Dövlət başçısının sərəncamı idmançılarımızı daha da ruhlandıracaq
9 İyun 2015 15:28 SiyasətPrezident İlham Əliyev Bakı şəhərində keçirilən I Avropa Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb. Sənədə əsasən Bakı şəhərində keçirilən I Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib. Belə ki, yarışlarda birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat; ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat; üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat müəyyən edilib. Xatırladaq ki, sərəncam Azərbaycan Respublikasının idmançılarını və onların məşqçilərini Bakı şəhərində keçirilən I Avropa Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi daşıyır.
Millət vəkili Eldar İbrahimov bildirirb ki, bu gün Azərbaycanda idmanın inkişafı dövlətin əsas diqqət ayırdığı istiqamətlərdən biridir. Ölkəmizdə gənclərin inkişafına həsr olunan Dövlət proqramlarında, konsepsiyalarda idmanın inkişafı məsələsi prioritet olaraq müəyyənləşdirilir.
Gənclər arasında maarifləndirmə işinin aparılması, onların idmana cəlb olunması bu məsələdə əsas xətt sayılır. E. İbrahimovun dediyinə görə, beynəlxalq təcrübədən bəllidir ki, müəyyən bir sektorun inkişafı o sahənin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması və intellektual, yenilikçi kadr potensialının yetişdirilməsindən asılıdır: "Azərbaycanda da Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər bir bölgəsində müasir idman komplekslərinin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi respublikamızda idmanın inkişafını təmin edib. Bir-birini əvəzləyən beynəlxalq idman yarışları Bakının daha böyük miqyaslı yarışlara ev sahibliyi etmək imkanlarını artırıb. Ölkəmizin birinci Avropa Oyunları kimi möhtəşəm idman yarışına ev sahibliyi etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanırdı. Şübhəsiz, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin çox böyük tarixi uğurudur. Artıq Azərbaycan ilk Avropa Oyunlarına tam hazırdır. Bu mötəbər tədbirə hazırlıq yüksək səviyyədə həyata keçirilib. Artıq bu istiqamətdə bir sıra idman obyektləri tikilib istifadəyə verilib. Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu və digər obyektlər buna sübutdur". Komitə sədri bildirib ki, göründüyü kimi, Azərbaycan özünün sürətli inkişafı sayəsində Avropa Oyunlarına ev sahibliyi etmək hüququ qazanıb: "Bu, Azərbaycanın iqtisadi inkişafının, siyasi sabitliyinin, təhlükəsiz dövlət olmasının, dünyanın aparıcı idman ölkələrindən birinə çevrilməsinin məntiqi nəticəsi, həmçinin, sadalanan uğurların Avropa səviyyəsində etirafıdır. Əminliklə qeyd edə bilərik ki, bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağının, Olimpiya hərəkatının öncül ölkələrindən birinə çevrilməyinin sayəsində bu kontekstdə inkişafın Azərbaycan modeli formalaşdırılıb. Azərbaycan ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək. Bu Oyunlar ərəfəsində ölkəmizə qarşı qərəzli kampaniya aparan qüvvələr də var. Bu qüvvələrin məqsədi ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaqdır. Amma onlar həmişə olduğu kimi, bu dəfə də məqsədlərinə çatmayacaqlar". Millət vəkili İlham Məmmədov qeyd edib ki, ölkəmizdə 10 il ərzində 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbirləri keçirilib. Bu tədbirlərin, o cümlədən, bir çox idman növləri üzrə Dünya çempionatlarının Bakı şəhərində ən yüksək səviyyələrdə təşkil olunması Beynəlxalq Olimpiya ailəsində ölkəmizə tam inam yaradıb. Bununla yanaşı, reallaşdırılan nəhəng infrastruktur layihələri paytaxt Bakını dünyanın ən gözəl şəhərləri sırasına daxil edib. Eyni zamanda, ölkəmizdə nəhəng və müasir idman infrastrukturu yaradılıb. Azərbaycan artıq Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq. Çünki Azərbaycan dövləti idmana və idmanşılara böyük diqqət və qayğı ilə yanaşır. Məhz bunların fonunda birinci Avropa Oyunlarının ölkəmizə etibar edilməsi təsadüfi xarakter daşımır: "Ölkəmiz 24 ilə yaxındır ki, müstəqil dövlətdir və dinamik inkişaf edir. Bu, zaman baxımından çox qısa bir tarix olsa da, həmin zaman kəsiyində tarixdə görünməmiş bir inkişaf yolunu keçmək çox az dövlətlərə məxsus olan bir nailiyyətdir. Təsadüfi deyil ki, gələcək Avropa Oyunlarının standartları məhz Bakıda müəyyənləşəcək. Beləliklə, ilk Avropa Oyunları Azərbaycanın tarixində tamamilə yeni bir səhifə açır. Azərbaycan idmanşıları isə heç şübhəsiz ki, dövlət başçısının sərəncaməndan ruhlanaraq yüksək naliyyətlər əldə edəcəklər. Və bu hadisə Avropanın idman tarixinə qızıl hərflərlə yazılacaq".
Alim