Rəsmi Bakıdan anti-Azərbaycan kampaniyası aparan dairələri susduracaq cavablar
Əli Həsənov: “Kimisə hansısa məhkəmə qərarı qane etmirsə, həmin məsələni İnsan Hüquqları Məhkəməsinə çıxara bilər”
11 İyun 2015 20:44 SiyasətAzərbaycanın Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, İdman və gənclər naziri Azad Rəhimov iyunun 11-də yerli və xarici media nümayəndələrinin iştirakı ilə I Avropa Oyunlarına həsr olunmuş geniş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar. Jurnalistin "Azərbaycanda siyasi məhbus məsələsi" ilə bağlı sualına cavabında dövlət rəsmisi Əli Həsənov, Azərbaycanda siyasi məhbusun olmadığını diqqətə çatdırıb: "Azərbaycan hakimiyyəti olaraq o iddiadayıq ki, Azərbaycanda siyasi məhbus yoxdur. Azərbaycanda ayrı-ayrı əməllərinə görə, məhkum olunmuş insanlar var. Onların barəsində məhkəmənin qərarları, hökmü var. Heç bir icra hakimiyyəti də məhkəmənin qərarını şübhə altına almaq səlahiyyətində deyil". Azərbaycan Prezidentinin köməkçisi "siyasi məhbus" məsələsinin bəzi Qərb dairələri tərəfindən ortaya atıldığını vurğulayıb: "Azərbaycanda söz və mətbuat azadlıqları gündəmə gətirilərək təlqin olunur ki, guya burada siyasi məhbuslar var, söz və mətbuat azadlığı pozulur, azad media mövcud deyil. Azərbaycan 15 ilə yaxındır ki, Avropa Şurasının üzvüdür. Bu o deməkdir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları Azərbaycanda birbaşa keçərlidir. Azərbaycan Avropanın hüquq məkanındadır. Kimisə hansısa məhkəmə qərarı qane etmirsə, həmin məsələni İnsan Hüquqları Məhkəməsinə çıxara bilər. Bu o deməkdir ki, Azərbaycan məhkəmələri istəsə belə, istər siyasi, istərsə də vətəndaş cəmiyyətinin üzvünü Avropa prinsiplərindən kənar məhkum edə bilməz. Azərbaycan məhkəmələri hakimiyyətin müstəqil qanadıdır. Burada məhkəmələr hüquqi dövlət normalarına uyğun fəaliyyət göstərir. Ölkəmizdə tam siyasi fəaliyyət azadlığı var. Azərbaycanda 55 siyasi partiya var. Onlar mitinqlər, yürüşlər, etirazlar, aksiyalar keçirmək, seçkilərdə iştirak etmək kimi tam azadlığa malikdirlər. Avropanın bəzi dairələri tərəfindən geniş kampaniyaya çevrilən "Azərbaycanda siyasi məhbus mövcuddur, insan hüquqları pozulur, mətbuat azadlığı yoxdur" fikirlərinin heç bir əsası yoxdur". Dövlət rəsmisi Əli Həsənov jurnalistin "Avropa Oyunlarının siyasiləşidirilməsi cəhdləri" ilə bağlı sualına cavabında bildirib ki, bəzi dairələr cidd-cəhdlə Avropa Oyunlarını siyasiləşdirməyə çalışırlar. Bunun acısını təkcə Azərbaycan deyil, bütün Avropanın idman cəmiyyəti çəkəcək. Son zamanlar Azərbaycanın yürütdüyü müstəqil siyasətə fərqli subyektiv mülahizələrlə yanaşan qüvvələr belə anti-Azərbaycan platforması formalaşdırıblar və sistemli şəkildə anti-Azərbaycan fəaliyyətlərini yönəldirlər. Biz bunu ayrı-ayrı beynəlxalq təşkilatların fəaliyyətində müşahidə edirik. Biz bu işlərə təmkinlə yanaşırıq. Öz müstəqil iradəmizlə hərəkət eməyə çalışırıq, Azərbaycanın doğru yolda olduğunu dünyaya çatdırmağa çalışırıq. Bu yol Avropa ilə qarşılıqlı maraqlar çərçivəsində münasibətlərin qurulması yoludur, regionda sivil və müstəqil siyasətin aparılmasıdır və bundan da çəkinmək fikrimiz yoxdur. Biz anti-Azərbaycan kampaniyasına görə təəssüf edirik və həmin dairələri nə qədər gec deyil bu kampaniyadan çəkinməyə çağırırıq".
