Avropa Oyunları: Azərbaycandan başlanan uzun marafon

Azərbaycan Avropa dəyərlərini özündə ehtiva edən, həmçinin müasir dünyaya açıq olan müsəlman ölkə olduğunu təqdim edə bildi

l Avropa Oyunlarının açılış mərasimi öz möhtəşəmliyi ilə seçildi, ən yüksək Olimpiya standartlarını nümayiş etdirdi, öz gözəlliyi, rəngarəngliyi, heyrətamizliyi ilə yadda qaldı. Bu, möhtəşəm idman hadisəsi idi. Rəngarəng şou və çox gözəl təşkilatçılıq Azərbaycanın inkişafının daha bir təsdiqi oldu. Bakı-2015 Birinci Avropa Oyunlarının açılışı növbəti oyunların ev sahibi ölkələri üçün yüksək həddi müəyyənləşdirdi. Avropanın 50 ölkəsinin yüksək səviyyəli nümayəndələrinin açılışa gəlməsi idman tədbirinin yüksək statusu faktını sübut edir. Azərbaycanda böyük idman sahəsi təkcə avropalı idmançıları deyil, həm də qitənin bütün sakinlərini birləşdirdir. Avropa Oyunları həm də dünya idman tarixində mühüm hadisə oldu və bəşəriyyətin həyatında mühüm yer tutan idmanın təqdimatına yeni standartlar gətirdi. İlk Avropa Oyunlarından sonra dünyanın idmana fərqli münasibət sərgiləyəcəyi dəqiqdir. Qitədə Birinci Avropa Oyunları ilə bağlı keçirilən çoxlu sayda təqdimatlar bunu sübut edir. Bu təqdimatlarda iştirak edən insanların sayı göstərir ki, Avropa cəmiyyəti Oyunların Azərbaycanda keçirilməsinə ciddi maraq göstərir. Təsadüfi deyil ki, Avropa ölkələrinin vətəndaşları olan 1200-dən çox könüllü Bakıda bu idman yarışı ilə əlaqədar fəaliyyət göstərir. Bu, ölkəmizin tolerant olmasını və prosesə ciddi yanaşmasının təzahürüdür. Azərbaycan bununla modern, Avropa dəyərlərini özündə ehtiva edən, həmçinin müasir dünyaya açıq olan müsəlman ölkə olduğunu təqdim edə bildi. İndi Avropa üçün Azərbaycan nümunəvi bir müsəlman ölkəsidir. Avropa kimi qədim sivilizasiyaya malik olan qitənin Oyunlarının burada keçirilməsi, əslində, Azərbaycanın tarix yazması və yaratmasıdır. Bu yarışlar indiyə qədər Azərbaycanla bağlı formalaşan mif və stereotiplərin dağıdılmasına gətirib çıxardı. I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə Azərbaycan həm də yeni standartlar yaradır. Bu standartlar əsasında növbəti Avropa Oyunları təşkil ediləcək. Qısa müddətə Azərbaycan yarışların keçirilməsi üçün infrastruktur yaradıb. Təxminən 2,5 il müddətinə böyük işlər aparılıb, altı daimi idman kompleksi tikilib, 5 müvəqqəti kompleks istifadəyə verilib. Bu, qısa müddət ərzində heç bir ölkənin görəcəyi iş deyildi. Bakı-2015 Avropa Oyunları üçün elə bir yüksək standart müəyyənləşdirəcək ki, bu standartın aşılıb-aşılmamasını yalnız zaman göstərəcək.

***
l Avropa Oyunlarının açılış mərasiminin kompozisiyası sülhü, humanizmi, insanlar, sivilizasiyalar arasında barışığı, Şərq və Qərbin harmoniyasını əks etdirdi. İlk Avropa Oyunlarına qədər zatən, Azərbaycan tolerantlıq, humanitar, dinlərarası forumlar təşkil edib, çoxsaylı beynəlxalq tədbirlər keçirib. Biz beynəlxalq əhəmiyyətli yarışın bir açılışıyla hər şeyi göstərdik. Oyunlar uğurla davam edir. Azərbaycan bununla dünyaya mesaj verdi ki, ölkəmizdə inkişaf var, modern məmləkətik, burada dinlər və millətlər azad şəkildə yaşayır. Olimpiya dəyərləri olan mükəmməllik, dostluq və hörmət məşəlin ötürülməsi ilə mükəmməl şəkildə ifadə olunur. Məşəl daşıyıcıları birgə şəkildə alovu bir-birlərinə ötürdükləri zaman idman vasitəsilə sülh, dostluq və bayram mesajını verirlər. Açılış mərasimində çoxlu sayda dövlət və hökumət başçısının, nüfuzlu və tanınmış şəxslərin iştirakı isə bu mühüm idman yarışmasına olan yüksək beynəlxalq diqqət və marağın təzahürüdür. "Bakı-2015" Azərbaycanı beynəlxalq idman nailiyyətində ön cərgəyə çıxardı. Avropanın 50 ölkəsindən 6 min atletin idmanın 20 növü üzrə qüvvələrini sınadıqları Oyunlar tarixə düşəcək. Bu mötəbər çoxnövlü idman tədbiri Asiya, Panamerika, bütün Afrika və Sakit okean hövzəsi Oyunlarının ardınca keçirilən son kontinental oyundur və Olimpiya Oyunları ilə eyni qaydada - hər 4 ildən bir keçiriləcək. Beləliklə, "Bakı-2015" Azərbaycanın beynəlxalq atletlər üçün dünyanın aparıcı məkanı olaraq yerini möhkəmləndirəcək. Yarışların yayımlanması üçün 57 ölkənin televiziya kanalları ilə müqavilə imzalanıb və 830 saatlıq yayım planlaşdırılır. Artıq həmin KİV-lər Azərbaycandan yayıma başlayıblar. "Bakı-2015"-in dühası Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru (BEGOC) Saymon Kleq Avropa Oyunlarının həyəcanverici gələcəyinin olduğunu deyib. Yeni infrastruktur layihələri ilə Avropa Oyunları üçün əbədi irs yaradacaq və bunu növbəti Oyunlara ev sahibliyi edəcək şəhərə ötürəcək.
