Avropanın Azərbaycana qarşı ikili standartları qısqanclığın nəticəsidir

“Avropa dövlətləri narahatdır ki, növbəti Avropa Oyunlarını Azərbaycan səviyyədə keçirə bilməyəcəklər”

Avropa Oyunlarının açılış mərasimi öz möhtəşəmliyi ilə indiyə qədər dünyada təşkil olunan beynəlxalq idman yarışlarının əksəriyyətini kölgədə qoydu. Elə bu səbəbdən də ilk dəfə Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarına qısqanclıqla yanaşılır. Xüsusən, Avropa dövlətlərinin liderləri Azərbaycanın bu nailiyyətini həzm edə bilmirlər. Maraqlıdır, nədən Avropa üçün tarix yazan bir ölkənin uğurları bu ölkələrin liderlərinin başgicəllənməsinə səbəb olub?

Millət vəkili, Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev qeyd edib ki, bəzi Avropa dövlətlərinin siyasətini anlamaq olmur, çünki onların yürütdükləri siyasət normal məntiqə sığmır. Yəni, demokratiya deyirlər, hüquqi dövlət deyirlər, ədalət deyirlər, amma demokratiyaya, ədalətə sadiq qalmaq, dövlətə dəstək durmaq məsələsi ortaya gələndə başqa mövqe sərgiləyirlər. Bu da onların ikili sifətindən, ikili standartından və sözləri ilə əməllərinin, niyyətləri ilə məqsədlərinin üst-üstə düşməməsindən xəbər verir. Bütövlükdə götürüləndə isə hesab edirəm ki, artıq Avropa Birliyi özünün iflasına doğru getməkdədir. Özlərinin iqtisadi, siyasi problemlərini həll etmək üçün Avropa dövlətləri Avropa Birliyini yaratdılar, amma görünür, bu birlik o problemləri həll edə bilmədi, problemləri bir az da dərinləşdirdi: "Deyərdim ki, Azərbaycana münasibətdə bəzi Avropa dövlətlərinin qeyri-sağlam və qeyri-düzgün münasibət sərgiləməsi də bu ikili standartların nümayşindən başqa, həm də qısqanclıqdan doğan bir hərəkətdir. Çünki Azərbaycan qısa müddət ərzində, öz müstəqilliyini əldə etdiyi birinci 24-25 il ərzində çox sürətlə inkişaf etdi, öz dövlətini qurdu, möhkəmləndirdi. Azərbaycanın Avropanın 500 ildən, 800 ildən, 1000 ildən çox dövlətçilik tarixi, təcrübəsi olan dövlətlərindən də yaxşı bir dövlət qurmağı indi onları hardasa narahat edir, daha doğrusu, qıcıqlandırır, burada açıq-aşkar qısqanclıq hissi doğurur. Bu mənada hesab edirəm ki, Avropada kimin nə danışmağına önəm verməli deyilik". Millət vəkili hesab edir ki, Avropada kimin hansı fikirdə olmağı bizim üçün bir o qədər də önəmli deyil. Çünki bizim üçün əsas önəmli olan Azərbaycan xalqının dövlətə münasibətidir, cənab Prezidentin xalqla bir yerdə xalqın ürəyindən keçən istəkləri həyata keçirmək təşəbbüsləridir və onun niyyətləridir: "Deyir, bar verən ağaca daş atan çox olar. Azərbaycan bu gün sürətlə inkişaf edir, zəngin bir dövlətə çevrilir, bütün demokratik, hüquqi, belə deyərdim, müasir idarəçilik təcrübələri çox uğurla tətbiq olunur, həmçinin, ölkənin çox perspektivli bir gəncliyi yetişir və artıq Azərbaycan bütün dünyaya özünün istənilən müstəvidə sözünü deyir. İki il bundan öncə Azərbaycan kosmosa süni peyk çıxardı. Keçən il biz Fransanın bir peyki ilə müqavilə bağladıq və onu Azərbaycan aldı və artıq 2017-ci ildə Azərbaycanın növbəti bir peyki kosmosa çıxarılacaq. Bu, Azərbaycanın elmində və texnologiya sahəsində inkişafının bir təzahürüdür və təsdiqidir". M. Quliyev əlavə edib ki, Azərbaycan idman yarışlarında - istər Avropa Oyunlarında, istərsə hər olimpiya yarışlarından yarışlara yeni uğurlar əldə edir, medallarının sayını artırır. Məsələn, axırıncı London Olimpiya Oyunlarında Azərbaycan ilk 30-luq sırasında dayandı, baxmayaraq ki, Azərbaycan həm əhalisi, həm ərazisi, həm də idman təcrübəsi baxımdan