Azərbaycana qarşı ideoloji müharibə aparılır

Birinci Avropa Oyunlarına qərəzli münasibət Avropada idmanın məhvinə yönəldilən cəhdlərdir

Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar iclasında Bakıda keçiriləcək I Avropa Oyunları çərçivəsində "idman və insan hüquqları" mövzusunda şifahi dinləmələr keçirilib. Belə ki, AP-nin bu həftəki sessiyası ərzində qurumun Yaşıllar qrupunun (Azad Avropa Alyansı) təşəbbüsü ilə irəli sürülmüş bu məsələyə dair xüsusi qətnamə qəbul edilməsi təklif olunsa da, səsvermə nəticəsində səslər tən yarıya bölündüyündən bu təklif keçərli olmayıb. Plenar iclasda sadəcə şifahi müzakirələr aparılmasına qərar verilib. Avropa Oyunlarından danışan bir neçə "boykotçu" AP deputatı çıxışlarında Azərbaycanda insan huquqları və demokratiyanın vəziyyətindən narahatlıqlarını ifadə ediblər. Gözlənildiyi kimi, bu müzakirələr zamanı da "Azərbaycanla bağlı tənqidi fikirlər üzrə ixtisaslaşmış" Ulrike Lunarçek danışıb.Lakin onların fikri ilə razılaşmayanlar və Avropanın öz içindəki problemlərə baxmağa çağıran deputatlar da olub. Deputatlar Boonanno Cyanluka, Boris Zala, xanım Gomesh Anna idmanın alət edilməsinə qarşı çıxıb, bu oyunları siyasiləşdirməməyə çağırıblar. Onlar bildiriblər ki, Azərbaycanda insan huquqları və demokratiyanın vəziyyəti ilə bağlı mütəmadi olaraq Avropa Şurası ilə dialoqlar olur. İtaliyalı deputat Buonanno Cyanluka isə Avropa ölkələrində də insan haqlarının yaxşı vəziyyətdə olmadığını, insanların təqib edildiklərini deyib: "Dünyada bir çox ölkələr var ki, orda hər gün insanlar qətlə yetirilir, azadlıqlar pozulur. Biz isə burda yalnız Azərbaycanı tənqid etməklə məşğuluq". Avropa İttifaqının Şurasının Latviya sədirliyi adından çıxış edən xanım Kalnina-Lukaşeviça Zanda Şura adından danışaraq, Azərbaycanın regionda mühüm rol oynadığını qeyd edib. O vurğulayıb ki, bu ölkədən uzaqlaşmaq deyil, əksinə, əməkdaşlığı dərinləşdirməyə ehtiyac var.Xanım Zanda Azərbaycanın Ermənistanla münaqişə vəziyyətində olmasına baxmayaraq, oyunlara erməni idmançıların da dəvət olunmasını müsbət jest kimi qəbul etməyin vacibliyini vurğulayıb.O bildirib ki, Şura "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycanla əməkdaşlığı davam etdirir.

