Müsavat Rauf Arifoğlu ilə yolları ayıra bilər

Partiya qəzeti sona qədər dəstəkləməyəcək, Arif Hacılı üçün AXCP ilə ittifaq daha cəlbedicidi

İkinci mərhələsi başlanmış "Yeni Müsavat" qəzeti-Milli Şura savaşında əsas hədəfin sözügedən qəzeti Müsavat Partiyasından ayırmaq olduğu bəllidir. Bu, Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin, Gözəl Bayramlının açıqlamalarında aydın şəkildə görünür. Hiss olunur ki, AXCP savaşın ikinci mərhələsində Rauf Arifoğlu və başçılıq etdiyi qəzeti müxalifətdən dışlamaq, Arif Hacılı qrupunu özünə tərəf çəkmək istəyir. Cəmil Həsənlinin "Elbəyi Həsənlini Müsavatın üzərinə qaldıran da Hacı Raufdur" sözləri təsadüfi deyil. Gözəl Bayramlı "Son aylar onlarla müsavatçı partiyadan çıxarılıb, Rauf Arifoğlunu niyə çıxarmırsız" mesajı da boşuna verilməyib. AXCP Müsavata mesaj verir: Rauf Arifoğlu ilə yolları ayırın, əməkdaşlıq edək. Açığı, İsa Qəmbərin və Arif Hacılının "Yeni Müsavat"ı dəstəkləməsi AXCP-də qıcıqla qarşılanır. Xatırladaq ki, qışda baş verən birinc savaş zamanı Arif Hacılı "Yeni Müsavat"ın uğuru bizim uğurumuzdur" demişdi. Ancaq prosesin bu şəkildə davam edəcəyini söyləmək sadəlövlük olardı. Arif Hacılı Rauf Arifoğlu ilə müvəqqəti olaraq bir yerdədirlər. Partiya  qəzeti sona qədər dəstəkləməyəcək. Bunu müşahidələr də təsdiq  edir. Əvvəla, Arif Hacılının strateji planını onun təcrübəsiz müavini Osman Kazımov bir neçə ay öncə faş etmişdi. Osman bəy demişdi ki, Müsavat AXCP ilə "Yeni Müsavat"ın savaşına qatılmır. Başqan müavini partiyasının AXCP ilə müttəfiqilikdə maraqlı olduğunu da gizlətməmişdi. Bundan incimiş Rauf Arifoğlunun "Qəzetin işçiləri partiyadan istefa verəcək" açıqlamasından sonra Arif Hacılı mövqeyinə korrektə etmək zorunda qaldı. Ancaq "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlu Müsavat rəhbərliyini o qədər də güvənmir. Qəzetdə Müsavat rəhbərliyi ilə və narazılarla demək olar ki, eyni məsafə saxlanılır. Hətta sabiq başqan İsa Qəmbər haqqında aşağılayıcı sözlər işlədən Səxavət Əlisoyun sərt fikirləri  belə qəzetdə verilir. Rauf Arifoğlu yaxşı bilir ki, 2003-cü il seçkilərindən sonra "klassiklər"ə arxa çevirmiş İsa Qəmbər-Arif Hacılı dueti "çayı keçəndən sonra" "Yeni Müsavat"la da yolları ayıra bilər. Son günlər Milli Şura yetkililəri ilə "Yeni Müsavat" arasında gedən söz savaşına ara-sıra qatılan Müsavat təmsilçiləri "bizi qatmayın" mesajı verirlər. Hər üç tərəf-Müsavat, AXCP və "Yeni Müsavat" ehtiyatı əldən vermir. Müsavat "Yeni Müsavat"dan imtina edərsə, Rauf Arifoğlu Elbəyi Həsənli və digər narazılara açıq tribuna verəcək. AXCP də eyni mövqedədir. Arif Hacılı Rauf Arifoğlu ilə yolları ayırmasa, o zaman faktiki olaraq Vurğun Əyyubun rəhbərlik etdiyi narazılar AXCP-dən böyük dəstək ala bilər. Ona görə də Arif Hacılı ehtiyatlı davranır. Böyük ehtimalla, seçkiyə qədər Müsavat Partiyası "Yeni Müsavat"ın xidmətindən istifadə edəcək. Seçkidən sonra isə situasiya dəyişə bilər. Arif Hacılı 2018-ci il seçkilərinə ciddi hazırlaşmağı hədəfləyib. Yeni siyasi şəraitdə yeni müttəfiqlər qazanmaq şərt olacaq. Milli Şuranın dağılacağı təqdirdə Müsavatla AXCP arasında ilıq münasibətlər yarana bilər. Bu isə Müsavatın "Yeni Müsavat" qəzetindən imtinası halında mümkün ola bilər. Böyük hədəflərə iddiasını gizlətməyən Arif Hacılının Rauf Arifoğlu, hətta İsa Qəmbərin özü ilə ilə yolları ayırması tamamilə mümkündür.

Ərhun

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00