“Cəmil Həsənli Rauf Arifoğlunun əlinə su tökməyə yaramır”
Elşən Musayev: “Bu adam Əli Kərimlinin yedəyidir”
18 İyun 2015 16:16 Siyasət"Bir siyasətçi mövqeyindən, dünyagörüşündən asılı olmayaraq mediaya hörmətlə yanaşmalıdır. İstənilən siyasətçinin meydanda olmasını, verdiyi mesajları cəmiyyətə çatdırılmasında ən böyük rolu media oynayır". Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Milli Şuranın sədri və "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu arasındakı polemika barədə "Olaylar"ın sualını cavablandırarkən belə deyib. Azərbaycan mediasında dəyərli insanların olduğunu deyən E. Musayev, heç bir halda bir media adamına hücum etməyi doğru hesab etmədiyini qeyd edib: "Ümumiyyətlə heç bir halda onu ən aşağılayıcı ifadələrlə təhqir etmək nəinki bir siyasətçiyə, bir insana yaraşmayan mövqedir. Cəmil Həsənlidən bundan artığını gözləmək olmazdı, çünki bu adam Əli Kərimlinin yedəyidir. Onun diktəsiylə oynayan adamdır. Cəmil Həsənliyə qiymət vermək üçün Rauf Arifoğlunun "Professorun pula tüpürməkliyi" yazısını oxumaq yetərlidir ki, Milli Şura sədrinin əsl simasını görəsən. Rauf Arifoğlu bunların içərisində olmuş adamdır, bunların iç üzünü bilən adamdır. Müqayisə edəndə nə Cəmil Həsənli, nə də Rauf Arifoğlu ilə mənim siyasi dünyagörüşüm heç vaxt üst-üstə düşməyib. Amma Rauf Arifoğlunu Azərbaycan müxalifətinin şərəfli adamlarından biri kimi tanıyıram. Çünki onun keçdiyi böyük bir yol var və onun keçdiyi yollara münasibətdə, ümumiyyətlə onun siyasətdəki, mediadakı əməyinə münasibətdə Cəmil Həsənli Rauf Arifoğlu kimi adamların əlinə su tökməyə belə yaramır. Media orqanı olaraq, müxalif cəbhənin nümayəndəsi olaraq, bütün hallarda hörmət ediləsi adamdır. Ümumiyyətlə sivil qaydada danışmağı, mübarizə aparmağı öyrənməliyik. Əslində öyrənmişik və biz həmişə bunun tərəfdarı olmuşuq. Sadəcə qaragüruh qrup var ki, o hamıya bir gözlə baxır, həyatda hər şeyə müxalifdir. Müxaliflik bunların qanına hopub. Odur ki, bütün hallarda Cəmil Həsənlinin mövqeyini qınayıram". ("OLAYLAR" İA)