Qərb dairələri pozuculuq siyasətini davam etdirir

Avropa İttifaqının Bakı ofisinin və Yunanıstanın Azərbaycandakı səfirinin dezinformasiya xarakterli məktubları aşkarlanıb. Avropa İttifaqının (Aİ) Bakı ofisinin və Yunanıstanın Azərbaycandakı səfirinin Azərbaycana qarşı işbirliyi ortaya çıxıb. APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata əsasən, Yunanıstan prezidenti Prokopis Pavlopulos Bakıda keçiriləcək l Avropa Oyunlarında iştirak etmək qərarından daşınıb. Buna səbəb isə Yunanıstanın Azərbaycandakı səfiri Dimitris Sunqasın bu ölkənin Xarici İşlər Nazirliyinə ötürdüyü dezinformasiya xarakterli məlumatlar olub. Belə ki, səfir mayın 21-də Yunanıstan XİN-ə göndərdiyi məlumatda iddia edib ki, I Avropa Oyunlarının açılışında heç bir dövlət və hökumət başçısı iştirak etməyəcək. Səfir öz iddiasını həm də Avropa İttifaqının Bakı ofisindən səfirliyə daxil olan və guya I Avropa Oyunlarının dünya liderləri tərəfindən "boykot" ediləcəyi haqqında məlumat ilə əsaslandırıb. Səfir məktubunda hətta iddia edib ki, Rusiya və Türkiyə prezidentləri də açılışda iştirak etməyəcəklər. Məhz bundan sonra Yunanıstan hökuməti səfirin yanlış iddiasını əsas tutaraq, açılış mərasimində idman nazirinin müavini Stavros Kontonis səviyyəsində təmsil olunmaq barədə qərar qəbul edib. Diplomatik mənbə onu da bildirib ki, Yunanıstan XİN-i formal olaraq bu qərarını Prezident Prokopis Pavlopulosun mayın 9-da Qələbə günü münasibətilə Moskvada keçirilən hərbi paradda iştirak etməməsi və buna görə də balans saxlamaq zərurəti ilə əsaslandırıb. O da məlum olub ki, son günlər Avropa İttifaqı və onun Bakıdakı ofisi ayrı-ayrı ölkələrin rəhbərliyinə və Azərbaycandakı səfirliklərinə müraciətlər edərək, onları l Avropa Oyunlarının açılış mərasimində iştirakdan çəkindirməyə çalışır.