***
Açılış mərasimi Azərabycanın güclü potensialını, ən mürəkkəb vəzifələrin öhdəsindən layiqincə gəlmək bacarığını əyani göstərdi. I Avropa Oyunlarının keçirilməsi üçün lazım olan infrastruktur dünya standartları ölçüsündə qısa müddət ərzində hazırlanıb istifadəyə verildi. Bu, ölkəmizin kosmik inkişafının təzahürüydü. Azərbaycan idman tarixində indiyədək edilməyəni reallaşdırdı. Ölkəmiz bu Oyunlara ev sahibliyi etməklə Avropada idmanın inkişafına da mühüm töhfə verəcək. Azərbaycanda olan çoxsaylı əcnəbilər, turistlər, idmançılar Birinci Avropa Oyunlarının açılış mərasiminin təşkilini yüksək qiymətləndirdi və ən yüksək standartlara cavab verdiyini söylədilər. Bədiiliklə fəlsəfiliyinin, keçmişlə gələcəyin vəhdətində hazırlanmış açılış mərasimi beynəlxalq ictimaiyyətin nəzərində Azərbaycan irəliyə doğru hərəkət edən ölkədir təəssüratını yaratdı. Paralel olaraq, Birinci Avropa Oyunlarının açılış mərasimində hər hansı narahatlıq, xoşagəlməz hal müşahidə edilmədi, təhlükəsizlik, nəqliyyat və digər məsələlər ən yüksək səviyyədə təşkil olundu. Aidiyyatı orqanlarla yanaşı, sadə vətəndaşlar da açılış mərasiminin yüksək səviyyədə təşkil olunmasına öz dəstəklərini verdilər. Bir sıra tanınmış şəxslər və cəmiyyət nümayəndələri şəxsi avtomobillərindən imtina edərək, hərəkət marşrutunu ictimai nəqliyyat vasitələri ilə müəyyənləşdirdilər. Mərasimin keçirildiyi vaxt nə Olimpiya Stadionu, nə də paytaxın, həmçinin digər bölgələrdə hansısa insidentin baş verməməsi təhlükəsizlik orqanlarının yaxşı işləməsinin nəticəsiydi. Azərbaycan xalq birliyi ilə prosesdən üzüağ çıxa bildi. Xarici media da Azərbaycanın milli mədəniyyətinin yüksək səviyyədə nümayiş olunduğunu xüsusi qeyd etdi. Bakı-2015 Birinci Avropa Oyunlarının açılış mərasimi müxtəlif beynəlxalq media qurumlarında da işıqlandırıldı. Mərasimi canlı olaraq yayan TV-lərlə yanaşı, internet media da bu böyük mərasimə yer ayırıb. ABŞ, Avropa, Latın Amerikası, Afrika, Avstraliya, Rusiya, Asiya ölkələri KİV-lərində Avropa Oyunlarından xüsusi olaraq hazırlanan reportajlarda mərasimin möhtəşəm keçdiyini qeyd edilib. Həmin media qurumları Birinci Avropa Oyunlarının dünya idman təqvimində əsas hadisəyə çevriləcəyini vurğuladılar.
