Prezidentin köməkçisi KİV rəhbərləri ilə görüşdü
Əli Həsənov: “Sosial şəbəkələrdə təhqiramiz hallara yol verənlər öz mahiyyətlərini ortaya qoyur”
5 İyun 2015 16:01 Siyasətİyunun 4-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü keçirilib. Prezident İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 140 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamdan irəli gələn məsələlərin həlli, bu məqsədlə müəyyən tədbirlər planının hazırlanmasına həsr olunmuş görüşdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov əvvəlcə diqqəti bir neçə gün sonra ölkəmizdə baş tutacaq Birinci Avropa Oyunlarına yönəldib. Bildirib ki, mətbuat bu kampaniyanı peşəkarlıqla işıqlandırıb. Əli Həsənov buna görə media rəhbərlərinə təşəkkür edib. Prezidentin köməkçisi bildirib ki, ilk Avropa Oyunlarının keçirilməsi Azərbaycan tarixinə yazılacaq hadisədir: "Kimin necə münasibət bəsləməsindən asılı olmayaraq, bu, Azərbaycanın tarixinə yazılacaq bir hadisədir. BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz kimi, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də tarixi hadisədir".
Əli Həsənov deyib ki, I Avropa Oyunları Azərbaycanın böyük uğurudur: "Bəziləri heç Azərbaycanı Avropa dövləti kimi tanımaq istəmir. İslamafobiya xəstəliyinə tutulan bəzi avropalılar müsəlman dövlətinin yüksəlişinə ciddi bir faciə kimi baxırlar, müsəlman xalqlarının dinamik inkişafından ciddi əndişə keçirirlər. Biz belələrinə qarşı nümunə göstərməliyik. Azərbaycan kimi müsəlman dövlətləri heç də sizin ən nümunəvi, digər dinlərə sitayiş edən dövlətlərinizdən geri qalmır. Azərbaycanın ortaya qoyduğu nümunə ilə Qərbin ortaya qoyduğu nümunənin heç bir fərqi yoxdur". Daha sonra diqqəti Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan mətbuatının 140 illiyinin keçirilməsi ilə bağlı sərəncama yönəldən Əli Həsənov deyib ki, dövlət başçısının sərəncamına əsasən Tədbirlər Planının hazırlanması nəzərdə tutulub: "Ona görə də Tədbirlər Planını KİV rəhbərləri ilə müzakirə etməyi zəruri saydıq". Əli Həsənov deyib ki, müzakirələr nəticəsində irəli sürülən təkliflər nəticəsində qəbul olunacaq Tədbirlər Planı ilə bağlı tövsiyələr Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə təqdim ediləcək.
***
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, dövlət başçısının Milli Mətbuatın 140 illiyinin keçirilməsi ilə bağlı sərəncamında mətbuatımızın 140 illiyinə baxış var. Bildirib ki, sərəncamda mətbuatın indiki və gələcək durumu, demokratik proseslərdə rolu önə çəkilir: "Bu, mətbuatımıza çox böyük qayğıdır. Bildiyimiz kimi bu ənənə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda isə prezidentin sərəncamına uyğun olaraq mətbuatın 140 illiyinə hazırlaşırıq. Ümumiyyətlə, mətbuatın 130, 135 illiyi və 140 illiyi ilə bağlı verilən sərəncamlar mətbuatın bayramına çevrilir. Qeyd edim ki, mətbuatımızın 130 illiyi ilə bağlı sərəncamla "Əməkdar jurnalist" və digər fəxri adlar bərpa olundu. Ötən illər ərzində dövlət başçısının sərəncamı əsasında yüzlərlə mətbuat işçisi müxtəlif fəxri adlara layiq görülüb". Əflatun Amaşov deyib ki, dövlət başçısının mətbuatın 140 illiyinin qeyd edilməsi ilə bağlı sərəncamından keçən müddət ərzində Mətbuat Şurasına fəxri ad almaqla bağlı çoxsaylı müraciətlər daxil olub. Belə getsə iyulun 22-nə qədər Mətbuat Şurasına daxil olan müraciətlərin sayı 1000-ə çatacaq". Əflatun Amaşov 40-50 il bu sahədə çalışan, lakin ad almaq üçün müraciət etməkdən çəkinən qocaman mətbuat işçilərinin da tapılıb üzə çıxarılmalı olduğunu söyləyib: "Eləcə də müxtəlif qurumların mətbuat xidmətlərində çalışanlar var ki, onların da bu sahədə müəyyən fəaliyyətləri olub".
