Monako knyazı II Albert Bakıya gələcək

Bakıda, Heydər Əliyev Mərkəzində dünyanın məşhur sərgilərindən olan və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan "Qreys Kelli: şahzadə və stil ikonası" sərgisi açılır. "OLAYLAR"-ın mərkəzə istinadən xəbərə görə, Azərbaycanda ilk dəfə keçiriləcək sərginin rəsmi açılış mərasimi iyunun 12-də olacaq. Sərginin açılışında Monako knyazı II Albert iştirak edəcək. Sərgi tanınmış Hollivud aktrisası və Monako şahzadəsi Qreys Kellinin (1929-1982) həyat yoluna həsr olunub. Eksponatlar Qreys Kellinin kinoaktrisalıq karyerası, eləcə də həyatının Monako knyazı III Renye ilə evləndikdən sonrakı dövrünü əks etdirir. Sərgidə Qreys Kelliyə məxsus libaslar, zinət əşyaları, məktublar, fotoşəkillər və digər maraqlı eksponatlar nümayiş olunacaq. Bakı tamaşaçılarına ümumilikdə 200-dən artıq eksponat təqdim ediləcək. Heydər Əliyev Mərkəzindəki sərgi premyera ilə də yadda qalacaq.

Qeyd edək ki, Qreys Kellinin həyat hekayəsini nəql edən "Qreys Kelli: şahzadə və stil ikonası" adlı sərgi ilk dəfə 2007-ci ildə Monakoda açılıb və onu 135 min tamaşaçı izləyib. Heydər Əliyev Mərkəzində iyunun 13-dən ictimaiyyət üçün açıq olan sərgi noyabrın 1-dək davam edəcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00