AAK Avropa Parlamentini ədalətli olmağa çağırır

Avropa Azərbaycanlıları Konqresi (AAK) Azərbaycan diasporu  adından bəyanatla çıxış edib. DİDK-dən "OLAYLAR"-a bildirilib ki, Avropa Parlamentinin bir sıra komitə sədrlərinə  ünvanlanmış bəyanatda Bakı 2015 I Avropa Oyunlarının önəmi vurğulanaraq, Azərbaycan diasporunun Avropanın siyasi dairələrinin və media qurumlarının qərəzli çıxışlarına qarşı kəskin etirazı bildirilib. Bəyanatada qeyd olunur ki, iyunun 12-də Azərbaycan böyük  bir hadisənin  gerçəkləşməsinə ev sahibliyi etdi,  dilindən, dinindən, irqindən asılı olmayaraq bütün dünya idmançılarına qonaqpərvərlik göstərməkdədir.  Bakıda baş verən bu tarixi hadisə dünya azərbaycanlıları və o cümlədən Avropada yaşayan azərbaycanlılar  üçün qürurvericidir.

AAK Avropa Parlamenitinin diqqətinə çatdırır ki,  2011-ci ildə "Eurovision" mahnı müsabiqəsinin Azərbaycanda keçiriləcəyi bəlli olduqdan sonra ikili standartlarla üzləşən Azərbaycan, bu dəfə də ona qarşı aparılan ədalətsiz kampaniyanın, əks-təbliğatın şahidi olub: "Azərbaycanın iqtisadi inkişafı, müstəqil siyasət yürütməsi bəzi dairələri narahat edir. Dünyanın diqqətini Dağlıq Qarabağ probleminin həllinə, bir milyondan artıq Azərbaycan vətəndaşının pozulmuş hüquqlarının bərpasına, Azərbaycan vətəndaşlarının öz torpağında  qanunsuz girov götürülməsinə, Xocalı  soyqırımının acı nəticələrinə  cəlb etmək yerinə, müzakirə edilən mövzular qeyri-dəqiq məlumatlar əsasında qurulan tənqidlə əvəz edilir".
AAK bəyan edir ki, Bakıda keçirilən bu  möhtəşəm idman tədbiri siyasiləşdirilməməli, əksinə bütün Avropanın uğuru kimi qiymətləndirilməlidir. AAK Avropa Parlamentini ədalətli olmağa çaqırır, Azərbaycana qarşı ermənilərin təsiri ilə formalaşmış qərəzli mövqeyindən çəkinməyi tələb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00