""Amnesty International"ın adından yayılan bəyanatın heç bir əsası yoxdur"
Prezidentin köməkçisi Əli Həsənov Azərbaycanın "Amnesty International" Təşkilatının nümayəndəsini akkreditasiyadan keçirməməsi ilə bağlı yayılan məlumatlar əsasında jurnalistlərin suallarını da cavablandırıb. ""Amnesty International" məsələsi beynəlxalq mətbuatda müzakirəyə çıxarılıb və bunun mahiyyəti ondan ibarətdir ki, Azərbaycan və Olimpiya Komitəsi "Amnesty International" təşkilatının nümayəndəsini akkreditasiyadan keçirməyib. Mən bununla bağlı araşdırma apardım, müvafiq qurumlarla əlaqə saxladım və öyrəndim ki, "Amnesty International" adından Azərbaycana səfərə gəlmək istəyən insanın adı qeydiyyatdan keçməyib, nə BEGOC-da, nə də viza almaq üçün müvafiq qurumda "Amnesty International"dan heç kimin adı yoxdur. Sonra bəlli oldu ki, "Amnesty International" təşkilatını təmsil edən ayrı-ayrı şəxslər dolayı yolla, yəni qeyri-qanuni yolla, müxtəlif qəzetlərin adından istifadə edərək Azərbaycana keçmək istəyiblər. Burada sadəcə dolayı yolla Azərbaycana gəlmək cəhdinin qarşısı alınıb. Ona görə də "Amnesty International"ın adından yayılan bəyanatın heç bir əsası yoxdur", - deyə dövlət rəsmisi qeyd edib.
"Separatizmə şərait yaratmaq olmaz"
Ermənistanın Avropa Oyunlarında iştirakıyla bağlı ünvanlanan suala cavab verərkən, Əli Həsənov bildirib ki, ilk Avropa Oyunları Azərbaycan və Ermənistan xalqlarının yaxınlaşmasında müsbət rol oynayacaq. O, qeyd edib ki, Dağlıq Qarabağ əhalisi faktiki olaraq Ermənistandakı bəzi separatçı rəhbərlərin, separatçı düşüncəli şəxslərin girovuna çevrilib. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti başlayandan bəri 25 ildən artıqdır ki, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Bu münaqişə ilə bağlı BMT-nin 4 qətnaməsi qəbul edilib, amma Ermənistan tərəfindən yerinə yetirilmir. Bu dövlət BMT-yə meydan oxuyur. Ermənistan yenə də təhdidlərini davam etdirir. Ukraynada ondan əvvəl MDB-də baş verən hadisələr göstərdi ki, separatizmə şərait yaratmaq olmaz. Ona görə də nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi var, dünyada və bölgədə sülhün tam bərqərar olmasından danışmaq olmaz. Nə qədər ki, beynəlxalq qanunlar bütün münaqişələrin həllinə eyni qaydada tətbiq olunmur, bizi bu kimi hadisələr çox gözləyir". PA rəsmisi mətbuat konfransında həmçinin Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığının prioritetlərini də açıqlayıb: "Afrika qitəsi müstəqil Azərbaycan dövləti üçün yeni bir məkandır və biz bu məkanla müxtəlif iqtisadi, sosial, siyasi layihələr həyata keçirməkdəyik. Afrika qitəsinin ölkələrinin çoxu müsəlman dövlətləri olduğu üçün Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Afrika dövlətləri ilə kifayət qədər yaxşı əlaqələrə malikdir. Təşkilat çərçivəsində müxtəlif layihələr həyata keçiririk. Bu münasibətlər dinamik inkişaf