qarşısında tapşırıqlarını yerinə yetirmiş olurlar".