Millət vəkili Zahid Oruc bildirib ki, artıq İlk Avropa Oyunları hazırlığının son həftəsinə daxil olmuşuq. Görünür, bu dönəmdə Avropa ölkələrinin Azərbaycandakı səfirlikləri arasında bir koordinasiya edilən, vahid mərkəzdən idarə olunan, təşkilatlanmış bir fəaliyyət var. Bu addım sadəcə bir səfirin ölkəsinin rəhbərlərini aldatması hadisəsi kimi təqdim olunmamalıdır: "Təəsüüf ki, bu məsələlərdə Avropa İrrifaqının pozucu əməlləri inkar edilməzdir. Qərb dairələri bu yarışlar üzərindən bölgədə bütün pozuculuq fəaliyyətini həyata keçirmək niyyətindədir. Yəni, Azərbaycandan açıq bir şəkildə qisas alınmaqdadır. Bu qəzəbin də başlıca səbəbini iki ildən artıqdır ki, onların Rusiya ilə savaşında Azərbaycanın öz mənafelərindən çıxış etməsi təşkil edir. Avropa dairələrinə elə gəlirdi ki, biz çox həlledici addımlar atmalı, Rusiya əlehinə müharibədə iştirak etməli, bu ölkənin mövqelərini sarsıtmaq üçün bütün resurslarımızı Qərbə təklif etməli idik. Ən sonda yaxın qonşuluq siyasətində iştirakla bağlı məlum tədbirə Azərbaycanın qatılmaması səbəbindən görünür ki, bu da onların sonuncu aşırımdakı zərbələridir. Mənə elə gəlir ki, biz məsələnin mahiyətini dəqiq adı ilə qiymətləndirməliyik. Bu, birbaşa olaraq Qərbin öz maraqlarına vurduğu zərbələrdir və şübhəsiz ki, bunu gələcək fəsadları da olacaq". Millət vəkili qeyd edib ki, ötən dövrdə iki ölkə arasındakı münasibətlər uğurla inkişaf edib: "Biz hətta ən mühüm transmilli qərarlarımızı Yunanıstandan keçib gedərək formalaşdırmaqda heç bir tərəddüd etmənişik. Hətta qardaş Türkiyənin də bu məsələlərdə bir mərkəz rol oynamasına çalışmışıq. İki ölkə arasındakı məlum konfrantasiyanın buna təsir göstərməməsinə də nail ola bilmişik. Bunları bir kənara ataraq öz ölkəsinin rəhbərinə guya, İlk Avropa Oyunlarında iştirak edəcəyinin Azərbaycanın maraqlarına xidmət edəcəyini görmək və xəyanətkar addımlar atmaq açıq şəkildə dostluq münasibətlərinin xarakterinə uyğun olmayan, diplomatik fəaliyyət normalarına sığmayan addımlardır. Üzdə təbəssüm, arxa planda isə əsil təxribatçılıq, pozuculuq işlərini görüblər". Millət vəkili hesab edir ki, yəqin ki, qarşıdakı günlərdə başqa ölkəlrin də rəhbərlərinin də bu tədbirə qatılmauyacaqları barədə məlumatlar yayacaqlar. Sual olunur, axı biz Afrika qitəsinin yarışlarına hazırlaşmamışıq, hətta bu, Rusiya və İranın dominantlıq təşkil etdiyi bir tədir deyil. Bu halda nə baş verib ki, Avropa Azərbaycanı belə cəzalandırmaq niyyətindədir? Həqiqətənmi bzim ölkəmizdə sülh tədbirləri, normal dostluq yarışları, ümumiyyətlə müharibənkənar işlər görüləndə Avropanı qane etmir? Doğrudanmı, Azərbaycanda silahlı toqquşmalar olmalıdır ki, onlar bir yerı yığışıb bu bölgəyə gəlmək üçün fəaliyyətlər həyata keçirsinlər. Hətta hərbi qüvvələrini də hərəkətə gətirsinlər? Dinc, sabit Azərbaycan onların maraqlarına uyğun deyil? "Bu baxımdan hesab edirəm ki, Azərbaycan insanı bu hadisələrdən bir test kimi isifadə etməlidir. Dostlarımızı və düşmənlərimizi bir daha saf-çürük etməliyik. Qərb öz prinsiplərində nə qədər qeyri-ardıcıl və prinsipsiz olduğunu ortaya qoyur. Avropanın demokratiya sifəti tamamilə açılmış olur. Baxmayaraq ki, bu yarışlar əslində Qərbin daha çox mənafeyinə uyğundur. Çünki bu oyunlar zamanı əsas kultivasiya edilən dəyərlər məhz Avropanın mənafeyi üçündür. İlk Avropa Oyunlari bütövlükdə bu məkanın tədbiridir. Ona görə də bizim ölkəmizin güclənməsindən narahat olmaq lazım deyil. Görəsən, biz Zəngilanın bir kvadratmetrini azad etsək, onda bu ölkələrin səfirləri və onların təmsil etdiyi dövlətlər hansı təxribatlara, qeydi-səmimi addımlara əl atardılar?"
Millət vəkili Aydın Mirzəzadə bildirib ki, Yunanıstanın Azərbaycandakı səfirinin addımı diplomatik normalara uyğun gəlməyən bir addımdır. A.Mirzəzadə əlavə edib ki, ümumiyyətlə, istənilən səfirin vəzifəsi öz ölkəsi ilə nümayəndə təyin olunduğu ölkə arasında dostluq münasibətlərini yaratmaq və münasibətlərin daha da genişlənməsinə kömək etməkdir: "İyunun 12-də açılışı keçiriləcək ilk Avropa Oyunları - möhtəşəm idman festivalı da Azərbaycanın tədbiri deyil, əslində, Avropanın tədbiridir. Tarixdə ilk dəfə olaraq Avropa Oyunları keçirilir və həmin Oyunlar Azərbaycandan daha çox Avropaya lazımdır. Bu baxımdan, bəzi ölkə nümayəndələrinin Avropa Oyunlarına siyasi prizmadan yanaşması, bunu sırf Azərbaycandaxili bir iş kimi qəbul etməsi, sadəcə, başadüşülən deyil. Hesab edirəm ki, burada da diplomatik yanaşmadan daha çox, siyasi yanaşma var. Avropadakı bəzi anti-Azərbaycan dairələri buraya müəyyən ölkələri də cəlb edə biliblər. Amma nə etmələrindən asılı olmayaraq, Avropa Oyunları yüksək səviyyədə keçiriləcək, o cümlədən, dünyanın diqqət mərkəzində olacaq. Bu Oyunlara idman yarışı, dostluq-qardaşlıq yarışı kimi baxan ölkələrin rəhbərləri yarışları izləmək üçün Azərbaycana gələcəklər və Azərbaycan da öz üzərinə düşən bu yüksək missiyanı yerinə yetirəcək".


Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00