Müsavat iki od arasında
Partiya AXCP-“Yeni Müsavat” savaşına bitərəf qalmaq istəyir
18 İyun 2015 15:27 SiyasətAXCP ilə "Yeni Müsavat" qəzeti arasında söz atışması yenidən qızışıb. Buna səbəb "Yeni Müsavat" qəzetində dərc olunmuş "Milli Şura Putinin "molodes"ini qazana bildimi yazısı olub. Öncə bu yazıya Milli Şuranın sədri Cəmil Həsənli cavab verdi. Cəmil müəllim "Yeni Müsavat"ı və baş redaktor Rauf Arifoğlunu müxalifət daxilində bölücülük etməkdə, "hakimiyyətə satılmaqda" suçlandırıb. AXCP-nin əsas təbliğat ruporu "Azadlıq" qəzeti Cəmil Həsənlinin cavabını "Milli Şura sədr "Yeni Müsavat"ı məhv etdi" başlığı ilə verib. Sonra Rauf Arifoğlu Cəmil Həsənliyə cavab verib, onu 2005-ci il parlament seçkiləri zamanı "müxalifət qəzetlərinə sabiq nazir Fərhad Əliyevdən pul daşımaqda" suçlandırıb. "Azadlıq" qəzeti dünənki nömrəsində yenidən bu mövzuya toxunub, Milli Şura rəhbərlərini "Yeni Müsavat" əleyhinə danışdırıb.
"Yeni Müsavat"ın sözügedən yazısında təhqir elementləri yoxdur. Yazı sırf tənqidi material kimi nəzərdən keçirilməlidir. Yazıda lap ifşaedici materiallar olsa belə, qəzet Milli Şuraya dost mövqeyi sərgiləməsə belə bundan inciməyə lüzum yoxdur. Milli Şura siyasi təşkilatdır, öz siyasi kursu var. Və bu kursu əsaslandırmalı, qəzet materialına önəm verməyərək öz yoluna davam etməlidir. Özünü ana müxalifət elan edən təşkilat bir qəzet məqaləsi ilə yıpranacaqsa, zəifləyəcəksə, o zaman ciddi işlərə iddialı olmamalıdır. Əslində "Yeni Müsavat"ın həmin yazısı heç nəyi dəyişmir. Sadəcə ortada AXCP sədri Əli Kərimlinin Rauf Arifoğluna qarşı bitməyən kini var.
"Yeni Müsavat"a və Rauf Arifoğluna qarşı qara piar kampaniyasının formatından bəlli olur ki, bu işin arxasında Əli Kərimli dayanır. Çünki metod onunkudur. Sosial şəbəkələrdə gedən müzakirələrdən də aydın olur ki, prosesin arxasında Əli Kərimli dayanır. Əli Kərimlinin müavini Gözəl Bayramlının Müsavat rəhbərləri: Arif Hacılı və İsa Qəmbərə səslənməsi, "bu günə qədər onlarla müsavatçını nizamnaməni pozduğu, partiya daxilində pozuculuq etdiyi üçün partiyadan çıxarmısız, bəs Rauf Arifoğlunu niyə dışlamırsız" mesajını verməsi əslində AXCP-nin çağırışıdır. AXCP "Yeni Müsavat"ı Müsavat partiyasından ayırmaq siyasətini davam etdirir və seçkiyə qədər bu prosesi bitirməkdə israrlıdır. Gözəl Bayramlının açıqlamasında açıq mesaj var: ya Rauf Arifoğlunu uzaqlaşdırın, ya da narazıları dəstəkləyəcəyik! Əslində AXCP bu günə qədər Müsavat daxilində baş verənlərə seyrçi qalıb. Narazılara passiv şəkildə tribuna verilib. AXCP yetkililəri bunu İsa Qəmbər-Arif Hacılı yönətiminə güzəşt kimi qiymətləndirirlər. Bundan sonra belə olmayacaq. Əli Kərimli Cəmil Həsənlinin dili ilə Müsavat son mesajlarını verdi. Jurnalist Elbəyi Həsənlinin Müsavat rəhbərliyinə qarşı açıqlamalarını da Rauf Arifoğluna bağlamaqla Müsavatla "Yeni Müsavat" arasında körpüləri bir az da zədələmək istədi. Müsavat yetkililərinin açıqlamalarından bəlli olur ki, onlar "Yeni Müsavat"-AXCP savaşına qatılmaq niyyətində deyillər. Müsavat rəhbərliyinin indiki halda "Yeni Müsavat"dan imtinası partiya rəhbərliyi üçün siyasi fəlakət olar. Müsavat "Yeni Müsavat"la əlaqələri kəssə, Rauf Arifoğlu bütün gücü ilə partiyaya qarşı gələcək, narazıları dəstəkləyəcək. Müşahidələr göstərir ki, Müsavat buna getməyəcək. Bu halda isə AXCP narazıları dəstəkləyə bilər.
Ərhun