Əflatun Amaşov çıxışında Avropa Oyunlarına da toxunub. Bildirib ki, bu oyunlara qarşı çıxanlara, ona kölgə salmaq istəyənlərə sağlam mətbuat öz layiqli cavabını verir: "Azərbaycan jurnalistikası Birinci Avropa Oyunlarının ayrı-ayrı məqamlarının tarixdə qalması üçün fəaliyyət göstərir və bundan sonra da göstərəcək. Yazılı mətbuatda, eləcə də informasiya agentliklərində bu sahədə hansısa problem yoxdur. Ancaq sosial şəbəkələrdə problemlərə rast gəlinir. Məsələn, sosial şəbəkədə profili açılıb, orada Vahid Mustafayevi, məni, Arif Alışanovu, Bəxtiyar Sadıxovu və digərlərini ittiham edirlər ki, guya hakimiyyət bizi ömürlük icarəyə götürüb. Azərbaycan "Facebook" və digər sosial şəbəkələrin rəhbərləri ilə danışıqlar aparmalı, belə profillər bağlanmalıdır. İnsanların ailələri, qohumları var, belə məqamlara yol vermək olmaz".
Əli Həsənov isə belə hallara fikir verməməyi tövsiyə edib: "Belə hallara fikir verməyin. Adətən insanların zəruri ehtiyaclarını ödəmək üçün yerlər olur. Hər gün çoxlu sayda insan ora girir. Ancaq heç kimin ordan çıxandan sonra yaddaşında qalmır ki, ora nə yer idi. Ona görə də hesab edin ki, o yerlərdən biridir. Doğurdan da eyibdir. Bunları idarə edən Qərb dövlətlərində öz liderləri ilə bağlı belə saytlara, profillərə rast gələrsiniz?. Amerika, Qərbin aparıcı dövlətləri ilə bağlı bir dənə belə sayta rast gəlinsə, o zaman mən Azərbaycanı söz azadlığının səviyyəsinə görə yüzüncü yerə qoyan təşkilatlara Azərbaycanın ali orden-medalının verilməsi tövsiyyəsini irəli sürərəm. Əgər doğrudan da Qərbin təlqin ediyi demokratiya budursa, biz, Azərbaycan xalqı olaraq belə demokratiyanın tərəfdarı deyilik. Onlar özlərinə rəva görmədiklərini digər dövlətlərə, xalqlara rəva görürlər. Onların dediyini həyata keçirməyənlərə qarşı da özlərinin "5-ci kolon" rolunu oynayan qeyri-hökumət təşkilatları vasitəsi ilə antikampaniya aparırlar. İkili standartlar haqqında danışırıq, amma çox təəssüflər olsun ki, danışıqlarımız beynəlxalq ictimai rəyi formalaşdıran "təşkilatlar" tərəfindən nəzərə alınmır". Böyük Britaniya kral ailəsi ilə məhkəmə çəkişməsində uduzan "Guardian" qəzetinə kral ailəsi haqqında yazı yazmaq qadağan olunub. Təsəvvür edin ki, Azərbaycanda hansısa media orqanına prezident və ailəsi haqqında yazmaq qadağan olunsa, nə baş verərdi, bu, necə qiymətləndirilərdi? BMT-nin İnsan hüquqları üzrə nümayəndəsini, ATƏT rəsmilərini belə Azərbaycana qarşı ikili standartlarla çıxış etməyə vadar edirlər. Qərbin demokratiyası budursa, bizə belə demokratiya lazım deyil. Azərbaycanda sağlam jurnalistika həmişə belələrinə qarşı olub və olacaq. Sosial şəbəkələrdə təhqiramiz hallara yol verənlər öz mahiyyətlərini ortaya qoyur".