edir və gələcəkdə də inişaf edəcək. Azərbaycan dünyada alternativ enerji mənbəyi kimi tanınır və buna müvafiq olaraq, SOCAR həm Avropanın enerji təhlükəsizliyində öz resursları ilə iştirak edir, həm də biznes strukturu kimi fəaliyyət göstərir. SOCAR Afrika ölkələrində də fəaliyyət göstərməyi planlaşdırır. Azərbaycan SOCAR vasitəsilə Afrikanın karbohidrogen resurslarının işlənməsi və dünyaya çıxarılması üçün fəaliyyət göstərməyi planlaşdırır. Bir neçə il bundan əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiləndə Afrika dövlətləri bizə böyük dəstək verdi və biz bu tribunadan istifadə edərək Afrika problemlərinin dünyaya çatdırılması üçün səmərəli fəaliyyət göstərdik. Bundan sonra da Afrika ölkələri ilə Azərbaycan arasında münasibətlər inkişaf edəcək".
"Azərbaycanın öz yolu var"
Birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyası barədə suala cavabında Əli Həsənov, Böyük Britaniya mətbuatının anti-Azərbaycan "London platforması" yaratdığını və bunun təəssüf hissləri doğurduğunu diqqətə çatdırıb: "Bura böyük media kampaniyalarını cəlb edirlər. Bəzi ölkələr vətəndaşlarının, vergiödəyicilərin pulunu Azərbaycana qarşı yönəldirlər. Son bir ayda Qərb mətbuatında Azərbaycanda insan hüquqları, söz və mətbuat azadlığı ilə bağlı aparılan kampaniyaların arxasında dayanan müəyyən qüvvələr var. Bunu bilərəkdən idarə edirlər. Bunun niyəsini biz də müəyyən etməyə çalışırıq. Kiçik Azərbaycanın ilk Avropa Oyunlarını yüksək səviyyədə və qısa müddətdə təşkil etməsi bəzi dairələr üçün həddən artıq çox cəlbedici görünür. O qüvvələr Azərbaycanın uğurlarına kölgə salmaq, belə uğurlara qadir olmadığını sübut etmək istəyirlər. Hazırda Azərbaycanın dostları bütün dünyada müqavimət göstərir ki, onların bu kampaniyası süquta uğrasın və ciddi nəticəyə gətirib çıxarmasın. İkincisi, bunların arxasında erməni lobbisi, bəzi sosial qurumlar və QHT-lər durur. Onlar bəzi mənbələrdən maliyyələşərək dərhal anti-Azərbaycan təbliğatını reallaşdırmağa çalışırlar. Onlar eyni ssenarini Azərbaycanda "Eurovision" yarışması keçirilən zaman da həyata keçirməyə çalışırdılar, indi də edirlər, sabah da yəqin ki, belə edəcəklər". Əli Həsənov qeyd edib ki, Azərbaycanın müstəqil siyasətini qəbul etməyən, öz yanında görmək, təzyiq altında saxlamaq istəyən qüvvələr var. PA rəsmisi həmin qüvvələrin mövcud yenilikləri kölgə altına salmaq istədiklərini də vurğulayıb: "Bu, təkcə Azərbaycana qarşı deyil, Avropaya, Avropa idman ictimaiyyətinə qarşı hörmətsizlikdir. Bu kampaniya bir müddət sonra dayanacaq. Bu gün anti-Azərbaycan mövqeyində duran insanlar vaxt gələcək səhv etdiklərinin fərqinə varacaqlar. Amma Avropa Oyunlarının tarixndə bu qalacaq ki, onlar belə bir kampaniya aparıblar. Tərəqqipərvər bəşəriyyət bu kampaniyanın doğru və ya qeyri-doğru olduğunu özü qiymətləndirəcək. Cənab Prezident İlham Əliyev Azərbaycanın