***
Avropa Oyunlarının xarici mətbuat və sosial şəbəkələrdə müzakirəsi göstərdi ki, bu mühüm idman yarışması bütün dünyanın diqqət mərkəzindədir. Sosial şəbəkələrdə xarici auditoriya, idman ictimaiyyəti l Avropa Oyunları haqqında yüksək fikirlər və rəylərlə bölüşdülər. Twitter də Bakı2015 haştaqı dünya trendində top onluğa düşdü. Nəticədə anti-Azərbaycan şəbəkəsi və dünya erməni lobbisi tərəfindən açılan saxta profillər, Azərbaycana qarşı sosial şəbəkələrdə açılan kampaniya arzuolunan nəticəni vermədi. Oyunların açılışı günü anti-Azərbaycan dəstələrin sosial şəbəkələrdə üstünlüyü ələ almasına imkan verilmədi. #Baku2015, #EuropeanGames, #RealBaku və digər haştaqlar altında sosial şəbəkələrdə axtarış aparıldıqda, Azərbaycan və Avropa Oyunları haqqında əsl həqiqəti əks etdirən pozitiv xəbərlər mütləq üstünlük təşkil etdi. Yalnız #Bakı2015 haştaqı adı altında ingilis dilində 10 minə yaxın müxtəlif tvit paylaşıldı. "Anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr üzrə eksperti" Ketti Piars öz "Tvitter" səhifəsində cədvəl formasında yaydığı xəbərdə də öz məğlubiyyətlərini etiraf etdi. Beləliklə, açılış mərasimi  ötən dövr ərzində müəyyən mərkəzlərdən idarə olunan antiAzərbaycan kampaniyasının tam iflasa uğradığını göstərdi. Bunun qarşılığında Britaniya mediasının açılış mərasiminə münasibəti isə təsdiq etdi ki, bu gün onların qarşısına qoyulmuş əsas vəzifə nəyin bahasına olursa olsun l Avropa Oyunlarını və onu keçirən ölkəni gözdən salsın. Dünyaya sülh mesajı verən açılış mərasimi bitər-bitməz Britaniyanın BBC, "The Guardian", "Daily Telegraph", "The Daily Mail" "The İndependent", "Sundy Times" və sair media orqanlarında Azərbaycan əleyhinə qərəzli və əsassız iddialarla dolu materiallar yer aldı. Bununla Azərbaycanı qaralayan Böyük Britaniya mətbuatı bir daha xüsusi tapşırıq əsasında fəaliyyət göstərdiyini isbatladı. Lakin, Britaniyadan fərqli olaraq, dünyanın aparıcı KİV-lərinin mərasim haqqındakı obyektiv rəyləri ingilis mediasını təklədi. Dünya mediasının ümumi rəyi belə oldu ki, Azərbaycan ilk Avropa Oyunlarının açılış mərasimi ilə aşılması mümkünsüz standartlar müəyyən etdi.
***
AntiAzərbaycan şəbəkə Azərbaycan kimi kiçik müsəlman ölkəsinin bu qədər təzyiqə necə də məharətlə cavab verdiyindən, l Avropa Oyunlarının mühüm tarixi hadisəyə çevrilməsindən, bütün cəhdlərinə baxmayaraq sivil dünyanın l Avropa Oyunlarını dəstəkləməsindən və nəyə görə cəhdlərinin belə acınacaqlı şəkildə iflasa uğramasından çaşıb və nə edəcəyini bilmir. Azərbaycan buna bir açılış mərasimi ilə dünyanın diqqətini üzərinə çəkməklə nümayiş etdirdi. Yarışların Azərbaycanda keçirilməsi qərarı veriləndən iyunun 12-dək aparılan bütün kampaniyaları iflas etdi. Birinci Avropa Oyunları baş tutdu və hal-hazırda uğurla davam edir. Yarışda iştirak edən bütün ölkələr, hətta Ermənistan təşkilatçılıqdan və göstərilən münasibətdən razıdır. Bunun fonunda, anti-Azərbaycan şəbəkə heç yerdə dəstək tapa bilmir, Emin Milli, Arzu Qeybulla, Keti Pisr, Rebekka Vinsent kimi bir neçə milli və insani hisslərdən məhrum olmuş, başıpozuq ünsürlərin ümidinə qalıb. Qlobal səviyyədə boykota nail ola bilməyən anti-Azərbaycan qüvvələrinin sonda bu yola əl atacağı məlum idi. Heç bir dövlət rəsmi qaydada bu dairələrin çağırışlarına məhəl qoymadı. Nəticədə söylədiyi fikirlərin ictimai rəydə özünə yer tapa bilməyən şəxslərə üz tutublar. Bu, Azərbaycanın qələbəsidir. Beləliklə, hazırlanmış kampaniyalarının nəticə verməməsi anti-Azərbaycan şəbəkəsini cılız, miskin və sözün əsl mənasında çaşmış vəziyyətə saldı. Keçən dövr ərzində özünə qarşı çevrilmiş kampaniyalar qarşısında Azərbaycan təmkinlə və qısa müddət ərzində böyük idman tədbirinə hazırlıq dövrünü başa çatdırmaqla rekorda imza atdı, həm də Avropa olimpiya hərəkatının standartlarının formalaşdırıldığı məkan kimi öz adını tarixə yazmağı bacardı. Bu, Azərbaycan dövlətinin və xalqının böyük uğuru, həm də siyasi, iqtisadi və humanitar mərkəzə çevrilmiş müasir Azərbaycanı dünya ictimaiyyətinə olduğu kimi tanıtmaq, müstəqillik illərində əldə edilmiş nailiyyətləri və təcrübəni bölüşmək, ümummilli problemlərimizi Avropanın diqqətinə daha yaxından çatdırmaq üçün əlverişli fürsətdir.


Mənsur
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00