digərlərindən xeyli az olar. Və çox sevindiricidir ki, bugünləri Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edir və çox yüksək səviyyədə bu ev sahibliyini həyata keçirir, hətta, bəlkə Avropa dövlətlərinin çoxunu da narahat edən odur ki, növbəti Avropa Oyunlarını biz görən Azərbaycan səviyyədə keçirə biləcəyikmi? Çünki keçirə bilmədilər, çünki "Eurovizion" musiqi yarışmasından da sonra eyni prosesin şahidi olduq. Ona görə hesab edirəm ki, məlum münasibətlərin bir hissəsi də Azərbaycanın sürətli iqtisadiyyatı ilə bağlıdır, sürətli inkişafı ilə bağlıdır: "Azərbaycanın türk və müsəlman dövləti olaraq, bütün sivil qaydalara əməl etməklə sürətli tərəqqisi, heç şübhəsiz ki, müəyyən konservativ dairələri qane etmir. Amma biz bütövlükdə o cür görüntü yaratmamalıyıq ki, Avropada heç kəs bizi istəmir, bütövlükdə Avropa bizə qənim kəsilib və sair. Müəyyən qüvvələrin həmişə özlərinin cılız maraqları olub, korporativ maraqları olub və Azərbaycanda indiyə qədər elə bir böyük tədbir keçirilməyib ki, Avropadan kimsə dodağını büzməsin və yaxud da hər hansı bir daş atmasın. Amma karvan öz yolu ilə irəliləyir, kimin nə daş atmasından, kimin nə bəyanat verməsindən asılı olamayaraq, Azərbaycanın iqtisadiyyatı güclənir, dövlətçiliyi güclənir. Azərbaycan öz sözünü dünyaya deyir və ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, Azərbaycan dünyaya günəş kimi doğmaqdadır və biz bundan fəxr etməliyik, qürur duymalıyıq. Bizim bütün o basqıların qarşısında yeganə duracağımız və göstərəcəyimiz müqavimətsə, bizim xalqın birliyidir, bu xalqın, dövlətimiz və prezidentimiz ətrafında birlikdir ki, bu birlik də çox davamlı və möhkəm şəkildə təmin olunub". Zaman-zaman məlum dairələrin Azərbaycana qarşı olan iddialarının, ittihamlarının kökündə daha çox ölkədə insan hüquqlarının pozulması, "siyasi məhbus"lar məsələsi dayanır. Həmin bəhanələri onların əlindən almaq üçün atıla biləcək addımlara toxunan millət bildirib ki, əslində Azərbaycan belə ittihamları ciddi bir arqument kimi qəbul etməməlidir: " Hesab edirəm ki, Azərbaycan belə iddialara fikir verməməlidir. Çünki bugünləri Azərbaycanda rəsmi olaraq siyasi məhbus yoxdur. İnsan haqlarının pozulmasına, daha doğrusu, "siyasi məhbus" məsələsinə gəldikdə isə insan haqları, siyasi məhbuslar deyilən məfhumun, belə deyərdim, bütövlükdə ümumdünya kontekstində qəbul olunmuş bir anlayışı da yoxdur. Bu mənada hər bir dövlətin özünün qanunvericiliyi var, o qanunlara, o qanunvericiliyə də hər bir vətəndaş riayət etməyə borcludur. O qanunlar çərçivəsində də hər bir vətəndaşın hüquq və azadlıqlarını dövlətin müvafiq qurumları qorumağa borcludur. Məsələ budur, insan haqlarına münasibət budur. Yoxsa ki, hərə özündən bir insan haqları, siyasi məhbuslar standartı uydurur və başlayır onu başqa dövlətlərə sırımağa. Hesab edirəm ki, bu, insan hüquq və azadlıqlarının qorunması, siyasi məhbus və sair adlar altında başqa dövlətlərin işinə qarışmaqdan başqa bir şey deyil. Yəni, bu, digər dövlətlərin işinə qarışmaq üçün bir növ vasitədir. Bunu artıq dünyada siyasətçi olmayan hər kəs də anlayır və bilir. Buna görə də mən düşünmürəm ki, biz onların hər hansı təzyiqlərinə qarşı bir yumşalma münasibəti göstərməliyik, yaxud da onların çaldığı musiqiyə oynamalıyıq. Xeyr, hər xalqın özünün musiqisi var, hər xalqın özünün ritmi var. Buna görə də biz onların cazı ilə oynayası deyilik və bizim saz da olsa, o sazı çalmaq mümkün deyil".

Alim

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00