***

Millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, Avropa Parlamentində bu Azərbaycanla bağlı təşkil olunan dinləmələr anti-Azərbaycan mərkəzlər tərəfindən hazırlanıb həyata keçirilən planın tərkib hissəsidir: "Biz belə kampaniyanı bir neçə il öncə "Avrovizion" musiqi müsabiqəsi zamanı da şahidi olmuşuq. Birinci Avropa Oyunları yaxınlaşdıca analoji hadisələrin və təzyiqlərin yenə də artığının şahidi oluruq". S.Fətəliyeva bildirib ki, bütün bunlar belə bir mötəbər yarışı keçirməklə üzərinə böyük məsuliyyət götürüb, onu yüksək səviyyədə keçirməyə hazır olan ölkəyə qısqanclıqla yanaşan qüvvələr tərəfindən həyata keçrilir. Bu qüvvələr Azərbaycanın artan nüfuzunu, inkişafını görüb, onu qəbul etmədiklərindən bu cür cılız hərəkətlərə yol verirlər. Bədxah qüvvələrin səyləri puça çıxacaq və onların bu hərəkətləri nəticə verməyəcək. S.Fətəliyeva əlavə edib ki, bu Oyuna olan maraq elə böyükdür ki, artıq çoxsaylı xarici turistlər ölkəmizdə səfərdədirlər: "Azərbaycan bu mötəbər yarışı yüksək səviyyədə keçirəcək. Bu Oyunların ilk dəfə Azərbaycanda keçirilməsi həm ölkəmizin, həm də Avropanın tarixində mühüm hadisədir. Fikrimcə, bu tədbir Azərbaycanı dünyaya təqdim etmək və tanıtdırmaq üçün yeni bir platforma olacaq. Azərbaycan bu mötəbər tədbiri yüksək səviyyədə keçirməklə özünü dünyaya təqdim edə biləcək. Bundan əndişələnən antiazərbaycan qüvvələr bu inkişafa əngəl olmaq istəyirlər. Ancaq bir daha deyirəm, nə Avropa Parlamentinin Azərbaycanla bağlı təşkil etdiyi dinləmələr, nə də digər antiazərbaycan kampaniyaları nəticə verməyəcək. Çünki Azərbaycan doğru yoldadır. Əksinə, bu idman yarışı bir daha Azərbaycanın dünyada artan nüfuzuna öz müsbət təsirini göstərəcək".

