Almaniyada yaşayan həmvətənlərimizin hüquqları pozulur
Tengis Sade Baron zu Romkerhall: “Necə olur ki, ermənilərin sənədləri heç bir maneə olmadan qəbul edilir, lakin bizim sənədlərin əksəriyyəti, məhkəmə qərarlarımız və sairə alman səfirliyinin dediyinə görə saxtadır”
16 İyun 2015 18:15 SiyasətAlmaniyanın Maqdeburq şəhərində rəsmi fəaliyyət göstərən "Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası"nın prezidenti, həmvətənimiz Tengis Sade Baron zu Romkerhall uzun müddətdir ki, hüquqşünas kimi Almaniyada yaşayan həmvətənlərimizin maraqlarını dövlət orqanları və ictimai təşkilatları qarşısında müdafiə edən nümayəndə qismində çıxış edir. Lakin alman tərəfinin bir sıra hallarda süründürməçiliyə yol verməsi bu istiqamətdəki fəaliyyəti uğursuz edir.
Tengis Sade Baron zu Romkerhall bildirib ki, son on il ərzində Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının bu ölkənin VVAQ və rəsmi dövlət idarələrinə təqdim etdikləri sənədlər bu idarələr tərəfindən heç tanınmır: "Almaniyanin VVAQ və rəsmi dövlət idarələri Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyinin yazılı məlumatına əsaslanaraq bildirirlər ki, Azərbaycanda təqdim olunan sənədlər, məsələn, doğum haqqında şəhadətnamələr, nikah haqqında şəhadətnamələr və s. sənədlər düzgün tərtib edilmir. Sənədlərin Almaniyanın Bakıdakı səfirliyi tərəfindən yoxlanılması üçün vətəndaşlarımızdan 250 - 350 Avro məbləğində pul alınır. Tələb olunan məbləğ ödənildikdən sonra vətəndaşlarımız Bakıdakı səfirliyin adına etibarnaməyə imza edir və Almaniyanın Bakıdakı səfirliyinin yazılı məlumatına əsasən bu etibarnamə ilə səfirliyin "etimad edilmiş şəxsləri" yoxlamalar aparırlar". Təşkilat rəhbəri deyir ki, yoxlanış aparıldıqdan sonra səfirliyin konsulu tərəfindən Almaniyanin VVAQ və rəsmi dövlət idarələrinə sənəd barədə yazılı məlumat verilir: "Bu proses təxminən üç aydan altı aya qədər və hətta çox uzana bilər. Elə faktlar da var ki, yuxarıda qeyd olunan "yoxlama"lardan sonra Almaniyanın Bakıdakı səfirliyi sənədlərə qarşı uydurmalar yazır, Azərbaycan VVAQ orqanlarının məmurları tərəfindən sənədlərin düzgün tərtib etməmələrindən və hətta Azərbaycan hakimlərinin məhkəmə qərarlarında "səhv" qərar vermələrindən məlumat verirlər. Bu yalan məlumatlar əsasında da vətəndaşlarımız nə nikah qeydi, nə də doğum qeydləri apara bilirlər. Bir dəfə hətta vətəndaşımıza qarşı "saxta" nikah haqqında şəhadətnaməni alman VVAQ orqanına təqdim etdiyi üçün cinayət işi açmışdılar. Vətəndaşımız bu işlə əlaqədar mənə müraciət etmişdi. Mən də bu işlə əlaqədar Berlindəki səfirliyimizə və nikah bağlanan idarəyə, Bakıdakı "Nikah evi"nə yazılı sorğu göndərdim. Sorğularıma cavab gəldi ki, sənəd rəsmidir, dövlət qeydiyyatı keçib, imza edən və möhür vuran VVAQ məmurunun bu hüquqi hərəkəti görməyə səlahiyyəti var. Əslində çox sevindim, sənədləri VVAQ idarəsinə təqdim etdik. Almaniyanın VVAQ məmuru yazılı bildirdi ki, biz sizin məktublara inanmırıq və bizə Almaniyanın Kriminal Polis idarəsinin eksperti öz rəyində yazılı bildirib ki, sənəd saxtatır. Əlbəttə, prokurorluq da bunu təsdiq etdi. Məhkəmə işi açıldı. Biz məhkəmə prosesində qalib gəldik. Yalniz bu iş iki ilə qədər çəkdi. Hər dəfə bu problemlərlə əlaqədar mənə vətəndaşlarımız tərəfindən şikayət zəngləri gəlir". Tengis Sade Baron zu Romkerhall deyib ki, burada bir neçə sual yaranır: "Birincisi, Alman səfirliyi hansı səlahiyyətə əsaslanaraq bu cür "yoxlama"lar aparır?. İkincisi, vətəndaşlarımız tərəfindən etibarnamə verilərkən səfirlik tərəfindən "etimad edilmiş şəxslər" kimlərdir? Üçüncüsü, necə ola bilər ki, Azərbaycan Respublikasının Berlindəki səfirliyi tərəfindən leqallaşdırılmayan sənədlər alman səfirliyinin "etimad edilmiş şəxslər"i tərəfindən Azərbaycandakı arxivlərdə, VVAQ orqanlarında yoxlanılır? Yaxud necə ola bilər ki, alman konsulu Azərbaycan hakimlərinin məhkəmə qərarlarında "səhv" qərar vermələrini bildirir?
Digər bir problem də var ki, vətəndaşlarımız Almaniyanın VVAQ orqanlarına doğum haqqında şəhadətnamələrini təqdim etdikdə, onlara deyirlər ki, doğum haqqında şəhadətnamənin verildiyi tarix altı aydan çox olmamalıdır. Bizim vətəndaşlar da köhnə şəhadətnamələrini cırıb ataraq "itirilmə" yolu ilə yenisini almağa məcbur olurlar". Tengis Sade Baron zu Romkerhall bildirib ki, problemlər çoxdur və bu problemlərlə əlaqədar Almaniyanın Bakıdakı səfirliyinə müraciət də edilib: "Əlbəttə cavab gəlmədi. Mənə ağrı verən də odur ki, ermənilərin sənədləri heç bir maneə olmadan qəbul edilir, lakin bizim sənədlərin əksəriyyəti, məhkəmə qərarlarımız və sairə alman səfirliyinin dediyinə görə saxtadır."
Süleyman