Millət vəkill: “Avropa institutları reallıqdan kənarlaşıblar”

"Birmənalı olaraq bir müsəlman dövlətin-Azərbaycanın bu qədər inkişaf etməsi, o cümlədən, bütün dünya ilə əməkdaşlıq qurması və son dərəcə muasir olması bu gün Avropanın müəyyən dairələrini ciddi surətdə narahat edir". Bunu mətbuata açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva sözügedən qurumun yay sessiyasında Azərbaycanla bağlı müzakirəyə çıxarılmış sənədə münasibətini bildirərkən dilə gətirib. O, deyib ki, Avropa heç nəyə əsaslanmamış ambisiyalarindan vaz keçə bilmir: "Lakin biz həmişə Avropaya açıq olmuşuq. İndi isə Avropa ilk növbədə özü öz üzərində ciddi təhlil aparmalıdır. Əgər Avropa Şurası Avropa Məhkəməsinin qərarını qəbul etmir, inkar edirsə, o zaman bu təşkılatı necə ciddi qəbul etmək olar? Bu, onu göstərir ki, Avropa institutları reallıqdan kənarlaşıblar, dünyada gedən prosesləri anlamırlar və ciddi böhran yaşayırlar". Onun sözlərinə görə, bu gün Azərbaycan cəmiyyətini bir sıra problemlər narahat edir: "Tez-tez müşahidə edirik ki, bəzi insanlar ölkələrdən ideal demokratiyanı tələb edərək, öz ölkələrindəki duruma və orada gedən proseslərə heç bir fikir vermirlər. Bu zaman bir neçə sual meydana gəlir - məsələn, bir qrup "siyasi məhbus" adı verilən şəxsin taleyi 1 milyon qaçqının taleyindən daha önəmlidirmi? Nəyə görə Avropada icazəsiz nümayişlərin dağıdılması asayişin qorunması kimi qələmə verilir, Azərbaycana gəlincə insan haqlarının pozulması kimi qiymətləndirilir?" S. Fətəliyeva bildirib ki, ümumiyyətlə, Avropa iflasa uğramasını yenidən göstərmiş oldu: "Bu gün Avropada baş verən böhran artıq siyasətdə də baş verir. Cinsi azlıqların vəziyyəti bugünkü Avropada insan haqları mövzusunda ən ali amil, məqam kimi qəbul edilir. Dəyərlərin tamamilə dəyişməsi, demokratiya anlayışının mənasını itirməsi, ikili standartlar, bir sözlə, Avropanın öz qərarlarında, düşüncələrində, atdığı addımlarda tam uyğunsuzluq və məntiqsizlik müşahidə olunur". S. Fətəliyevanın dediyinə görə, Avropa Şurası tərəflərin əməkdaşlığına əsaslanır:

"Baxmayaraq ki, torpaqlarımız hələ də işğal vəziyyətində qalmaqda davam edir, amma biz əlimizdən gələni edirik ki, təşkilatın-Avropa Şurasının tələblərinə cavab verək. Çox təəssüflər olsun ki, qarşılığında bizə bunun əksi sərgilənir, əsas məsələlər kənra qoyularaq, uydurulmuş, qeyri-real məsələlər müzakirə olunur. Ancaq təcrübə də göstərir ki, AŞPA-nın qəbul etdiyi qərarlar və qətnamələr heç bir gücə malik deyil, heç bir ciddi əhəmiyyət daşımır. Bu baxımdan da bizim üçün ən əsas məsələ müstəqil siyasətimizi davam etdirmek, milli maraqlarımızı qorumaq və heç kimə baxmayaraq irəli qetməkdir".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00