***

Millət vəkili Tahir Rzayev bildirib ki, Avropa xalqlarının iradəsini ifadə etməli və mənafeyini qorumalı olan Avropa Parlamenti çox təəssüflər olsun ki, Şultsun sədrliyi dövründə ayrı-ayrı siyasi dairələrin və şəxslərin əlində ölkələrə təsir mexanizmi rolunu oynayan bir alətə, yalanları, böhtanları pərdələyib, həqiqətlərə qara yaxan bir vasitəyə çevrilib: "Parlamentdə deputatlar hər cürə şou göstərir, istənilən ölkəni şərləyir, əsaslandırılmamış məruzələrlə çıxış edir. Bir çoxları ancaq Şultsun tapşırıqlarını yerinə yetirirlər. Faşist Şults bir zabit kimi vəzifəsini yerinə yetirib, almanlara qarşı çıxanları məhv edirdisə, ancaq əksinə sədr Martin Şults ona qarşı çıxmayanları, Avropa dəyərlərinə sadiqliyi ilə fərqlənənləri, müstəqil siyasət yeridən, inkişafda olan ölkələri sözlə, yalanla böhtanla gözdən salmaq, məhv etmək əzmindədir. O, qaniçənləri, işğalçıları, terrorçuları, yalan danışanları, Ermənistan kimi fitnəkar dövlətləri müdafiə edib dəstəkləməklə, qatilləri, cəlladları alqışlamaqla insanlığın məhvinə yol açır, münaqişələri, qarşıdurmaları alovlandırır. Azərbaycana münasibətdə Şults daha qərəzli və məkrli mövqe nümayiş etdirir. O, Avropa xalqlarının mədəniyyətinə, intellektinə, mənafeyinə xidmət edən əhəmiyyətli tədbirləri dəstəkləməyə, ona kömək etməyə borclu olduğu halda, əksinə ölkəmizdə keçirilən musiqi müsabiqələrinin, idman oyunlarının əleyhinə qarayaxma kampaniyası aparır. Bu gün Birinci Avropa Oyunlarının keçirilməsi nəinki Avropanın, dünyanın diqqət mərkəzindədir. Böyük təşkilatçılıq səyləri sayəsində hazırlanan və beynəlxalq idman təşkilatları tərəfindən hazırlığı yüksək qiymətləndirilən bu oyunların Avropa xalqlarının birliyinə, idmanın səmərəliliyinə verdiyi töhfələri alqışlamaq və buna sevinmək əvəzinə, Şults və onun əlaltıları bu mühüm əhəmiyyətli idman bayramını gözdən salmaq cəhdləri, boykot etmək çağırışları əsl riyakarlıqdır". T. Rzayev hesab edir ki, Avropa Oyunlarının açılışı ərəfəsində Avropa Parlamentində "İdman oyunlarının insan haqlarının müdafiəsi və universal dəyərlərin təbliği istiqamətində rolu" haqqında müzakirələrin keçirilməsi bunu deməyə əsas verir: "Çox təəssüflər olsun ki, Şults idmanı siyasətləşdirməyə və idman oyunlarından da bir təsir vasitəsi kimi istifadə etməyə cəhd göstərir. O, vəzifəsini, əqidəsini satır, borcunu dəyərləndirmir. Bu, onun erməni lobbisinin əlində bir alətə çevrildiyini aydın göstərir. İnsan haqlarının pozulması sahəsində Azərbaycanı tənqid edən bu siyasətçi minlərlə idmançının, idman azarkeşinin, ictimaiyyətin hüquqlarını, haqlarını kobud şəkildə pozduğunu, xəyanət etdiyini anlayırmı? Birinci Avropa Oyunları ilə əlaqədar dinləmələr keçirməklə Avropa Parlamenti nəyə nail olmaq istədiyini və kimlərin haqlarını qoruduğunu, universal dəyərlərin təbliğinin qarayaxmalarla aparılımasının mümkünsüzlüyünü dərk edirmi? Yüksək səviyyədə təşkil olunan Birinci Avropa Oyunlarına belə laqeyd və qərəzli münasibət Avropada idmanın məhvinə və təşkilatçı ölkələrin imicinə ziyan vurmağa yönəldilən cəhdlərdir və bunu heç cür bağışlamaq olmaz. Sözsüz ki, Şultsun hərəkətləri Avropa Parlamentinin bütün üzvlərinin mövqeyi deyil, Şultsa xidmət edən ayrı-ayrı şəxslərin mövqeyidir. Yenə də mən sonda faşist Şultsla parlament sədri Martin Şultsu müqayisə edirəm. Onların hər ikisinin əməlləri, faşist Şültsun qəddarlığı, sədr Şultsun saxtakarlığı, öz vəzifəsindən sui-istifadə etməsi, riyakarlığı demokratik cəmiyyət, bəşəriyyət üçün qəbuledilməzdir. Görəsən, insanlıq üçün həyatda olmayan alman zabiti Şults təhlükəli idi, yoxsa Avropa Parlamentinin sədri Martin Şults təhlükəlidir? Bunu zaman göstərər və insanlar dəyərləndirməlidir". Deputat Asim Mollazadə qeyd edib ki, son zamanlar Avropa Parlamentində baş verən və buna bənzər hadisələrin arxasında ermənilərin lobbi qrupları dayanır. Azərbaycana qarşı ideoloji müharibə aparılır. Azərbaycan hər zaman Avropa üçün önəmli, Avropaya inteqrasiya, mədəniyyət və idmanla bağlı hər hansı böyük tədbirləri keçirərkən belə hücumlarla üzləşir. Onların insan hüquqları və demokratiya şüarları sadəcə bir bəhanədir: "Məqsəd Azərbaycana təzyiqlər göstərmək, Azərbaycanın imicinə xələl gətirməkdir. Bu da onunla bağlıdır ki, onlar çox gözəl anlayırlar ki, keçmiş SSRİ ərazisində Avropa Birliyi üçün ən önəmli ölkə, ən mühüm layihələri həyata keçirən, Avropanın enerji layihələrinin həyata keçirilməsində böyük rol oynayan ölkə məhz Azərbaycandır. Təbii ki, erməni lobbisi və diasporu çox istəyir ki, bu proses dayansın. Bu proseslər əslində Ermənistanın bir hərbi baza olduğunu Avropa ictimaiyyəti üçün ifşa edə bilər. Ona görə də ermənilər və onların arxasında duran qüvvələr Azərbaycana qarşı bu cür təzyiq vasitələrinə əl atırlar".


Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00