Ermənistan qeyri-stabillik ixrac edən ölkə kimi tanınır
Fuad Muradov: “Ermənistanın yeganə çıxış yolu işğal altında olan torpaqlardan qeyd-şərtsiz çıxmaq və Azərbaycanla əməkdaşlıq etməkdir”
22 İyun 2015 14:22 Siyasətİşğalçı Ermənistanın Rusiya ilə Avropa arasında seçim etmək manevrləri hələlik müsbət nəticəsini vermir. Bir ayağını Rusiya, digərini isə Avropaya doğru atmaq niyyətində olan İrəvan bu gedişin ona baha başa gələcəyinin də fərqindədir. Elə bu səbəbdəndir ki, işğalçı ölkə "Ya Rusiya, ya da Avropa" dilemması qarşısında qalıb. Hər iki halda proseslərin Ermənistanın ziyanına işləyəcəyi isə danılmaz faktdır. Maraqlısı odur ki, Ermənistanın çətin bir seçim qarşısında qaldığını bu ölkənin xarici işlər naziri Edvard Nalbandyan da dolayısıyla etiraf edib. NATO Parlament Assambleyasının İrəvanda keçirilən "Rose-Roth" 89-cu seminarının toplantısında çıxış edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrəvanın Avropa İttifaqı ilə Rusiya arasında seçim etmək məcburiyyətində qaldığını söyləyib.
Milli Məclisin deputatı, Azərbaycan Avropa Parlamenti Əməkdaşlıq Komitəsinin sədr müavini və Avronest PA enerji Komitəsinin sədri Fuad Muradov deyib ki, Ermənistan heç bir zaman konkret, birmənalı olaraq mövqe sərgiləməyib. Onun sözlərinə görə, Nalbadyanın bu açıqlaması onu göstərir ki, bunlar heç bir seçim etməyiblər və konkret olaraq kiməsə dostluq münasibəti göstərməyiblər: "Bu da onu göstərir ki, erməni hiyləgərliyi öz işindədir və güclü kimdirsə, onun yanındadırlar. Ancaq anlamırlar ki, onların iç üzü bütün dünyaya bəyan olub". Millət vəkili qeyd edib ki, Ermənistan bütün tərəflərlə oyun oynamağa, özlərini onların yanında göstərməyə çalışır: "Düşünürlər ki, buna nail olurlar. Lakin indi dünyada Ermənistan qeyri-stabillik ixrac edən ölkə kimi tanınır, qəbul olunur. Bunu Ermənistanın qonşusu olduğu ölkələrə- Rusiya, İran, Türkiyə, Azərbaycan və Gürcüstana yönəlik siyasətində açıq hiss etmək olar. Bu gün Ermənistan Gürcüstanın Cavaxetya ərazisində yaşayan erməniləri özlərinin təsiri altında saxlamaqla bir növ daim Gürcüstanı təzyiq altında saxlayır. Əslində onlar istənilən vaxt Gürcüstana ərazi iddiası irəli sürə bilərlər. Bunu zaman-zaman səsləndiriblər. Cavaxediyadakı erməniləri seperatçı qüvvələr kimi Gürcüstan tərəfindən Saakaşvili hakimiyyəti dövründə bu şəkildə qiymətləndirilib". Fuad Muradov Azərbaycanla bağlı Ermənistanın işğalçılıq siyasətinə toxunaraq deyib ki, ermənilərin Cənubi Qafqazda 1000 ildir məskunlaşması ilə bağlı iddialar qeyri-ciddidir: "Ermənilərin heç bir zaman dövləti olmayıb. Xalqımızın dədə-baba torpaqları hesabına Ermənistan adlı dövlət yaradılıb. Bu gün isə Azərbaycanın 20 faizindən artıq torpaqlarını işğal ediblər. Ermənistan qonşu Türkiyəyə qarşı qondarma soyqırım məsələsini gündəmdə saxlamağa çalışır. Eyni zamanda Ermənistanın konstitusiyasında Türkiyənin bir neçə bölgəsinə ərazi iddiası var. Bundan başqa, gizli, yaxud açıq şəkildə erməni diasporası Rusiya və İranda təklükə mənbəyi, terror mənbəyi olaraq qalmaqdadır. Erməni diasporası da Ermənistandan idarə olunur. Artıq Rusiya və İranda erməni lobbisinə "barıt çəlləyi" kimi baxılır. Bu gün Rusiya və İranda qəbul olunur ki, erməni lobbisi narahatçılıq mənbəyidir, qeyri-stabillik mənbəyidir. Bütün bu sadaladıqlarım erməni lobbisinin güclü olduğunu göstərmir, çox yaxın zamanlarda Ermənistanın bu "qeyri-stabillik ixracatçısı" siyasəti onun məhvinə aparacaq". Fuad Muradov bildirib ki, ermənilər bu məkrli siyasətlərini uzun zaman dünyadan gizli tutmağa çalışıblar: "İndi hər şeyin üstü açılıb. Artıq bütün dünyada Ermənistan müharibə, terror ixrac edən ölkə kimi tanınır. Ayrı-ayrı zamanlarda hansısa ölkələr arasında müharibələr olub vəs. Ancaq dünyada iyrənc siyasət aparan, öz siyasətini insanların məhvi üzərində quran, bəşəri cinayətlərə imza atan, yalnız qeyri-stabillik ixrac edən ikinci bir ölkə yoxdur. Bu gün dünyada Ermənistana qarşı təzyilər artıb. Ermənistanın yeganə çıxış yolu işğal altında olan torpaqlardan qeyd-şərtsiz çıxmaq və Azərbaycanla əməkdaşlıq etməkdir. Məhz erməni xalqını xilas yolu bundan keçir".
Süleyman