tutduğu yolu dəfələrlə bəyan edib. Azərbaycanın öz yolu var. Bu, Azərbaycanın milli maraqlarını təmin etmək və dünya ölkələri ilə qarşılıqlı maraqlar çərçivəsində münasibətlər qurmaqdır. Bizə müxtəlif təkliflər gəlir, o cümlədən Avrasiya İqtisadi Birliyinə, Qoşulmama Hərəkatına qoşulmaq təklifi gəlir. Amma Azərbaycan bir yol seçib, biz bölgədə balanslı, qarşılıqlı faydalı əməkdaşlığa söykənən partnyorluq siyasətini seçmişik. O yerdə ki, Azərbaycanın maraqlarına uyğun siyasət var, biz oradayıq, o yerdə ki, Azərbaycanın maraqları yoxdur, orada Azərbaycanın maraqlarını həyata keçiririk. Azərbaycan kollektiv maraqları təmsil edən birliklərə tənqidi yanaşır. Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verir. Biz bu yolla həm İran, həm ABŞ, həm Rusiya, həm Türkiyə, həm də İsraillə əməkdaşlıq edirik. Heç kimin maraqlarını inkar etməyən bu siyasət Avrasiya geosiyasi məkanında ən keçərli siyasətdir".
"İdmanı siyasiləşdirmək istəyən təşkilatların heç biri öz məqsədlərinə çata bilməyəcək"
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın idman sahəsində korrupsiya halları ilə bağlı Qərb mediasında yayılmış məlumatlara aydınlıq gətirib. Nazir bu tip məlumatların doğru olmadığını bildirib: "Dünyada hansısa bir audit şirkəti Gənclər və İdman Nazirliyinin büdcəsindən bir manatın kənara xərclənməsini sübut edərsə, mən öz vəzifəmdən istefa verməyə hazıram". A.Rəhimov qeyd edib ki, Azərbaycanın idman büdcəsi ildə təqribən 10 milyon manat təşkil edir və bu vəsait bütün idman növləri üzrə müxtəlif yarışlarda iştirak etmək üçün xərclərə, təlimlərə, idman avadanlıqlarının alınması, dərman təchizatı və digər məsələlərə sərf olunur. Avropa Oyunlarının büdcəsinə gəlincə isə nazir bildirib ki, büdcə 960 milyon manat idi və sonradan 1 milyarddan bir qədər çox oldu. Gənclər və idman naziri A.Rəhimov deyib ki, I Avropa Oyunları dostluğun, həmrəyliyin təntənəsi olmalıdır: "İdman sülh deməkdir və insanları birləşdirir. İdmanı siyasiləşdirmək istəyən təşkilatların heç biri öz məqsədlərinə çata bilməyəcək. Biz görməmişdik ki, hansısa bir ölkənin Olimpiya Komitəsi boykotla çıxış etsin. Biz bəzi stenoqramlara nəzər saldıqda görürük ki, bunu siyasiləşdirmək istəyirlər". Nazir Azad Rəhimov həmçinin Ermənistan nümayəndə heyətinin Bakıya gəlməsi, paytaxt yollarında tıxacın yaranmaması üçün görülmüş işlər, Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının ümumi vəziyyəti barədə yerli və xarici KİV nümayəndələrinə məlumat verib. A. Rəhimov Azərbaycanda hokkey idmanının vəziyyəti ilə bağlı ünvanlanmış suala da cavab verib. Azərbaycanda qış-idman növlərinin inkişaf etdiyini deyən nazir bildirib ki, yaxın gələcəkdə Azərbaycanda hokkeyin bütün növləri olacaq.
Qeyd edək ki, mətbuat konfransı Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi tapşırığı əsasında keçirilib.
Mənsur Rəğbətoğlu