“”Daş yuxular” İbrahimbəyov, Əylisli və Həsənlinin ortaq mövqeyidir”

Elçin Mirzəbəyli: “Onların Ermənistan dövləti adı altında manipulyasiya etmələri avantüradan başqa bir şey deyil”

Milli Şuranın keçmiş sədri Rüstəm İbrahimbəyovun "ermənilər azərbaycanlıların düşməni deyil" fikirlərinə sözügedən qurumun indiki sədri Cəmil Həsənlidən dəstək gəldi. C. Həsənli mətbuata açıqlamasında R. İbrahimbəyovun Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qarşılanmayan fikirlərinin həqiqəti əks etdirdiyini deyib. "Olaylar"a açıqlamasında BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirib ki, bu iki insan bir qazanda bişmiş eyni əqidənin daşıyıcısıdır. Rüstəm İbrahimbəyovun bu fikirlərinin yeni olmadığını deyən E. Mirzəbəylinin sözlərinə görə, artıq uzun illərdir ki, o, mütəmadi olaraq, səsləndirdiyi fikirlərində bu mövqeyini təsdiq edir: ""Bakı küçələrində erməni nostalgiyası hökm sürür" kimi fikirlər də Rüstəm İbrahimbəyova məxsusdur. Bu şəxslərin ortaq prinsip və dünyagörüşlərinin olduğu heç kəsə sirr deyil. Əkrəm Əylislinin adı da bu siyahıdadır. "Daş yuxular" təkcə Əkrəm Əylislinin deyil, eyni zamanda Rüstəm İbrahimbəyovun, Cəmil Həsənlinin və digərilərinin mətbəxindən çıxan yanaşma tərzidir. Bu insanların düşüncə tərzi onu sübuta yetirir ki, onlar üçün Azərbaycan torpaqlarının 20%-nin ermənilər tərəfindən işğal olunması, xalqımıza qarşı həyata keçirilən soyqırım aktları, etnik təmizləmə siyasəti heç bir əhəmiyyət kəsb etmir. Bu insanlar istənilən halda ermənilərlə üz-üzə oyurmağa, onlara öz xidmətlərini təklif etməyə, onların xidmətində dayanmağa hazırdırlar. Bu nöqteyi-nəzərdən, əslində heç bir qeyri-hadisə baş verməyib. O ki qaldı, İbrahimbəyovun "ermənilər azərbaycanlıların düşməni deyil" fikirlərinə, bu məsələdə onlar manipulyasiya etməyə çalışırlar, bu məqsədyönlü yanaşma tərzidir. Bəli, heç bir xalq məntiqlə digər xalqın düşməni olmamalıdır. Nəzərə alsaq ki, tarixən ermənilər azərbaycanlılara qarşı davamlı olaraq soyqırım siyasəti həyata keçiriblər və nəsillərin dəyişməsi fonunda erməni xalqı dəyişməyibsə, demək onlar bizim düşmənimizdir. Əgər 100 il ərzində bir xalq digər xalqa qarşı soyqırım həyata keçiribsə, deməli həmin xalq digərinin düşmənidir. Yəni, nəsil dəyişir, amma bu xalqın təfəkkürü dəyişmir. Bu baxımdan onların erməni xalqı, Ermənistan dövləti adı altında manipulyasiya etmələri avantüradan başqa bir şey deyil". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00