Almaniyanı narahat edən Azərbaycanın müstəqil siyasət yürütməsidir

Beynəlxalq səviyyədə, xüsusilə Avropa məkanında Azərbaycana qarşı ikili standartlar, ədalətsiz mövqe hər ötən gün yeni bir mərhələyə qədəm qoyur. Həmçinin hər yeni mərhələdə onun ssenari müəllifləri və oyunçuları da dəyişir. Əgər Birinci Avropa Oyunlarının keçirilməsi təşəbbüsü irəli sürüləndə və ona evsahibliyi etmək Azərbaycana tapşırılanda antiAzərbaycan şəbəkəsində Böyük Britaniya, Polşa, Çexiya, hətta Birləşmiş Ştatlardakı bəzi qeyri-hökumət təşkilatları yer alırdısa, bu gün onları Almaniyanın müvafiq təşkilatları, nə qədər təəccüblü və təəssüfedici olsa da, rəsmi qurumları əvəzləyib. Birinci Avropa Oyunlarının açılış mərasimi günü Almaniya Bundestaqında Azərbaycanla bağlı məsələnin müzakirə edilməsi və ölkəmizlə əlaqədar qeyri-obyektiv mövqenin ortaya qoyulmasını buna sübut kimi göstərə bilərik. Hazırda da Almaniya tərəfindən Azərbaycana qarşı əsassız fikirlər səslənməkdədir. Maraqlısı, daha dəqiq desək, gülməli olan odur ki, İkinci Dünya Müharibəsi zamanı yüz minlərlə mülki insanı etnik mənsubiyyətinə görə məhv edən, günümüzdə Berlin küçə və meydanlarına çıxan etirazçılara qarşı amansız polis zorakılığı törədən bir ölkə bu gün Azərbaycanı insan hüquq və azadlıqlarına hörmət etməməkdə günahlandırır.  Hər vasitə ilə çalışılır ki, Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzuna xələl gəlsin, ölkəmiz barədə mənfi rəy formalaşsın. Bəs görəsən Almaniyanın bu mövqeyi nəyə hesablanıb, rəsmi Berlinin Azərbaycanla problemi nədədir?

***

Siyasi ekspert Arzu Nağıyev hesab edir ki, Azərbaycanla Almaniyanın dövlət səviyyəsində qlobal bir problem yoxdur: "Bu gün bəlkə də Almaniya ölkəmizdən ən çox miqrant qəbul edən və diasporaya malik Avropa ölkəsidir. Eyni zamanda strateji layihələrdə tərəfdaş olmağa hazır olan ölkələrdən biridir. Hətta bir müddət əvvəl ATƏT-in Minsk qrupunda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün üzv olmağa iddialı idi. Buna baxmayaraq Bundestaqın planına uyğun olaraq Azərbaycanda insan haqlarının müzakirəsini etdilər və bizim bir sıra qarayaxma ilə məşğul olan qeyri-hokumət təşkilatlarının və onların xarici havadarlarının rəyinə əsasən qərəzli bir qərar qəbul etmək istədilər. Bu da fiaskoya uğradı. Hətta öz deputatları bunun qeyri-obyektiv olduğunu bildirdilər və səsvermə bəzilərinin istədiyi kimi alınmadı". Arzu Nağıyev hesab edir ki, bu proseslər, Azərbaycanın nüfuzuna xələl gətirmək üçün bir sıra antiazərbaycan qruplarının və ermənilər də daxil olmaqla bəzi dövlətlərin qərəzli şəkildə ortaya atdığı heç bir fakta söykənməyən yanlış məlumatlardan qaynaqlanır.

***

Politoloq Ramiz Alıyev bildirib ki, Almaniya və bəzi Avropa ölkələrinin müxtəlif siyasi dairələri Azərbaycana və onun apardığı müstəqil siyasətə qarşı qısqanclıq meylləri son dövrlər daha da artıb: "Onlar ölkəmizin apardığı müstəqil siyasəti, eləcə də rəqabətə davamlı iqtisadiyyatı həzm edə bilmirlər. Bu qısqanclıq və məkrli siyasətlə Azərbaycanın inkişafına təsir edəcəklərini düşünənlər yalnış yolda olduqlarını özləri də bilirlər. Maraqlı məqamlardan biri budur ki, axı bu cür siyasi dairələr Azərbaycanın necə bir ölkə olmasını istəyirlər? Insan hüquqlarının qorunmasını deyirlərsə bizdə insanlara və onların hüquqlarına böyük diqqət var. Yeganə hüquqları pozulmuş bir milyon qaçqın və məcburi köçkünlərimizdir ki, onların hüquqları Azərbaycan dövləti deyil, Almaniyanın da dəstəklədiyi Ermənistan dövləti tərəfindən pozulub. Almaniya niyə dəstək olub həmin insanların hüquqlarını bərpa etməyə köməklik göstərmir?. Çünki onlara insan hüquqları deyil, ölkələrin müasir müstəmləkə formasına salmaq lazımdır. Məqsədləri odur ki, iqtisadiyyatı və təbii sərvətləri öz əllərinə keçirsinlər. Əgər tolerantlıqla bağlı problem varsa, mən deyə bilərəm ki, bəlkə də Azərbaycan həm Avropaya, həm də bir çox dünya dövlətlərinə örnək ola biləcək dini tolerant bir ölkədir. Ölkəmizdə müxtəlif dinlərə sitayiş edən insanlar təhlükəsiz şəkildə fəaliyyət göstərir və yaşayırlar. Almaniyada isə İslam dinini qəbul edənləri təqib edirlər və onlara qarşı müxtəlif təsir imkanlarından istifadə edirlər. Mən bəzi məqamlara toxundum ki, bir çox insan bilsin ki, Avropanın müxtəlif dövlətlərini və Almaniyanın bəzi siyasi dairələrini narahat edən Azərbaycan xalqı yox, Azərbaycanın müstəqil siyasət yürütməsidir". Ramiz Alıyev bildirib ki, bu gün Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi və yüksək təşkilatçılıq ölkəmizə düşmən kəsilən bəzi xarici siyasət dairələrini bərk narahat edir: "Təbii ki, bu dairələrə erməni lobbisinin də müəyyən qədər dəstəyi var".


Süleyman İsmayılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00