“6 rayonun Azərbaycana qaytarılması razılaşdırılıb”
Qabil Hüseynli: “Bu, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində böyük irəliləyişdir”
18 İyun 2015 16:11 Siyasət"7 rayonun qaytarılması məsələsi gündəmdə idi, Rusiya tərəfindən də 7 rayonun ilkin mərhələdə boşaldılacağı bildirilmişdi. Ermənistan isə bunun qarşılığında 5 rayonun qaytarılmasına razılıq verdi". Rusiya mətbuatında Ermənistanın işğalı altında olan rayonlardan 6-sının Azərbaycana qaytarılacağı ilə bağlı yayılan məlumatlar barədə "Olaylar"ın sualını cavablandıran politoloq Qabil Hüseynli belə deyib. Q. Hüseynlinin sözlərinə görə, Ermənistan Kəlbəcər və Laçın rayonlarını qaytarmaq istəmir: "İndi 6 rayon məsələsi gündəmə gətirilibsə, demək ki, Kəlbəcər məsələsi gündəlikdən çıxır. Laçın məsələsində ermənilər güzəştə getmək istəmirlər, ruslar da onların iradəsinin əleyhinə getmək istəmirlər. Hələlik bazarlıq bu səviyyədədir. Yəni, 6 rayonun qaytarılmasına razılaşdırılıb. Azərbaycan isə ilkin mərhələdə, Laçın dəhlizi istisna olmaqla, 7 rayonun qaytarılmasında təkid edir". Ermənistanın Rusiyanın for-postu olduğunu deyən Qabil Hüseynlinin sözlərinə görə, bu gün Ermənistan ərazisində Rusiyanın çoxlu sayda hərbi bazaları var. "Bunlar Ermənistanın müxtəlif ərazilərinə səpələnib və bu ölkənin sərhədlərini də ruslar qoruyurlar. Faktiki olaraq Ermənistan Rusiyanın quberniyası kimi görünür. Pyotrdan başlayan erməni-rus dostluğu bu gün davam edir. Əgər Rusiya bu fonda Azərbaycanın geostrateji mövqeyinə əhəmiyyət verərək, Ermənistanı razı salaraq, 6 rayonun qaytarılmasına razılıq veribsə, bu Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində böyük irəliləyişdir", - deyə politoloq vurğulayıb. ("OLAYLAR" İA)