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli mətbuatın 140 illiyi ilə bağlı tədbirlərin Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi ilə bağlı Zərdab rayonundan başlayacağını nəzərə çatdırıb. O, digər regionlarda da yubiley tədbirlərinin keçiriləcəyini deyib. Birinci Avropa Oyunları ilə bağlı Milli Olimpiya Komitəsi ilə birgə jurnalist müsabiqəsinin keçirildiyini söyləyən Vüqar Səfərli artıq müsabiqənin başa çatdığını və qaliblərin yaxın günlərdə mükafatlandırılacağını söyləyib. Azərbaycanda mətbuata dəstək istiqamətində görülən işlərdən, Fond tərəfindən qəzetlərə ayrılan yardımlardan söz açan Vüqar Səfərli bundan sonra da bu istiqamətdə yardımların davam etdiriləcəyini bildirib.
Əli Həsənov isə bildirib ki, yubiley tədbirlərinin keçiriləcəyi bölgələr müəyyənləşdirilməlidir: "Jurnalistlərin mükafatlandırılması məsələsi də kifayət qədər mürəkkəbdir. Orden və medallarla bağlı standartlar var. Jurnalist ən azı 10 il səmərəli fəaliyyət göstərməlidir ki, ona "Tərəqqi" medalı verilsin. Jurnalistlərə ev verilərkən də layiqli olanları seçməyə çalışdıq. Redaksiyalara da müəyyən səlahiyyətlər verməliyik ki, mükafatlandırma ilə bağlı təkliflər versinlər. Dövlət başçısı mütəmadi olaraq xidmətlərinə görə jurnalistləri mükafatlandırır, ancaq yubileylər dövründə bu siyahı geniş olur". Əli Həsənov bölgələrdə tədbirlərin keçirilməsi, Bakı Dövlət Universitetində elmi-praktiki konfrans təşkil olunmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı mətbuatın 140 illiyi ilə bağlı tədbirlərin Tbilisi və İstanbulda keçirilməsini təklif edib. Əli Həsənov təklifin müsbət olduğunu söyləyib: "Bu təklif qəbul oluna bilər. İlk mətbuat nümunələrimiz Tbilisidə nəşr olunub, İstanbulda mühacir ədəbiyyatımız işıq üzü görüb. Bu təkliflər imkan daxilində nəzərə alına bilər". Mətbuat Şurasının İdarə Heyətinin üzvü Şamil Vəliyev Mətbuat Muzeyinin yaradılmasını təklif edib. Əli Həsənov təklifi müsbət dəyərləndirib və medianın 140 illik yubileyinə xüsusi diqqət yetiriləcəyini bildirib: "Hər bir xalq dünyada məşhur nümayəndələri, uğurları ilə tanınır. Şərqdə ilk dəfə qadınla kişiyə seçki hüququnun verilməsi Azərbaycanın brendidir, bunu dünyaya çatdırmalıyıq. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi, Birinci Avropa Oyunlarının keçirilməsi bizim uğurumuzdur. Bəziləri müsəlman ölkəsi olan Azərbaycanın uğurlarından əndişə keçirir. Biz nəzərə çatdırmallyıq ki, Azərbaycan uğurları ilə Qərb dövlətlərindən geri qalmır. Biz dünyaya çatdırmalıyıq ki, Azərbaycan mediasının durumu subyektiv mülahizə ilə çıxış edən "komissarlar"ın, "sərhədsizlər"in göstərdiyi kimi deyil". Müzakirələr zamanı KİV rəhbərləri mətbuatın 140 illiyi ilə bağlı bir sıra təkliflər də səsləndiriblər.
Süleyman İsmayılbəyli